Nazim Məmmədov: "Valyuta ehtiyatlarımızdan yaxşı şərtlərlə xarici ölkələrə borc verməliyik. Ondan gələn faizlərin hesabına xarici borclarımızı azaltmaq mümkündür"
Vüqar Bayramov: "Praktiki olaraq bu onu göstərir ki, digər MDB dövlətlərilə müqayisədə Azərbaycanın xarici borcu yumşaqdır"
.jpg)
naz2010-cu il yanvarın 1-nə olan rəsmi məlumata görə, Azərbaycanın xarici borcu 3 milyard 421 milyon ABŞ dollarıdır. Eyni zamanda, xarici dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbəti 7,95 faizə bərabər olub. Maliyyə Nazirliyinin verdiyi məlumata görə, istifadə olunmuş kreditlər üzrə adambaşına düşən xarici borc bu il yanvarın 1-nə 380,3 dollar təşkil edib.
Borcların strukturuna gəldikdə isə, kreditlərin əsaslı hissəsi investisiya layihələrinin həyata keçirilməsinə yönəldilib.
Bütövlükdə Azərbaycanın xarici borcların da artım müşahidə olunsa da, bu, ölkə üçün hələlik təhlükəli həddə deyil. Məsələ ondadır ki, xarici dövlət borcunun ÜDM-ə nisbəti 30 faizə bərabər olanda, bu, ölkə üçün təhlükəli hədə hesab olunur. Digər tərəfdən, inkişaf səviyyəsindən asılı olmayaraq, istənilən dövlətin bu və ya digər həcmdə xarici borcu var. Məsələn, Birləşmiş Ştatların xarici borcu 9 trilyon, Rusiyanın xarici borcu isə 150 milyard dollar təşkil edir. Ümumilikdə Azərbaycanın xarici dövlət borcu təhlükəli həddə deyil.
Məsələyə münasibət bildirən millət vəkili, iqtisadçı Nazim Məmmədov hesab edir ki, Azərbaycanın xarici borclarının əsas hissəsi yüngül şərtlərlə infrastruktur layihələri üçün götürülmüş kreditlərdən ibarətdir: "Ümumilikdə istənilən adam borcun əleyhinədir. Baxır hansı borcun. Xarici borcumuzun ümumdaxili məhsulda aşağı rəqəmlə səciyyələnməsinə, mümkün qədər xarici borcdan qaçmaq lazımdır. Onu da qeyd edim ki, Azərbaycan daxili borcların limitini qaldırıb. Hökumət çalışmalıdır ki, qiymətli kağızlar buraxaraq daxili borcları stimullaşdırsın. Təbii ki, bazarı canlandırmaq şərtiyylə. O baxımdan, Azərbaycanın xarici borclarını müəyyən həddə qədər normal sayıram. Ümumilikdə borclara münasibətə gəldikdə isə, mən borclanmanın əleyhinəyəm. Bizim kifayət qədər valyuta ehtiyatımız var və həmin ehtiyatların idarə olunmasını daha da təkmilləşdirmək lazımdır. Valyuta ehtiyatlarımızdan yaxşı şərtlərlə xarici ölkələrə borc verməliyik. Ondan gələn faizlərin hesabına xarici borclarımızı azaltmaq mümkündür. O baxımdan tövsiyə edərdim ki, xarici borcları deyil, daxili borclarımızı artıraq. Azərbaycanın xarici borcu ÜDM-nin həcmindən 50 faiz yuxarı olsaydı, o zaman bu bizim üçün təhlükəli olardı. Bəzi ölkələrdə bu nisbət 60 faizdən də yuxarıdır. O baxımdan ciddi narahatlığa əsas yoxdur".
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramovun verdiyi məlumata görə, praktiki olaraq Azərbaycanın xarici borclanmasında artım var: "2009-cu ildə bu artım 19 faiz olub. Bütövlükdə xarici borclarla bağlı iki məqama diqqət yetirmək lazımdır. Əvvəla, Azərbaycanın xarici borcu ÜDM ilə müqayisədə ciddi və kritik deyil. Çünki Azərbaycanın xarici borcu ölkənin ümumdaxili məhsulunun 8 faizini təşkil edir. Beynəlxalq standartlara görə, xarici borc ÜDM-də 30 faizdən çox olursa, problemli hesab olunur. Müqayisə üçün qeyd edək ki, Rusiyada bu rəqəm 37 faiz, Ukraynada 60 faiz, Qazaxıstanda isə 28 faizdir. Praktiki olaraq bu onu göstərir ki, digər MDB dövlətlərilə müqayisədə Azərbaycanın xarici borcu yumşaqdır. Ermənistanda və Gürcüstanda xarici borc ÜDM-dən 50 faiz çoxdur. Azərbaycanın xarici borcu ÜDM-ə nisbətdə az olsa da, problemlər də yox deyil. Məsələ ondadır ki, xarci borcun strukturuna baxanda müəyyən narahatlıq var. Narahatlıq ondan ibarətdir ki, xarici borcların səmərəli xərclənməsilə bağlı problemlər var. Bu borcların necə xərcləndiyinin monitorinqini aparmaq imkanları məhduddur. Azərbaycanın xarici borclarının 40 faizi elektrik enerjisi sektoruna yönəldilib.
Çox təəssüflər olsun ki, fevralın birinci ongünlüyündə enerjilə bağlı Bakıda problemlər yaşandı. Bütövlükdə infrastruktur layihələrinə böyük həcmdə kreditlər cəlb olunsa da, sözügedən sektorda o qədər də parlaq nailiyyətlər ortada yoxdur.
Bir məqamı da vurğulayım ki, beynəlxalq maliyyə qurumlarından alınan borcların əksəriyyəti əsasən məhz 2015-ci ildən sonra qaytarılacaq. 2015-ci ildən sonra da Azərbaycanın neftdən gələn gəlirləri azalmağa doğru gedəcək.
O baxımdan borclarla bağlı müəyyən təhlükə var. Hazırda xarici borcların qaytarılması ilə bağlı dövlət büdcəsindən kifayət qədər böyük vəsait ayrılır. Dövlət gəlirlərinin artdığı indiki şəraitdə mümkün qədər xarici borclanmadan yayınmaq lazımdır".