.jpg)
Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin rəisi, polis general-mayoru Mədət Quliyev Trend News-a müsahibəsində çox maraqlı məqamlar barədə açıqlama verib.
- Baş Mühafizə İdarəsi tərəfindən nə qədər obyekt mühafizə olunur?
- Baş Mühafizə İdarəsi tərəfindən 10 mindən artıq obyekt mühafizə olunur. Ötən il ərzində 450-dən artıq obyekt mühafizəyə götürülüb. Obyektlərin mühafizəsinin təşkili üçün müraciətlər hər il artır. Həm şirkət və müəssisələr, həm də mülki vətəndaşlar evlərinin, qarajlarının və digər obyektlərinin mühafizəsi üçün müraciət edir.
- Son illər mənzillərdə oğurluqlar çoxalıb. Vətəndaşlar tərəfindən mənzillərin mühafizəsilə bağlı sizin quruma müraciətlər edilirmi?
- Əfsuslar olsun ki, Azərbaycanda vətəndaşlar tərəfindən mənzillərin mühafizəsinə meyl o qədər də çox deyil. Bu, Daxili İşlər Nazirliyinin rəhbərliyini də narahat edir. Əvvəlki illərlə müqayisədə vətəndaşlar tərəfindən mənzillərinin mühafizəsilə bağlı müraciətlərin sayı artsa da, bu, qaneedici səviyyədə deyil. Tərəfimizdən mühafizə olunan mənzillərin sayı 2000-ə yaxındır. Amma bu bizi qane etmir. Biz "Yarasa" firması ilə paralel işləyirik. Mənzillərin mühafizəsi xüsusi texnika ilə tərəfimizdən təmin olunur. İstərdik ki, mənzillərin hamısının mühafizəsini təmin edək. Qonşu Rusiyada vətəndaşlar mənzillərini mühafizəyə götürmək üçün 2-3 ay növbəyə dururlar. Baxmayaraq ki, Azərbaycanda bununla bağlı maarifləndirmə aparırıq, sahə inspektorları da mənzillərin mühafizəsi üçün vətəndaşlara müraciət edir, amma vətəndaşlar tərəfindən buna maraq yoxdur.
- Bu nə ilə bağlıdır - maarifləndirmənin olmaması, yoxsa mühafizə üçün ödənilməli olan məbləğin çox olması ilə?
- Araşdırmalara görə, yol-nəqliyyat hadisələri zamanı təhlükəsizlik kəmərindən istifadə edənlərin 60 faizi sağ qalır. Amma təhlükəsizlik kəmərindən yalnız yol polisinin əməkdaşlarının təkidilə istifadə edirik. Müqayisə təxmini belədir. Vətəndaşlar mənzillərdə oğurluq olandan sonra mühafizə üçün müraciət edirlər. Bir qayda olaraq, hadisə baş verəndən sonra nəticə çıxarırıq.
- Bir mənzilin mühafizəsi üçün nə qədər vəsait tələb olunur?
- Qiymət çox sərfəlidir. Texniki avadanlıq, siqnalizasiya sistemi təqribən 300-500 manat məbləğində xərc tələb edir. İllik mühafizə üçün isə təqribən 250-300 manatdır. Mühafizə üçün ödəyəcəyimiz məbləğ il ərzində telefon danışıqlarımız üçün xərclədiyimiz məbləğdən azdır. Biz
"Yarasa" firmasına müraciət etdik ki, bəzi vətəndaşlar bu pulu birdəfəyə ödəyə bilmədiyi üçün lizinq üsulu ilə ödəsin. Şirkət də bu şərti qəbul etdi. DİN rəhbərliyi üçün vacib olan mənzillərin mühafizəsi, mənzillərdə və digər obyektlərdə oğurluqların baş verməməsidir.
Mənzillərin mühafizəsinin təşkili zamanı İsrail və ABŞ-dan alınan texnika və avadanlıqlar tətbiq olunur. Həmin texnikanın köməyilə, vətəndaş qapısını döyən şəxsi tanımadığı halda, mühafizə xidmətinə xəbər verir və bizim əməkdaşlar 5 dəqiqə ərzində həmin mənzildə olur. Yaxud evdə nə isə mübahisəli məsələ yaranarsa, texnikanın köməyilə mühafizəçini çağırmaq mümkündür. Bizim əməkdaşlar ən geci 6-7 dəqiqə ərzində hadisə yerində olur.
- Azərbaycan Dövlət Neft Akademiyasında baş verən məlum hadisədən sonra təhsil müəssisələrinin mühafizə məsələsi aktuallaşdı. Bu hadisə təhsil müəssisələrində mühafizənin təşkili işinə təsir göstərdimi?
- Məlum hadisədən sonra mühafizə üçün müraciətlər artıb. 60-a yaxın təhsil ocağı mühafizəsinin təşkili üçün bizə müraciət edib və əməkdaşlarımız tərəfindən həmin müəssisələrin təhlükəsizliyi təmin olunur. Həmin müəssisələrdə tərəfimizdən xüsusi texnika, kameralar qurulub, 24 saat ərzində video müşahidələr aparırıq. Təhsil Nazirliyi ali təhsil müəssisələrinin rəhbərliyinə mühafizənin təmin olunması üçün tapşırıq verib. Bu xidmət ödənişli olduğundan, bütün təhsil müəssisələri bizə müraciət etməyib. Ali və orta təhsil müəssisələrinin rəhbərləri bu məsələni diqqətdə saxlamalıdırlar. Texnikanın alınması üçün 2000 manata yaxın xərc tələb olunur. Univeristet rəhbərləri üçün bu məbləğ problem olmamalıdır.
- "Əbu-Bəkr" məscidində baş vermiş hadisədən sonra məscidlərin, dini obyektlərin mühafizəsilə bağlı Baş Mühafizə İdarəsinə müraciətlər olubmu?
- Bizə dini obyektlərin mühafizəsilə bağlı müraciətlər daxil olmayıb. Onların əksəriyyəti özəl mühafizə xidmətlərinə müraciət edir.
- Respublikanın regionlarında idarənin şöbələri fəaliyyət göstərirmi?
- Bakıda, Sumqayıtda, Abşeronda, Lənkəranda, Şəkidə, Mingəçevirdə, Qubada İdarənin şöbələri var. Gəncədə yeni fəaliyyətə başlamışıq.