Amaliya Pənahova: "Bəs dövlət teatrı deyiliksə, niyə nazirlik bizə bu qədər vəsait köçürüb"
Əli Əmirli: "Məqsəd bugünkü Azərbaycan teatrının vəziyyətini öyrənməkdir"
Mədəniyyət və Turizm Nazirliyi: "Onlar dövlət himayəsində olmadığı üçün festivala dəvət edilməyib"
Bakıda ilk dəfə Milli Teatr Festivalı keçiriləcək. "Olaylar"ın Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinə istinadən yaydığı xəbərə görə, festival fevral ayının 22-də start götürəcək. Nazirlik sözçüsü deyib ki, Aktyor Evində 137 yaşlı teatrımızın keçdiyi yolla bağlı sərgi nümayiş etdirilməsi gözlənir.
Bundan əlavə, Festivalın Təşkilat Komitəsi yaradılmaqla yanaşı, tənqidçilər qrupunun tərkibi də təsdiq edilib. Bura sənətşünaslıq doktoru Məryəm Əlizadə, professor İlham Rəhimli, İsrafil İsrafilov, sənətşünaslıq namizədi Aydın Talıbzadə, dramaturqlar Əli Əmirli, Elçin Hüseynbəyli, gənc tənqidçi Vəfa Mücahidova daxildir.
Qeyd edək ki, uzun illərdir həm paytaxt, həm də əyalət teatrlarının səviyyəsi müxtəlif teatr tənqidçiləri, aktyor və rejissorlar tərəfindən tənqid edilir, onların repertuar siyasətinin düzgün qurulmadığı deyilir. Burada ən çox müzakirə edilən problem isə teatr işçilərin əməkhaqqının az olması, habelə bayağı əsərlərin səhnələşdirilməsi, rolların aktyorlar arasında ədalət prinsipilə bölünməməsidir.
Bu festivala ölkənin bütün teatrları dəvət edilibmi?
Akademik Milli Dram, Musiqili Komediya, Gənc Tamaşaçılar və başqa teatrlardan aldığımız məlumata görə, onlar bu festivala dəvət alıb və hazırda bu mərasimə qatılmaq üçün hazırlıqla məşğuldur.
Əldə elədiyimiz digər məlumata görə isə, sözügedən festivala ölkənin bütün teatrları dəvət almayıb. Belə ki, "İbRus", Bakı Bələdiyyə, "Üns" Teatrları festivaldan kənarda qalıb.
Milli Teatr Festivalı bütün respublika teatrlarını əhatə etdiyi üçün bəzi teatrların kənarda qalması təəccüb doğurur.
Məsələ ilə bağlı Mədəniyyət və Turizm Nazirliyinin teatr sektoru ilə əlaqə saxladıq. Sektorun sözçüsü Vafa xanım "Bakı-Xəbər"ə bildirdi ki, adları çəkilən teatrların Milli Teatr Festivalına dəvət edilməməsinin səbəbi bu teatrların dövlət himayəsində olmamasıdır":Onlar dövlət himayəsində olmadığı üçün festivala dəvət edilməyib. Ola bilsin ki, müəyyən istisna hal kimi və festivalın sonrakı mərhələlərində o teatrlar da iştirak eləsin. Yəni mədəniyyət və turizm naziri onların iştirakına dair göstəriş verərsə, onlar da iştirakçı ola bilər. 27 dövlət teatrı var, onların 26-sı bu festivalın iştirakçısı olacaq. Xankənd işğalda olduğu üçün Xankəndi Dövlət Teatrı bura salınmayıb. Nazirlik dövlət teatrlarının şəbəkəsinə daxil olan teatrlara görə məsuliyyət daşıyır".
Vəfa xanımın sözlərinə görə, Milli Teatr Festivalının açılış mərasimi fevralın 22-də saat 19-da Gənc Tamaşaçılar Teatrında olacaq.
Xatırladaq ki, bir müddət əvvəl Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti, görkəmli aktrisa Amaliya Pənahova qəzetimizə verdiyi açıqlamada ötən ilin yayında Gəncədə keçirilən Milli Teatr Festivalına qatıldıqlarını və orada böyük uğur qazandıqlarını, bu il Bakıda keçiriləcək festivala da qatılmaq istədiyində olduqlarını demişdi. Amma gördüyümüz kimi, Bakı Bələdiyyə Teatrı bu festivaldan kənarda qaldı.
Amaliya Pənahova qəzetimizə açıqlamasında rəhbərlik etdiyi teatrın festivala dəvət edilməməsinin səbəbini bilmədiyini dedi":Bizə Milli Teatr Festivalında iştirak etmək üçün dəvət gəlməyib. Bəlkə sonra məktub gələcək, bilmirəm. Deyəsən, festival ilin axırına qədər davam edəcək. Amma keçən il Gəncədə keçirilən Teatr Festivalında iştirak eləmişik.
Bizim teatr saysız-hesabsız beynəlxalq teatr festivallarında iştirak edib. Ən gözəl repertuar da bizim teatrdadır, ən peşəkar sənətkarlar da. Əsgərlər qarşısında da çıxış eləmişik, qaçqın-köçkünlər qarşısında da. Bizim heç kəsin qarşısında gözügölgəliliyimiz yoxdur. Onlar bizi o festivala dəvət etmək istəmirlərsə, bizim də heç onlara ehtiyacımız yoxdur. Ürəkləri istəməyib, dəvət etməyiblər. Məcburi məhəbbət yoxdur. Canları sağ olsun. Biz həmişə öz işimizlə məşğul olmuşuq. İndi də öz işimizlə məşğuluq".
Mədəniyyət və Turizm Nazirliyi təmsilçisindən fərqli olaraq, A.Pənahova bildirdi ki, Bakı Bələdiyyə Teatrı dövlət teatrıdır və hər il də dövlət büdcəsindən maliyyə vəsaiti alır. Onun sözlərinə görə, elə 2009-cu ilin sonlarında prezident İlham Əliyevin göstərişilə Mədəniyyət və Turizm Nazirliyi Bakı Bələdiyyə Teatrının qastrola getməsi üçün onlara 20 min manat vəsait ayırıb: "Bəs dövlət teatrı deyiliksə, niyə nazirlik bizə bu qədər vəsait köçürüb? Özəl deyilik. Əlbəttə ki, dövlət Teatrıyıq və dövlətimizin himayəsi altında fəaliyyət göstəririk. Dövlət büdcəsindən maliyyələşirik".
Milli Teatr Festivalının tənqidçilər qrupunun üzvü, dramaturq Əli Əmirli isə qəzetimizə festivalın əhəmiyyətindən danışdı":Bu festival ilk dəfədir ki, Bakıda keçirilir. Ötən ilin yayında isə respublika teatrlarının festivalı keçirilmişdi. Sonra bu festivalın paytaxtda da keçirilməsi qərara alınıb. Ümumiyyətlə, teatrlarımızın bugünkü səviyyəsini, ümumi mənzərəni görmək üçün ardıcıl olaraq belə festivalların keçirilməsinə ehtiyac var. Səhv eləmirəmsə, dövlət teatrlarının sayı 27-dir. Hər bir teatr öz repertuarını, bacarığını, səviyyəsini bu festivalda ortaya qoyacaq. Təşkilat Komitəsinin üzvləri və tənqidçilər qrupu, eyni zamanda da sıravi tamaşaçılar və teatr adamları da bu tamaşalara baxa, müasir teatrımızın mənzərəsi haqda təvəvvür əldə edə biləcəklər. Gəncədə keçirilən festivalda biz bir həftə ərzində 20-yə qədər tamaşaya baxmışdıq. O vaxt buna nə qədər tamaşaçı marağının olduğunu gördük".
Ə.Əmirlinin sözlərinə görə, bu festivalın il boyu keçirilməsi nəzərdə tutulub. Ə.Əmirli bildirdi ki, fevral-mart aylarında bir neçə teatrın-"Muskomediya", Sumqayıt və Gəncə Dövlət Teatrlarının çıxışları olacaq":Bundan sonra o biri teatrlar da öz tamaşalarını təqdim edə biləcəklər. Əlbəttə, məqsəd bugünkü Azərbaycan teatrının vəziyyətini öyrənməkdir. Bilirsiz, mətbuatda çıxışlar olur, hamı bir-birinin ağzından söz alır ki, teatrımızın vəziyyəti pisdir, bərbaddır, guya günün tələblərinə cavab vermir, tamaşaçısı yoxdur. Səsləndirilən fikirlərin çoxu yanlışdır. Sözün həqiqi mənasında teatr var. Amma məişət, həyat o qədər sürətlə inkişaf edib dəyişir ki, sənət onun arxasınca çata bilmir. Bunun üçün bir qədər vaxt lazımdır ki, baş verənləri sinirəsən, onları təhlil edə biləsən. Ona görə də həmişə deyirlər ki, müəyyən hadisələr baş verəndən 20-30 il sonra əsl bədii əsərlər yaranır. İndi teatrların tamaşaçı qıtlığı çəkdiyindən danışılır, ola bilsin, ümumilikdə götürəndə bu belədir. Mən Akademik Milli Dram Teatrının tamaşalarını həmişə izləyirəm. Musiqili Komediya, "Yuğ", Pantomim Teatrlarında həmişə anşlaq görürəm. Yəni bütün bu canlanmaları görməmək mümkün deyil. Teatrla gərək yaxından təmasda olasan ki, onun haqqında fikir bildirəsən. Hesab edirəm ki, bu yaxın təması da Milli Teatr Festivalı yerinə yetirəcək. Burada həm tamaşaçıların teatra marağı artacaq, həm də teatr tənqidçiləri bir araya gəlib bu barədə müzakirə açacaq və hansı tamaşanın yaxşı, hansının pis olduğunu əyani şəkildə deyəcək, teatrlara tövsiyələr verəcəklər".
Ə.Əmirli keçmişi ideallaşdırmağın tərəfdarı olmadığını deyərək bildirdi ki, çox zaman müasir tamaşaçılar, insanlar keçmişlə indini müzakirə edib əvvəlki tamaşaların, aktyorların indikindən yaxşı olduğunu deyir: "Şübhəsiz ki, hər bir şeyə qiymət verəndə birinci zaman, məkan, şərait anlayışını nəzərə almaq, ondan sonra danışmaq lazımdır. Bu gün yeni yaranmış sənətlər, yeni informasiya axını, seli, aşkarlıq, demokratiya şəraitində teatr öz birinciliyini saxlamaq iqtidarında deyil. Bu gün teatr daha elitar sənətdir, elitar sənət isə kütləvi ola bilməz. Bunu anlamaq lazımdır, Ötən əsrin 30-cu, 40-cı, 50-ci illərində mövcud olan teatrla müasir teatrı müqayisə eləmək olmaz. Ümumiyyətlə, hesab edirəm ki, həyat durmadan inkişaf edir. Bu gün bizim səhnədə olan aktyorlarımız, düşünmürəm ki, 30 il bundan əvvəlki aktyorlardan zəifdir. Qətiyyən. Bunlar daha güclüdür. Yəni burada müasir zamanın istəyi, tələbi var. Ona görə heç onları müqayisə eləmək də düzgün deyil. Bu baxımdan yanaşanda, əlbəttə, hesab edirəm ki, Milli Teatr Festivalı teatr həyatının canlanmasına yardım edəcək".