.jpg)
Ermənistan Silahlı Qüvvələri dünən günorta saatlarından başlayaraq Azərbaycan Ordusunun bir neçə istiqamətdə mövqelərini atəşə tutmağa başlayıb.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Tərtər rayonunun Borsunlu, Qapanlı, Goranboyun Tapqaraqoyunlu, Ağdamın keçmiş Gülçülük sovxozu adlanan istiqamətində atışma davam edir.
Ermənilərin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri Sahil Məmmədovun yaralandığı bildirilir. Məlumata görə, yaralanan əsgər hərbi hospitala yerləşdirilib.
Dünən Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonu istiqamətində atəşkəs pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri Fərəcov Xəyal Bəşər oğlu şəhid olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Fərəcov Xəyal Bəşər oğlu hərbi hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ermənilərin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəsi pozması nəticəsində yaralanmış əsgər Sahil Novruz oğlu Məmmədov da dünən dünyasını dəyişib.
APA-nın Qarabağ bürosunun digər məlumatına görə, Beyləqan istiqamətində ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun daha 4 əsgəri yaralanıb. Cümə axşamı qoşunların təmas xəttində atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycan Ordusunun 3 hərbi qulluqçusu həlak olub, ikisi isə yaralanıb. Bu barədə isə hərbi mənbə Trend News-a məlumat verib. Azərbaycanın Müdafiə Nazirliyindən məlumat almaq mümkün olmayıb.
Azərbaycan Ordusunun şəhid olan daha bir əsgərinin adı dəqiqləşib. APA-nın Qarabağ bürosunun xəbərinə görə, Ermənistan Silahlı Qüvvələrinin Tərtər rayonunun Qapanlı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində şəhid olan əsgər Xaçmaz rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılan Rüstəmov Davud Rüstəmmuradoviçdir.
Ziddiyyətli xəbərlər deməyə əsas verir ki, dünən sərhədlərdə əsl müharibə səhnələri yaşanıb, 3 əsgərimiz ölüb, azı 4-ü yaralanıb.
"Bu gün cəbhənin müxtəlif istiqamətlərində Ermənistan Silahlı Qüvvələri atəşkəs rejimini pozub və nəticədə bəzi yerlərdə atışmalar baş verib". Bunu APA-ya açıqlamasında Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlu deyib.
Mətbuat xidmətinin rəhbərinin sözlərinə görə, atışmalar nəticəsində Azərbaycan Ordusu 3 şəhid verib, 1 əsgər isə yaralanıb: "Qarşı tərəf də bizdən az itki verməyərək, geri çəkilib".