.jpg)
Aşıq sənətinin, sazın bəzi telekanallar tərəfindən aşağılanması, mənfi istiqamətdə təqdim edilməsi ənənəsi davam etdirilir. Məlumdur ki, istənilən aşıq qonaq qismində telekanallara dəvət edilirsə, aparıcı tez-tez sözünü kəsib, vaxt qıtlığını ona xatırladır.
Halbuki, həmin verilişlərdə bir şou nümayəndəsinin dırnaq boyasının müzakirəsinə bir saatdan artıq vaxt ayrılır. Elə telekanallar var ki, onlar aşıq sənətini lağ, məsxərə predmetinə çevirib, onu gözdən salmağa çalışıb.
Ötən həftənin cümə günü ustad aşıqlar Mahmud Məmmədov və Ədalət Nəsibov ANS telekanalının "Günəbaxan" verilişində çıxış edirdi. Bir qrup sazsevər, Ədalət sənətinin vurğunları redaksiyamızla əlaqə saxlayaraq proqramın aparıcısı Turan İbrahimovun Ə.Nəsibova, eləcə də aşıqsevərlərə böyük hörmətsizlik elədiyini bildirdi. Söhbətin nədən getdiyini onlardan soruşduqda tamaşaçılar bildirdilər ki, aşıq Ədalət və aşıq Mahmud sözügedən proqramda deyişdikdən sonra Turan İbrahimov aşıq Ədalətə deyib ki, aşıq, tamaşaçılar "Ədalət "Yanıq Kərəmi" çalmalıdır" deyib telefonları dağıdır. Aşıq Ədalət isə öz növbəsində aparıcıya "mən bu havanı o qədər çalmışam ki, artıq yorulmuşam. İndi gitarada da, qarmonda da hamı "Yanıq Kərəmi" çalır. Amma hamı bilir ki, "Yanıq Kərəmi"ni mən fəth eləmişəm. Bu havanı həmişə çalırıq. Başqa hava çalaq"-deyə etiraz eləmək istəsə də, Turan ustad aşığı bu havanı çalmağa məcbur edib. Aşıq Ədalət isə "tamaşaçılar tələb edirsə mən nəkarəyəm" deyib, "Yanıq Kərəmi" havasını ifa etməyə başlayıb. Lakin ustad havanın girişinə yenicə daxil olubmuş ki, ANS-in efirində reklamlar görünüb. Bu da canlı yayımda aşıq Ədalətin canlı ifasına tamaşaçıların həsrət qalmasına səbəb olub. Bunu həm özlərinə, həm saza, həm də Ədalət kimi böyük ustada hörmətsizlik sayan sazsevərlər bizimlə söhbətlərində bildirdilər ki, guya Turan "həftənin birinci günü aşıq Ədalətin "Yanıq Kərəmi"sinin lent yazısını tamaşaçılara təqdim edəcəyik" deyib.
Tamaşaçıların fikrincə, Azərbaycan Aşıqlar Birliyi Ədalət Nəsibovun ifasına qarşı edilən bu hörmətsizliyə görə ANS telekanalına etiraz məktubu ünvanlamalıdır ki, onlar efirə aşıq dəvət edəndə bir də belə tərbiyəsiz hərəkətlərə yol verməsin.
Əldə elədiyimiz xəbərə görə isə, aşıq Ədalət Nəsibov Turan İbrahimovun bu hərəkətinə etiraz əlaməti olaraq onun bu lent, yazısını efirə verməsinə qadağa qoyub.
T.İbrahimov "Yanıq Kərəmi"nin lent yazısının bu gün efirə gedəcəyinə dair tamaşaçılara söz vermişdi...