Mühüm dövlət qurumlarının tədbirlərinə jurnalistlərin dəvət edilib-edilməməsi geniş araşdırıldı
.jpg)
Mətbuat nümayəndələrinin informasiya mənbələrinin böyük əksəriyyəti dövlət qurumlarıdır. Amma əksər halda bəzi dövlət qurumlarından informasiya almaq mümkün olmur.
Baxmayaraq ki, qanunvericilikdə dövlət qurumlarına öz fəaliyyətlərilə bağlı mediaya məlumatların verilməsi barədə konkret tələb qoyulub. Son vaxtlar isə jurnalistlərin dövlət qurumlarının toplantılarına, əsasən də görüşlərə, kollegiya iclaslarına, müşavirələrə dəvət olunmaması halları artıb.
APA dövlət qurumlarının - nazirliklərin, dövlət komitələrinin, hüquq-mühafizə orqanlarının öz fəaliyyətləri barədə mətbuata məlumatların verilməsi işinin təşkilini, habelə medianın bu qurumların toplantılarına, görüşlərə dəvət edilməməsinin səbəblərini araşdırmağa çalışıb.
Nazirlər Kabineti...
Azərbaycan Nazirlər Kabineti ilə əməkdaşlıq edən jurnalistlər bu qurumun mətbuatla əlaqələrinin səviyyəsindən narazıdır. Onlar mətbuat xidmətinin Nazirlər Kabinetinin fəaliyyətilə bağlı sualları cavablandırmadığını, tədbirlərə yalnız telekanalların dəvət edildiyini, toplantılarla bağlı mətbuata məlumat göndərilmədiyini bildirir. Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli isə APA-ya bildirib ki, tədbirlərə yalnız telekanallar və rəsmi dövlət agentliyinin dəvət olunması yer məhdudluğu ilə əlaqədardır: "İmkanımız olanda, toplantı keçirilən zal böyük olduqda bütün mətbu orqanları çağırırıq. Yəni burada hansısa xüsusi ayrıseçkilik barədə düşünməmişik. Sadəcə, dəvətlər keçirilən görüşlərin, qəbulların formatından asılı olur". A.Əli bildirib ki, rəhbərlik etdiyi qurum press-relizləri Nazirlər Kabinetinin rəsmi internet saytına yerləşdirir, istənilən mətbuat orqanı o xəbərlərdən istifadə edə bilər.
DİN...
Daxili İşlər Nazirliyilə bağlı isə jurnalistlər daha çox kollegiya iclaslarına, müşavirələrə çağırılmamaları və yerli polis idarələrinə mətbuata məlumat verməklə bağlı qadağaların qoyulmasından şikayətçidir. Nazirliyin sonuncu - bu il yanvarın 29-da keçirilmiş kollegiya iclasına da yalnız telekanallar dəvət edilib. DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya bildirib ki, onlar KİV və ictimaiyyətlə əlaqələrə böyük önəm verir: "Mətbuat xidməti olaraq, bizdən qəti şəkildə mətbuatla əlaqələrin daha geniş və effektli qurulması tələb olur". Yerli polis idarələrinin mətbuatla əlaqələrinə qadağa qoyulması barədə məlumatların həqiqətə uyğun olmadığını deyən E.Zahidov, əksinə, yerli qurumlara cinayətkarlıqla mübarizə tədbirlərinin həyata keçirilməsilə bağlı mətbuata məlumatların verilməsi barədə tapşırığın olduğunu qeyd edib: "Təbii ki, yalnız açıqlanması mümkün olan məlumatlar verilir. Kollegiya iclaslarına isə yalnız telekanalların dəvət edilməsi yer problemilə bağlıdır. Zalda kifayət qədər yer olmadığı üçün yalnız telekanallar və dövlət agentliyi dəvət edilir".
Vergilər Nazirliyi...
Vergilər Nazirliyinin mətbuat xidməti də tədbirlərə yalnız telekanalları dəvət edir, digər KİV-lər kənarda qalır. Mətbuat xidmətinin rəhbəri Fariz Səmədov da APA-ya bildirib ki, KİV nümayəndələrilə əlaqələrin yaxşı qurulması onların qarşısında dayanan əsas vəzifələrdən biridir: "Aparılan işlər haqqında yekun hesabatlar, o cümlədən kollegiya iclaslarından press-relizlər hazırlanaraq yayılır. KİV nümayəndələrinin işi xəbəri tapmaqdırsa, bizim işimiz də həmin KİV nümayəndəsinə yardımçı olmaqdır. Mənə elə gəlir ki, mətbuat nümayəndələrilə Vergilər Nazirliyinin münasibətləri yüksək səviyyədədir, istənilən fikirləri, vergi qanunvericiliyi, həyata keçirilən islahatlar, innovasiyalar, yeniliklərlə bağlı məlumatlar operativ olaraq mətbuata çatdırılır. Hər hansı mətbuat orqanı ilə problem yoxdur".
XİN...
Xarici İşlər Nazirliyinin mətbuatla əlaqələri yüksək səviyyədə olsa da, son vaxtlar brifinq və mətbuat konfransları məlum olmayan səbəblərə görə ləğv edilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov bildirir ki, bu, nazirliyin daxilində struktur dəyişikliklərilə bağlıdır və müvəqqəti xarakter daşıyır.
BŞBPİ...
Bakı Şəhər Baş Polis İdarəsi isə, bir qayda olaraq, mətbuatı kollegiya iclaslarına, müşavirələrə dəvət etmir. Qurumun mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov APA-ya bildirib ki, idarədə bütün məlumatların açıq olmasına imkan yoxdur: "Yalnız bəzi hallarda maraq göstərən media orqanları dəvət olunur. Amma kollegiya ilə bağlı hansı məlumların açıqlanması mümkündürsə, onlar mətbuata göndərilir".
Milli Məclis...
Milli Məclisin mətbuat xidməti mətbuatla yaxşı işləsə də, yeganə problem spikerin görüşlərinə məhdud sayda media nümayəndəsinin dəvət edilməsidir. Mətbuat xidmətinin rəhbəri Akif Nəsirov APA-ya deyib ki, əslində onlar bütün aparıcı media orqanlarının bu görüşlərə dəvət edilməsində maraqlıdır: "Amma bu imkan xaricindədir. Görüşlər böyük zalda keçiriləndə hamı çağırılır, amma elə görüşlər olur ki, artıq müəyyən çərçivə yaratmağa ehtiyac yaranır, görüş keçirilən zalın imkanları nəzərə alınır. Görüşlər kiçik otaqlarda keçiriləndə bütün mətbuatı dəvət etmək mümkün deyil".
Sənaye və Energetika Nazirliyi...
Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətilə məlumatların dəqiqləşdirilməkdə, sualları birbaşa cavablandırmaqda bəzən problemlər yaranır. Mətbuat xidmətinin rəhbəri Azər Mənsimli bildirir ki, o yalnız bildiyi məsələlərlə bağlı sualları dərhal cavablandırır: "Bilmədiyim məsələlər barədə danışmıram. Bəzən də məlumatı dəqiqləşdirmək üçün zaman lazım olur və yalnız rəhbərlik tərəfindən mənə verilən məlumatları mətbuata çatdırıram. Mətbuatla münasibətlərdə ciddi problemlər yoxdur".
Ədliyyə Nazirliyi...
Ədliyyə Nazirliyi də medianı kollegiya iclaslarına, görüşlərə dəvət etməyən qurumlar siyahısındadır. Mətbuat xidmətinin əməkdaşı Rasim Həsənovun sözlərinə görə, kollegiya iclaslarında daxili məsələlər müzakirə edilir, buna görə də mətbuat çağırılmır: "Amma görüşlərə televiziya və agentliklər dəvət edilir. Mətbuat nadir hallarda dəvət edilmir ki, bu görüşlərdən, qəbullardan sonra da dərhal məlumat yayırıq".
Baş Prokurorluq...
Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov isə bildirib ki, prokurorluğun fəaliyyətilə bağlı, o cümlədən Baş Prokurorluğun geniş kollegiya iclası barədə mütəmadi olaraq ictimaiyyətə dolğun və obyektiv informasiyalar verilir: "Azərbaycan Respublikası Prokurorluğu mətbuata kifayət qədər açıq orqandır. Kütləvi informasiya vasitələrinin nümayəndələri tərəfindən prokurorluğa ünvanlanmış bütün sorğular, istintaq sirri təşkil edən məlumatlar istisna olmaqla, vaxtında və dolğun cavablandırılır. Ona görə də Baş Prokurorluğun bu və ya digər tədbirində obyektiv səbəblərdən KİV nümayəndələrinin bəzilərinin iştirak etməməsini problem kimi qəbul etmək düzgün olmazdı".
Dini Komitə...
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi həmişə öz tədbirlərinə medianı dəvət etsə də, sonuncu dəfə qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələrin təqdim olunmasına heç bir mətbuat çağırılmayıb. Komitənin Nəşriyyat və redaksiya şöbəsinin müdiri Elçin Cabbarov APA-ya bildirib ki, bunun xüsusi bir səbəbi olmayıb: "Sadəcə, son vaxtlar dini icmalara şəhadətnamələrin təqdim olunması ilə bağlı bir neçə dəfə tədbir keçirilib, hamısında da mətbuat iştirak edib. Bu artıq adi hal kimi qəbul olunduğundan, mətbuatı növbəti tədbirlərə dəvət etməyi lazım bilmədik". E.Cabbarov komitənin yaxın vaxtlarda keçiriləcək digər tədbirlərinə mətbuatın dəvət ediləcəyini bildirib.
MTN...
Milli Təhlükəsizlik Nazirliyinin mətbuat xidmətinin rəhbəri Arif Babayev isə medianın bu qurumun tədbirlərinə dəvət olunmamasının səbəblərini açıqlamayıb: "MTN Kənd Təsərrüfatı Nazirliyi deyil. Nazirliyin həyata keçirdiyi tədbirlər barədə mütəmadi olaraq ictimaiyyətə geniş məlumat verilir və Azərbaycanın milli təhlükəsizliyi sahəsində maraqlarının hərtərəfli təmin olunması istiqamətində KİV-lə əlaqələrə böyük önəm verilir".
Kənd Təsərrüfatı Nazirliyi...
Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev deyir ki, hansı mətbuat orqanı aktiv olaraq nazirliklə əməkdaşlıq edirsə, onlar da tədbirlərə dəvət olunur: "Biz özümüz də maraqlıyıq ki, nazirliyin tədbirləri, fəaliyyəti mətbuatda işıqlansın. Hansı mətbuat orqanı informasiya məkanında layiqli yer tutubsa, hansı mətbuat orqanı bizim məlumatları təhrif etmirsə, heç bir fərq qoymadan onları bütün tədbirlərimizə dəvət edirik. Mətbuatla münasibətlərdə hər hansı problem yoxdur".
MSK...
Mərkəzi Seçki Komissiyası medianı fərq qoymadan bütün tədbirlərə, iclaslara dəvət etsə də, MSK-da keçirilən görüşlərə heç bir KİV təmsilçisi çağırılmır. Qurumun mətbuat xidmətinin rəhbəri Azər Sarıyev bildirir ki, bu, MSK rəhbərliyilə görüşən tərəfin istəyindən asılı məsələdir: "MSK rəhbərliyilə görüşən tərəflər medianın da görüşdə iştirakını arzu etsələr, bizim tərəfimizdən heç bir problem olmaz".
Hərbi Prokurorluq...
Hərbi Prokurorluğun mətbuat xidməti isə KİV-i kollegiya iclaslarına çağırmamaqla bərabər, həm də lazım olan məlumatları açıqlamır. Lakin APA-nın əməkdaşı bunun səbəblərilə bağlı mətbuat xidmətinin rəhbəri Əfrayim Təhməzovdan heç bir cavab ala bilməyib.
Ali Məhkəmə...
Ali Məhkəmənin də mətbuat xidmətindən məlumat almaq asan deyil. Media nümayəndələri bu qurumun plenumlarına dəvət edilmir, konkret işlər üzrə məhkəmə prosesinin nəticəsilə bağlı məlumat almaq olmur, məhkəmə iclaslarına media buraxılmır. Bunun səbəblərini öyrənmək üçün mətbuat xidmətinin rəhbəri Allahverdi Nehrəmli ilə əlaqə saxlamaq mümkün olmayıb. Mövzu ilə bağlı, həmçinin, Nəqliyyat, Maliyyə nazirliklərinin, Konstitusiya Məhkəməsinin mətbuat xidmətlərindən münasibət öyrənmək mümkün olmayıb. Bakı Şəhər İcra Hakimiyyətində də belə qurumun varlığı diqqəti çəkmir.
Lakin işinə vicdanla yanaşan, jurnalistləri, demək olar ki, istisnasız olaraq bütün tədbirlərinə, görüşlərə dəvət edən dövlət qurumları da var. Mədəniyyət və Turizm Nazirliyi, Gənclər və İdman Nazirliyi, Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi, Dövlət Sosial Müdafiə Fondu, "Azərenerji" ASC, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu sıraya daxildir. Lakin iqtisadi inkişaf naziri Şahin Mustafayevdən eksklüziv müsahibə almaq hələ heç bir KİV-ə nəsib olmayıb.
Məsələ ilə bağlı APA-ya açıqlama verən Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov bildirib ki, Azərbaycanda ali idarəetmə strukturları, mərkəzi icra hakimiyyəti qurumları öz fəaliyyəti, il ərzində gördüyü işlərin əhaliyə çatdırılmasında maraqlı olmalıdır: "Bunun da yeganə mexanizmi KİV-dir. Ona görə də, biz bu işlərdə mütəmadi olaraq mətbuat xidmətlərinə, mərkəzi və yerli icra hakimiyyəti orqanlarına, ictimaiyyətlə əlaqələr bölmələrinə tövsiyə edirik ki, görülmüş işlərin cəmiyyətə çatdırılmasında mətbuatın imkanlarından geniş şəkildə istifadə etmək lazımdır. Bu, dövlət siyasətinin əsas prinsiplərindən biridir. Son 10 ildə mətbuat xidmətlərilə KİV arasında əlaqələrin yaradılması, birgə seminar və treninqlərin keçirilməsi, onların bir-birilə əlaqələrinin güclənməsi üçün işlər görürük, bundan sonra da bu kimi tədbirlər davam edəcək".