Azərbaycanda hərbi səfərbərlik hazırlığı...
.jpg)
Azərbaycan hakimiyyəti müdafiə və təhlükəsizlik sektorunda ciddi islahatlardan birini həyata keçirməyə hazırlaşır. Söhbət 2005-ci ildə qəbul olunmuş "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" və "Hərbi Xidmət Haqqında" Azərbaycan Respublikası Qanunlarından irəli gələn vəzifələrin həyata keçirilməsinə başlanmasından gedir.
Bu barədə "MilAz" İnformasiya Agentliyinə hökumətdəki mənbədən eksklüziv məlumat verilib.
Məlumata görə, hazırda bu məsələ hökumətdə ciddi müzakirə mövzusudur. "Ortada yaxın zamanlarda ölkə ərazisində hərbi toplanışların keçirilməsi kimi ciddi niyyət var. Bəzi texniki və maliyyə məsələləri həll edildikdən sonra bu məsələyə başlanacaq" - deyə mənbə bildirib.
Digər məlumata görə, Azərbaycanın səfərbərlik sistemində baş verməsi gözlənilən tədbirlər ölkənin NATO ilə Fərdi Tərəfdaşlığa dair Əməliyyat Planının (İPAP) aşağıdakı hədəfləri çərçivəsində həyata keçirilir: 1. Silahlı Qüvvələrin şəxsi heyətinin ixtisarına hazırlıq işlərinə başlamaq. Mülki heyətlə əvəz oluna biləcək vəzifələri müəyyən etmək. Bununla bağlı qanunvericilikdə müəyyən dəyişikliklər və əlavələr etmək. 2. Strateji Müdafiə İcmalı çərçivəsində səfərbərliyin hazırkı sistemini nəzərdən keçirmək və dəyişmək. Məqsəd onun effektivliyinin artırılması və xərclərin ixtisar edilməsidir. 3. Ehtiyat qoşunların sayını və kateqoriyalarını nəzərdən keçirmək, hər səviyyənin təchizatı və təlimi üçün zəruri olan xərcləri və xidmətləri müəyyən etmək. Bu o deməkdir ki, səfərbərlik sisteminin təkmilləşdirilməsi və bu istiqamətdə atılacaq addımlar Silahlı Qüvvələrin şəxsi heyətinin ixtisarı ilə əlaqələndirilə bilər. O da bildirilir ki, hazırda ölkədə hərbi toplanışların keçirilməsi zamanı ortaya çıxa biləcək problemlər öyrənilir. Artıq bu prosesin sınaqdan çıxarılmasına da başlanıb. Rayonların birində ehtiyatda olanların kiçik bir qismi hərbi toplanışlara çağırılıb və hazırda onlar təlim keçir. İPAP çərçivəsində islahatlar həyata keçirən ölkələrin, o cümlədən NATO dövlətlərinin səfərbərlik sahəsində təcrübələrinə əsasən, ölkə əhalisinin 5-7 faizinin səfərbərlik ehtiyatına salınması mümkündür. Qonşu Gürcüstanda 250 min nəfərdən artıq insan illik hərbi toplanışlara cəlb olunur. Azərbaycanda isə bu prosesin 450-500 min adamı əhatə edəcəyi gözlənir. Bu çərçivədə həm də nəzərə almaq lazımdır ki, müvafiq qanuna görə, ehtiyatda olan və səfərbərlik üzrə hərbi xidmətə çağırılmayan vətəndaşlar Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrin və xüsusi birləşmələrin mülki heyət vəzifəsində işləmək üçün göndərilə bilər.
Ekspertlərin fikrincə, torpaqlarımız işğal altında olduğundan, "Səfərbərlik hazırlığı və səfərbərlik haqqında" Azərbaycan Respublikası Qanunundan irəli gələn vəzifələrin həyata keçirilməsi bu gün olduqca vacibdir. Amma qanunun tətbiqi zamanı ortaya çıxa biləcək problemlərin həlli yolları dəqiq öyrənilməlidir. Bununla yanaşı, belə fikirlər də hakimdir ki, əslində qeyd olunanlar həm də Azərbaycanın müharibə hazırlığını sürətləndirən daha bir amildir. Qarabağ münaqişəsinin hərbi müstəvidə çözülmə ehtimalı isə günü-gündən artır. Qeyd edək ki, bu yaxınlarda ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Denis Bleyerin Konqresə göndərdiyi yazılı hesabatda Azərbaycanla Ermənistan arasında müharibənin yenidən başlanması riskinin olması barədə xəbərdarlıq edilib. Maraqlıdır ki, bundan bir neçə gün öncə Amerika kəşfiyyatına bağlı özəl kəşfiyyat araşdırmaları mərkəzi "Stratfor" da Qarabağda müharibənin yenidən başlaya biləcəyi haqda xəbərdarlıq etmişdi. Hər iki xəbərdarlıqda deyilir ki, situasiya nəzarətdən çıxa və Qarabağ müharibəsi yenidən alovlana bilər.
Xatırladaq ki, ötən ilin sonunda Azərbaycan prezidenti də Goranboy səfəri zamanı müharibə variantına əl atıla biləcəyini daha açıq şəkildə dilə gətirib. Məhz bu açıqlamadan sonra o da məlum oldu ki, Azərbaycan rəhbərliyi bunu artıq Ermənistana siyasi təzyiq vasitəsi və danışıqlar öncəsi taktiki alət kimi gündəmə gətirmir. Sözün həqiqi mənasında hərbi vasitə ilə problemin çözümünə əl atılması reallığı mövcuddur. Qeyd edək ki, bundan sonra beynəlxalq aləmdə də Azərbaycanın çox kəskin şəkildə mövqeyini ortaya qoyması, müharibənin hər an başlayacağını reallığa əsaslanaraq bəyan etməsi artıq daha ciddiyə alınmaqdadır.
Bir sıra ekspertlər isə qeyd edir ki, Türkiyə-Ermənistan prosesinin dalana dirəndiyi və bu prosesi başladan ölkələrin hesablamalarının yanlış olduğu ortaya çıxıb. Onların Türkiyə-Azərbaycan münasibətlərinin həssaslığını, Türkiyə-Ermənistan münasibətləri və sərhədlərin açılmasının Dağlıq Qarabağ məsələsinin həllindən keçdiyi gerçəyini nəzərə almaması hərbi münaqişə risqini artırıb.