.jpg)
Mətbuatın yazdığına görə, İran prezidenti Mahmud Əhmədinejad İsrailin bu ilin yaz-yay aylarında ölkəsinə hücum planlaşdırdığını bildirib. Əhmədinejad Tehranda keçirdiyi mətbuat konfransında İsrailin yazda və yaxud yayda müharibəyə başlamaq üçün səbəb axtarması barədə kəşfiyyat məlumatı aldıqlarını açıqlayıb:
"Ancaq hələ son qərarı verməyiblər. Belə bir hücuma verəcəyimiz cavab və bölgə ölkələrinin mövqeyi İsraili məhv edəcək"-deyə o vurğulayıb. Sirr deyil ki, Tehranla Tel-Əviv və onun arxasında dayanan Vaşinqton arasında münasibətlərdəki gərginlik artıq kulminasiya nöqtəsinə çatıb. İranın nüvə silahı əldə etmək istiqamətində son fəaliyyəti Qərbi ona qarşı daha kəskin addımlar atmağa sövq edir. Belə ki, Tehranın, Əhmədinejadın dediyinə görə, 20 faizlik zənginləşdirilmiş uranı əldə etməsi, ABŞ başda olmaqla, Qərb ölkələrini ona qarşı sanksiyaları kəskinləşdirməyə meylləndirib. Buna görədir ki, artıq qərb İran ətrafında halqanı daha da daraltmaq üzrədir. Hətta Rusiyada Tehrana münasibətdə daha kəskin mövqe sərgiləməyə başlayıb. Belə ki, Moskvanın da sanksiyaların möhkəmləndirilməsində maraqlı olduğu üzə çıxmaqdadır. Belə bir halda uran məsələsində inadından dönməyən İran özünün təkləndiyini görür. Buna görə də yüksək rütbəli Tehran rəsmilərinin dililə belə bir ideya ortalığa atırlar ki, guya İsrail yaz-yay aylarında İrana hücum edəcək. Əslində isə bu gözlənilmir. Düzdür, sözügedən iki ölkə arasında münasibətlər qurd ilə quzu arasında olan münasibətlər səviyyəsindədir. Yəni onlardan heç biri digərini dövlət olaraq tanımır. İranın uranın zənginləşdirilməsi prosesinə başlaması isəa həmin münasibətləri daha da uçuruma aparıb. Amma bütün hallarda Tel-Əvivin Tehrana zərbə endirəcəyi ağlabatan deyil. Bildiyimiz kimi, İsrailin arxasında ABŞ durur. Onlar çox gözəl anlayır ki, İsrailin İrana zərbə endirməsi ərəb dünyasında Tel-Əvivə olan nifrətin daha da pisləşməsinə gətirib çıxarar. Belə vəziyyət isə İran ətrafında halqının daralmasına olan ümidlərin puça çıxması ilə nəticələnə bilər. Bu mənada, hətta ABŞ İranla müharibəyə başlasa belə, indiki halda bu elə də inandırıcı görünmür, İsrailin həmin prosesdə iştirakı gözlənilmir. Bunu Tehran rəsmiləri də anlamamış deyil. İsrailin guya yaz-yay aylarında hücum edəcəyi barədə onların dedikləri, sadəcə olaraq, daxili rəyə hesablanmış addımdır. Bildiyimiz kimi, son prezident seçkilərindən üzü bəri İranda daxili vəziyyət heç də stabil deyil. Seçkilərin nəticələrini qəbul etməyən prezidentliyə keçmiş namizəd Musəvi tərəfdarları hər bir fürsətdən istifadə edərək ölkədə etiraz aksiyaları təşkil edirlər. Hakimiyyət isə buna repressiyalarla cavab verir. Görünür, Əhmədinejadın yuxarıda səsləndirdiyi fikirlərin arxasında da məhz bu amil dayanır. Çox güman ki, bu dezinformasiyaları ortaya atmaqla onlar repressiyaları gücləndirməyə bəhanə axtarırlar. Başqa bir tərəfdən, İran prezidenti bununla müxalifəti zəiflətməyi, öz mövqeyini gücləndirməyi də nəzərdə tuta bilər. Belə ki, İsrail məsələsini gündəmə gətirməklə onun İran cəmiyyətində birlik yaradılması, bununla da ölkə müxalifətinin artan təzyiqlərini heçə endirməyi planlaşdırdığı da istisna deyil. İranın uranın zənginləşdirilməsi məsələsində dirəniş göstərdiyini də nəzərə alsaq, yuxarıdakı fikirlərilə Əhmədinejad özünün atom silahı yaratmaq işində haqlı olduğunu, ən azından, Ərəb dünyasına nümayiş etdirmək istəyir. Yəni İsrail hücumlarından müdafiə olunmaq üçün guya belə bir silaha malik olmaq vacibdir.
"Zerkalo" qəzetinin siyasi şərhçisi Rauf Mirqədirovun da fikrincə, Əhmədinejadın bu bəyanatının arxasında bir neçə faktor ola bilər ki, bunlar arasında da ölkədaxili vəziyyət önəmli yer tutur: "Həmin faktorlardan biri, söz yox ki, ölkədaxili vəziyyətlə bağlıdır. Bütün avtoritar, totalitar rejimlər, daxili-siyasi vəziyyət gərginləşəndə, xarici təcavüz təhlükəsinin mövcudluğu və reallığı arqumentindən istifadə edərək ölkə daxilində vətənpərvərlik və səfərbərlik səviyyəsini artırmağa çalışır. Bununla onlar daxili problemləri arxa plana keçirmək istəyirlər. İranda daxili vəziyyət indi o qədər də sabit deyil. Lakin hətta belə bir qeyri-sabitlik, qarşılıqlı düşmənçiliyin yüksək olduğu şəraitdə də, düşünürəm ki, xarici təcavüz təhlükəsinin mövcudluğu İran cəmiyyətini birləşdirə bilər. Bu faktorlardan həmişə İranda istifadə olunub. Bildiyimiz kimi, bütün düşmənçiliyə baxmayaraq, Əhmədinejada rəqib olan qüvvələr belə İranın xarici təcavüzdən qorunması məsələsində ona qarşı çıxa bilməz. Bu faktor, sözsüz ki, öz rolunu oynayır. Digər tərəfdən, ekspertə görə, ola bilsin ki, bu ABŞ və ərəb dünyası üçün də müəyyən bir mesajdır: "İsrail dəfələrlə bəyan edib ki, beynəlxalq aləm İranın nüvə proqramına qarşı adekvat tədbir görməsə, onlar təkbaşına Tehrana zərbə vurmağa hazırdır. Amma problem ondan ibarətdir ki, ABŞ başda olmaqla, bütövlükdə Qərb hətta İran nüvə proqramının həllinə qərar versə belə, müharibə başladıqda bu əməliyyatlarda İsrailin iştirakında maraqlı deyillər.
Çünki ABŞ-ın müsəlman dünyasında mövqeyi o qədər də möhkəm deyil. Ona görə də Vaşinqton çalışır ki, öz maraqlarına görə İsrailin hücum fikri varsa, onun qarşısını qabaqcadan alsın. İranın regiondakı nüfuzu pozitiv proseslərə deyil, neqativ proseslərə köklənib. Ərəblərlə İsrail arasında konfliktin mövcudluğu bugünkü İranın regionda yeri və nüfuzunu müəyyənləşdirir. Münaqişə həll olunduqda isə Tehranın buradakı nüfuzu çox aşağı düşəcək. Nə ərəblər, nə də türk dünyası İranla geniş mənada dostdur. Yəni neqativ proseslər olmasa, İranın müsəlman təəssübkeşi kimi çıxış etməsi faktoru aradan qaldırılacaq. Belə bir təhlükənin mövcud olduğunu ortaya atmaqla İran öz ətrafında müəyyən bir koalisiyanın da yaradılmasına çalışır. Əhmədinejadın bəyanatı təbliğati bəyanatdır. Düşünmürəm ki, İranın əlində belə bir məlumat var".