.jpg)
Cəmiyyətimizdə sənətə və sənətkara münasibət əvvəlki kimi deyil. Bir vaxtlar hər bir sənət adamı-yazıçı, şair, aktyor, müğənni, bəstəkar, ictimai və siyasi xadimlərlə görüş, onlarla bir məclisdə olmaq, fikir mübadiləsi aparmaq böyük fəxr sayılardı. İnsanlar bunu özünə şərəf bilərdi.
İstənilən məşhur adam küçədə belə gedəndə insanlar ona yaxınlaşır, ondan birlikdə şəkil çəkdirməyi xahiş edir, avtoqraf alırdılar. İndi isə əksinədir. Tamaşaçılar, oxucular ən populyar bir yazıçını görəndə də ona elə də istiliklə yanaşmır, özünü elə aparır ki, guya o yazıçını, müğənnini, sənətçini görmür.
Azərbaycanda tamaşaçılar sənət adamlarından da əvvəlki qaydada avtoqraf tələb eləmir. Vaxt vardı ki, bir populyar şəxsin hansısa bir məkanda görünməsi böyük hadisəyə çevrilərdi. Sadə vətəndaşlar, xüsusən də gənclər ona yaxınlaşıb avtoqraf alırdı. Məlumatlara görə, indi sənət adamlarından çox nadir hallarda avtoqraf alırlar. Məsələ burasındadır ki, artıq aktyor və aktrisalar, yazıçılar bu reallığı qəbul eləsələr də, bəzi şou müğənniləri bunu yaxına qoymaq istəmir. Belə ki, onlar özlərinə yalançı fanat ordusu yaradıb, onlara avtoqraf paylayır. Guya ki, tamaşaçılar onların verdiyi avtoqrafa, qoyduğu imzaya həsrət qalıb.
Azərbaycanda bu ənənə sıradan çıxsa da, dünyada hələ də populyardır. İndi "Hollivud" ulduzları da, digərləri də avtoqraf verməkdə davam edir. Bəzilərinin düşüncəsinə
görə, hansısa bir məşhurdan avtoqraf tələb olunursa, bu o deməkdir ki, ona tamaşaçıların ehtiyacı var.
Akademik Opera və Balet Teatrının solisti, əməkdar artist, gənc xanəndə Təyyar Bayramov bizimlə söhbətində bildirdi ki, xalq artistləri Aygün Bayramova, Ağaxan Abdullayev, İlkin Əhmədov, Gülay Qədirova və o özü ayın 20-də Naxçıvanda böyük bir konsert proqramı ilə çıxış edib. Naxçıvan səfərində onlar 50-dən artıq avtoqraf verib":Tamaşaçılar, təbii ki, hər yerdə müğənnidən avtoqraf tələb eləmir. Amma elə yer var ki, orada xalq musiqisinə hörmət böyükdür və tamaşaçılar xanəndələrdən avtoqraf istəyir. Biz xeyli sayda avtoqraf verdik. Ola bilsin, şou müğənnilərinin pərəstişkarları daha artıq olduğundan, onlardan avtoqraf istəyənlər çox olsun".
Xalq artisti Arif Quliyev isə bildirdi ki, əvvəlki illərlə müqayisədə avtoqraf istəyən tamaşaçıların sayı azalıb, buna baxmayaraq, bir çox hallarda o özü avtoqraf verir.
Müğənni Nüşabə Ələsgərli də toylarda, məclislərdə, səfərlərdə tamaşaçıların ondan avtoqraf istədiyini dedi.
Müğənni Əli Mirəliyevin sözlərinə görə isə, indi tamaşaçıları başqa şeylər maraqlandırdığından, onlar sənətçilərdən avtoqraf tələb eləmir.
Hansısa bir tamaşaçı sənətçidən avtoqraf almaq istəyəndə gözü qarşısına o müğənninin televiziya kanallarında yol verdiyi biabırçı hərəkətlər gəlir.
Sənətkarların isə bəziləri hesab edir ki, tamaşaçıların, oxucuların incəsənət adamlarından, siyasətçilərdən, ictimai xadimlərdən avtoqraf istəməməsinin başlıca səbəbi artıq bu insanların onlar üçün əlçatmaz olmamasıdır. Onların fikrincə, tamaşaçı öz toy məclisində istədiyi müğənnini görə bilirsə, onun şit hərəkətlərinin şahidi olursa, yaxud hansısa bir tanınmış şair məclisdə tamadalıq edirsə, təbii ki, tamaşaçı o adama "mənə avtoqraf verin" deyə müraciət etməyəcək.
Hələ də xarici müğənni, aktyor və yazarlardan oxucu və tamaşaçıların avtoqraf tələb eləməsinə gəlincə, sənətkarlar deyir ki, onlar özlərini heç zaman cəmiyyətə aşağı səviyyədə təqdim etməyib, bu səbəbdən də tamaşaçılar onlara əlçatmaz varlıqlar kimi baxır. Sənətkarlara görə, vaxtilə Azərbaycanda da əlçatmaz sayılan sənətkarlar, müğənnilər, yazıçılar çox olub. İndi isə, təəssüf ki, sənətçilər, xüsusən də şou müğənniləri bayağı, şit davranışları ilə özlərini gözdən salıb. Bu da tamaşaçılardan ötrü onların avtoqrafının əhəmiyyətsiz nəsnəyə çevrilməsinə gətirib çıxarıb.