Kazino biznesi leqallaşsa....
Akif Nəsirli: "Kazino biznesinin Azərbaycana iqtisadi xeyrindən daha çox, ictimai zərəri ola bilər"
Şəmsəddin Əliyev: "Fəsadları faydasından böyük olan kazino biznesi ailələrə ancaq bəla gətirir və şəriətdə də lənətlənir"
Bakı şəhərində, xüsusilə də paytaxtın ucqar qəsəbə və kəndlərində gizli qumarxanaların (kazinoların) fəaliyyət göstərməsi barədə qəzetimizin 14 dekabr 2009-cu il tarixli sayında məlumat vermişdik. Qeyd etmişdik ki, belə kazinolar, bir qayda olaraq, dəniz kənarındakı istirahət mərkəzlərində, binaların zirzəmilərində fəaliyyət göstərir.
Kazinolara gələnlər arasında xarici ölkə vətəndaşları, hətta bəzi ölkələrin diplomatik korpuslarının nümayəndələri də var. Öz ölkələrində sərbəst şəkildə kazinolara gedən qumarbaz diplomatlar Azərbaycanda da öz vərdişlərini tərk edə bilmirlər. Ona görə də, vaxt tapan kimi, "azart"larını öldürmək üçün gizli qumarxanalara üz tuturlar.
Qeyd edək ki, diplomatların kazinolara və gecə barlarına üz tutması hallarına Azərbaycanda dəfələrlə rast gəlinib. Bir neçə il öncə xarici dövlətlərin ölkəmizdəki səfirlərindən biri bardan çıxarkən naməlum şəxslərin hücumuna məruz qalmışdı. O zaman bu məsələ çox böyük səs-küyə səbəb oldu.
Onu da bildirmişdik ki, nəzarətdən kənarda qalan belə kazinolarda tez-tez mübahisələr düşür, soyğunçuluq halları olur. Lakin kazinoların fəaliyyətinə ölkədə rəsmən qadağa qoyulduğundan, zərərçəkənlər heç bir yerə şikayət edə bilmir.
Nəhayət ki, yazdıqlarımız təsdiqləndi. Belə ki, Vergilər Nazirliyi yanında Vergi Auditi Departamenti əməkdaşlarının həyata keçirdiyi operativ əməliyyat tədbirləri nəticəsində Bakı şəhərinin Nəsimi rayonu ərazisində qanunsuz fəaliyyət göstərən kazino aşkarlanıb.
Nəsimi rayonu Vidadi küçəsi 148 ünvanında yerləşən obyektdə fəaliyyət göstərən kazinonun vergi orqanlarında uçota durmadan qanunsuz sahibkarlıq fəaliyyətilə məşğul olan Cavid Əlizadə tərəfindən işlədildiyi müəyyən edilib. Qanunsuz fəaliyyət göstərən kazinoda 16 ədəd pul uduşlu oyun avtomatı, o cümlədən 12 ədəd "Kazino imperial", 2 ədəd "Novamatik admiral", 1 ədəd "Hunday" və y ədəd "Kosmos" sözləri yazılmış aparat aşkar edilib.
Vergilər Məcəlləsinin 50-ci maddəsinə əsasən C.Əlizadə barəsində akt tərtib edilərək, ondan müvafiq izahat alınıb. Faktla bağlı araşdırmalar davam edir.
Bir neçə ay bundan öncəyə qədər Azərbaycanda qanunsuz fəaliyyət göstərən totalizatorluq geniş vüsət almışdı. Bunun qarşısını ala bilməyən hökumət sonda məcbur olub bu pullu oyun növünü leqallaşdırdı. Hazırda bu sahəyə nəzarəti Gənclər və İdman Nazirliyi həyata keçirir. Bu mənada, Azərbaycan kapitalist ölkə və Avropanın bir hissəsi olaraq, kazino fəaliyyətinə qarşı mübarizə aparmaqda çətinlik çəkir. Azərbaycanın kənd rayonlarında, xüsusilə də mağar toylarında (toydan bir neçə gün qabaq və bir neçə gün sonra) şıdırığı qumar gedir. İslamın, şəriətin haram buyurduğu qumar qarşısıalınmaz bəlaya çevrilib. Hətta bəzi müsəlman ölkələrində bu oyun növü leqallaşdırılıb.
Elə ölkələr var ki, büdcəsinin əsaslı hissəsini kazinolardan gələn vergilər təşkil edir. Bu sahəyə külli miqdarda vəsait xərcləndiyindən və vergi məbləği yüksək olduğundan, dövlətin qazancı da çox olur. Azərbaycan da isə kazinoların fəaliyyətini mərhum prezident Heydər Əliyev 1998-ci ilin yanvar ayında müvafiq sərəncamı ilə ləğv edib. Həmin vaxta qədər Azərbaycanda kazino biznesinə sahib çıxmaq uğrunda qeyri-sağlam mübarizə aparılırdı. Digər tərəfdən, dövr edən pullar da vergidən gizlədilirdi.
İqtisadçı ekspert Akif Nəsirlinin sözlərinə görə, 1998-ci ildə Azərbaycanda kazinonun qadağan edilməsi labud idi: "Mən mərhum prezident Heydər Əliyevin məlum sərəncamını təqdir etmişəm. Hesab edirəm ki, Azərbaycan kimi ölkə üçün gərəkən addım idi. Bu biznesin o ölkələrdə genişlənməsi effekt verir ki, orada oliqarxiya yoxdur. İqtisadiyyatla hakimiyyətin qovuşması prosesi müşahidə olunmur. Harada ki, məmur həm də biznesmendir, orada bu biznesin genişlənməsi ciddi fəasadlara gətirib çıxarır. Ölkə iqtisadiyytının əsas hissəsi biznesmen məmurların nəzarətindədir. Bu mənada, hesab etmirəm ki, kazino biznesinin leqallaşması fəsadsız ötüşəcək".
Akif Nəsirliyə görə, kazino biznesinin Azərbaycana iqtisadi xeyrindən daha çox, ictimai zərəri ola bilər.
Hüquqşünas Şəmsəddin Əliyev də hesab edir ki, bu gün Azərbaycan üçün kazinoların leqallaşdırılmasına heç bir əsas yoxdur: "Bizim buna nə iqtisadi, nə də mənəvi cəhətdən ehtiyacımız var. Leqal və qeyri-leqal kazino biznesinin arxasında cinayətkar ünsürlər, niyyətlər var. Bu mənada vaxtilə mərhum prezident Heydər Əliyev tərəfindən atılmış addım müsbət qiymətləndirilməlidir. Bu illər ərzində kazino biznesi, demək olar ki, vətəndaşların yaddaşından silinmişdi. Şəhərin mərkəzində gizli şəkildə kazinonun fəaliyyət göstərməsi yolverilməzdir. Bunlara qarşı sərt davranmaq lazımdır. İctimai mənəviyyatımıza qarşı yönələn hallara bəraət vermək mümkün deyil. Fəsadları faydasından böyük olan kazino biznesi ailələrə ancaq bəla gətirir və şəriətdə də lənətlənir".