.jpg)
Azərbaycan Premyer Liqasının dünən yekun vurulan təsnifat mərhələsindən sonra ölkə futbolunun flaqmanı hesab edilən "Neftçi" klubunun baş məşqçisi Vaqif Sadıqov istefaya göndərilib.
Fanat.az-ın kluba yaxın mənbələrdən əldə etdiyi məlumata görə, istefaya səbəb komandanın dünən turun əsas qarşılaşmasında "İnter"ə məğlub olmasıdır. Məlumata görə, qərar oyundan sonra baş məşqçi ilə klubun prezidenti Sadıq Sadıqov arasında baş tutan görüşdə qəbul olunub. Baş məşqçi oyundan sonra futbolçularla görüşərək vidalaşıb.
Fanat.az-a daxil olan son məlumatlara görə, klub rəhbərliyi artıq "Turan"ın sabiq baş məşqçisi, türkiyəli mütəxəssis Naci Şensoyla danışıqlar aparır.
Klubun mətbuat xidməti Fanat.az-a açıqlamasında Vaqif sadıqovun istefası xəbərini təsdiqləsə də, hər hansı mütəxəssislə danışıqların getdiyini təkzib edib. Mətbuat xidməti yeni baş məşqçinin kim olması ilə bağlı hələ konkret variantın olmadığını deyib.
"Neftçi"dən istefa verməyim haqqında yayılan xəbərlər doğrudur. Bu gün (dünən) "İnter"lə qarşılaşmadan sonra istefa ərizəmi yazdım. Hesab edirəm ki, istefam klub rəhbərliyi tərəfindən də qəbul olundu". Qol.Az-ın müxbirilə söhbətində bu sözləri "Neftçi" klubundan istefa verən baş məşqçi Vaqif Sadıqov deyib. Sadıqov istefasının səbəblərini belə izah edib: "Əslində klub rəhbərliyi ilə aramda heç bir problem yoxdur. Hesab edirəm ki, bu qərarım "Neftçi"nin xeyrinə atılmış addımdır. Son dörd ayda həddindən artıq çox yoruldum. Artıq hiss eləyirdim ki, "Neftçi"ni çempion edə bilməyəcəm. Bu səbəbdən komandanı vaxtında təslim etmək qərarına gəldim. Bugünkü oyunun da qərarıma istər-istəməz təsiri oldu. Qış fasiləsində etdiyimiz transferlər özlərini doğrultmadılar. Klubdan ayrılsam belə, hər zaman qəlbim "Neftçi" ilə döyünəcək".
Təcrübəli mütəxəssis bundan sonrakı gələcək fəaliyyəti barəsində də danışıb: "Bu dəqiqə heç bir şey haqqında düşünmək istəmirəm. Gələcəkdə nə olacaq bunu zaman göstərəcək. Hazırda mənə güclü istirahət lazımdır".