Türkiyə Sürix protokollarına görə "İncirlik" hərbi bazasını ABŞ-dan geri ala bilər
.jpg)
Məlum olduğu kimi, Türkiyə və Ermənistan arasında imzalanan Sürix protokolları sonda Ankara ilə ABŞ-ın müəyyən ziddiyyətlər yaşamasına səbəb olub. Buna əsas səbəb isə Vaşinqtonun, heç bir ilkin şərt irəli sürmədən, Ankaradan Sürix protokollarını təsdiq etməyi istəməsidir.
Məsələyə diqqət yetirən Britaniyanın "Economist" jurnalı isə bir sıra maraqlı məqamlara toxunub və ABŞ-ın Türkiyədəki hərbi bazası olan "İncirliy"in Sürix prtokollarının qurbanı ola biləcəyini vurğulayıb. Bununla bağlı jurnal yazır: "Türkiyə hökuməti Ermənistanla ötən ilin oktyabr ayında sövdələşmə imzalayanda, düşünmək olardı ki, qonşularla "sıfır problemlər" siyasəti öz bəhrəsini verib. Çünki köhnə düşmənlər münasibətlər qurmaq və sərhədi açmaq barədə razılığa gəlmişdilər.
Türkiyə Ermənistanla sərhədini 1993-cü ildə-Ermənistanla o zaman Dağlıq Qarabağa görə müharibə vəziyyətində olan Azərbaycanla həmrəylik nümayişi kimi bağlamışdı. İndi isə münasibətlərin bərpa olunması üçün əldə edilən sövdələşməyə əsasən, 2 ölkə tarixçilərindən ibarət birgə komissyanın yaradılması nəzərdə tutulurdu. Həmin komissiya Osmanlı dövründə ermənilərin kütləvi qırğını barədə hadisələrə aydınlıq gətirməliydi. Lakin köhnə düşmənçilik asanlıqla yox olmur.
Sövdələşmə əldə edildiyinin səhəri gün Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bəyan etdi ki, razılıq Ermənistan Dağlıq Qarabağdan çəkilməyənə qədər reallaşmayacaq. İndi isə Türkiyə yenidən qəzəblənib. Ermənistan Konstitusiya məhkəməsi bu yaxınlarda Sürix protokollarını o şərtlə təsdiqlədi ki, bu sənəd dövlətin əsasını təşkil edən prinsiplərə zidd olmasın. Belə prinsiplərdən biri isə 1915-ci il soyqırımıdır. Türkiyə bu qərara yenidən baxılmasını tələb edib. İndi çoxları hesab edir ki, Türkiyə hökuməti 2 daş arasında qalıb - milliyyətçilər ilə Azərbaycan arasında. Və Ermənistan Konstitusiya məhkəməsinin qərarından bir bəhanə kimi istifadə edir. Ermənistanda isə protokollar təsdiq üçün parlamentə göndərilib.
Hazırda Türkiyə təcrid olunmuş kimi görünür. Belə ki, Türkiyənin ən mühüm müttəfiqi və Sürix sazişinin ən vacib tərəfdarı olan Amerika yaranmış vəziyyətdə Ermənistanın tərəfini tutub. Rusiya isə iddia edir ki, Türkiyə-Ermənistan münasibətləri Dağlıq Qarabağa bağlanmamalıdır. Bu yanaşmanı Vaşinqton da bölüşür. Sövdələşməyə Ermənistanın özündə də yekdil dəstək verilmir. Millətçilər hökumətin Türkiyə sərhədini tanımasından narazıdır. Onlar Türkiyənin şərq hissəsinin Ermənilərin "tarixi vətəni" olduğunu iddia edir. Prezident Serj Sarkisyan bildirib ki, ratifikasiya Türkiyə parlamentində protokollar təsdiqlənəndən sonra ediləcək. Amerika hadisələrin inkişafını diqqətlə izləməkdədir. Sövdələşmənin təsdiqlənməsi baş tutmasa, Konqresin 1915-ci il hadisələrini söyqırım kimi tanımaq üçün əl-qolu açılacaq. Bu isə, öz növbəsində, Türkiyədə Amerika əleyhinə hissləri coşdura bilər. Nəticədə Türkiyə cavab addımı ata bilər. Bu cür variantlardan biri "İncirlik" hərbi bazasından amerikalıları çıxarmaqdır. Ümidverici məqam ondadır ki, sıravi türklər və ermənilər, öz rəhbərlərinə fikir verməyərək, özləri bildikləri kimi dostluq əlaqələri qurmaqdadır. Türkiyənin özəl Su TV kanalı bu yaxınlarda erməni dilində yeni xəbər proqramının buraxılışına başlayıb. İki ölkə arasında biznes əlaqələri isə, sərhədin bağlı qalmasına rəsmən, gündən-günə Gürcüstan vasitəsilə inkişaf etməkdədir".
Fransanın nüfuzlu mətbu orqanlarından olan "Le Monde" isə yazır ki, Ermənistan-Türkiyə protokollarının imzalanmasından dörd ay keçmiş iki ölkə münasibətlərinin normallaşması ləngiyir: "Nə Ermənistan parlamenti, nə də Türkiyə Böyük Millət Məclisində beynəlxalq diplomatların "tarixi" adlandırdığı sənəd ratifikasiya olunub. Ermənistan deyir ki, Türkiyə bununla bağlı fikrini bildirməyincə, sənəd ratifikasiya olunmayacaq.
Protokolların imzalanması ilə bağlı vəcdə gəlmək vaxtı keçib və danışıqlar da "qarşılıqlı məyusluq" mərhələsinə düşüb. Rusiya ilə ABŞ Türkiyə -Ermənistan prosesini sürətləndirməyə çağırır. Qüdrətli dövlətlər 2008-ci ilin yayında Gürcüstanda böhran nəticəsində bölgədə yaranmış qeyri-sabitlikdən sonra Cənubi Qafqazda yeni partlayış təhlükəsini aradan qaldırmaq istəyir. Lakin 16 ildir dondurulmuş vəziyyətdə olan Qarabağ münaqişəsi bölgədə sülh prosesini əngəlləyir.
Rusiya, ABŞ və Fransanın Minsk Qrupu xəttilə səylərinə baxmayaraq, danışıqlarda heç bir irəliləyiş müşahidə olunmur. Azərbaycan Türkiyənin ənənəvi müttəfiqi və təbii qazın əsas təchizatçısıdır. Ermənistanda bununla əlaqədar ehtiyatlılıq artır, Türkiyənin səmimiyyəti isə şübhə altına alınır.
2009-cu ildə imzalanmış protokollar keçmişin qaranlıq səhifələrini "elmi və obyektiv surətdə öyrənən tarixi komissiyanın" yaradılmasını nəzərdə tutur. Lakin ermənilər çox vaxt belə vəziyyəti 1915-ci illə bağlı gerçəkliyi "susdurmaq" istəyən Türkiyənin hiyləsi hesab edir.
Fevralın 11-də Ermənistanın Konstitusiya məhkəməsi protokolların qanuna uyğunluğunu təsdiqlədi, lakin o, Ermənistanın "Osmanlı Türkiyəsində " 1915-ci ildə ermənilərin "soyqırımının beynəlxalq tanınması" uğrunda çıxış edən öz Konstitusiyasının əleyhinə gedə bilməyəcəyini xatırladır. Türkiyə hesab edir ki, bu cür tarixi qeydetmə "qeyri-məqbuldur". Bu fonda hər il aprelin 24-ü yaxınlaşdıqca, Ankaranı ABŞ-dakı erməni lobbisi həyəcanlandırır: o, qorxur ki, olaylar rəsmi olaraq soyqırım kimi tanına bilər".
Onu da qeyd edək ki, artıq Ermənistan parlamentinin xarici əlaqələr komissiyasında Sürix protokollarına dair ilk müzakirələr keçirilib. Komissiyanın sədri Armen Rustamyan sənədin fevralın 22-də parlamentin gündəliyinə daxil ediləcəyini bildirib. Məsələ ilə bağlı bütün fraksiyaların nümayəndələrindən ibarət işçi qrupun yaradılması barədə də qərar qəbul edilib. Qrup fevralın 22-dək sənədlərin dəqiq müzakirə prosedurunu hazırlamalıdr. Bundan başqa, protokolların bütün komissiyalarda müzakirəyə çıxarılması da nəzərdə tutulur.
Məsələ ətrafında Armen Rustamyan prezident Serj Sarkisyanı London nitqində protokolların Ermənistan parlamenti tərəfindən təsdiqlənəcəyinə zəmanət verdiyinə görə də tənqid edib. Bu, parlamentin xarici əlaqələr komissiyası sədrinin sözlərinə görə, parlament çoxluğuna göstəriş vermək deməkdir: "Hesab edirəm ki, bu, ölkəmizin nüfuzunun artmasına xidmət etmir. Qanunverici orqanda proseslərə qarantiya vermək nə deməkdir? Bir halda ki, prezident öz vəzifə borcuna görə Konstitusiya üzrə parlamentin normal iş prosesinin qarantı olmalıdır. Bu isə o deməkdir ki, əslində, prezident parlament çoxluğuna parlament daxilində necə səs verməsinə dair göstəriş verir".
Maraqlıdır ki, prezident Sarkisyan Ermənistan tərəfinin protokolları Türkiyədən sonra ratifikasiya edəcəyini bildirir, onun partiyadaşları isə son günlər öz müsahibələrində protokolların Türkiyədən qabaq təsdiqlənəcəyi ehtimalını istisna etmir. Armen Rustamyan hesab edir ki, bu fakt Ermənistan hakimiyyətinin məsələ ilə bağlı konkret konsepsiyasının olmamasından xəbər verir. Və iqtidar, şəraitdən asılı olaraq, təsadüfi addımlar atır.
Protokolların tez təsdiqlənməsi, Ermənistan parlamentinin xarici əlaqələr komissiyası sədrinin sözlərinə görə, təslim olmaq və Türkiyənin şıltaqlığından asılı vəziyyətə düşmək deməkdir. Ermənistan rəhbərliyinin Türkiyə tərəfinin protokolları tez imzalamasını istəməsinin səbəbini isə Armen Rustamyan iki prosesin - Qarabağ münaqişəsinin həlli və Ermənistan-Türkiyə tənzimlənməsinin bir-birilə bağlı olması ilə izah edir: "Ermənistan istəyir ki, Türkiyə ilə sərhəd Qarabağ məsələsində istənilən irəliləyişdən daha tez açılsın. Türkiyə isə, əksinə, əvvəlcə Qarabağ məsələsinin həllində tərəqqiyə çatmaq, sonra Ermənistanla münasibətləri sahmana salmaq istəyir. Təbii sual ortaya çıxır. Sərhəd Qarabağ məsələsinin həllilə açılmalı idisə, bu protokolların mənası nədir? Bütün bundan Ermənistan nə əldə etdi? hazırda, Armen Rustamyanın sözlərinə görə, Ermənistanla Türkiyə arasında yarış gedir və Türkiyə istədiyinə nail olsa, demək olar ki, Ermənistan bütün məsələlərdə güzəşt edib.