Dənizdən tapılan meyit Elçin Əfəndiyevin köməkçisinin kürəkəni imiş
Ekspertiza rəyi açıqlanıb
Yanvarın 19-da Qaradağ rayonunun Qrunt adasında yerləşən "Nəriman Neft" şirkətinin estakadasında balıqçılar tərəfindən tapılan naməlum kişi meyitinin kimliyi müəyyənləşib.
Bu barədə Lent.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumatda keçirilən ekspertiza nəticəsində mərhumun 2009-cu il sentyabrın 28-də itkin düşmüş Bakı şəhəri, Nəsimi rayon sakini, 1977-ci il təvəllüdlü Kazımov Tahir Həsən oğlu olmasının müəyyənləşdiyi bildirilib.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Tahir Kazımov baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovun kürəkənidir. O, həmin vaxt Səngəçal terminalına balıq tutmağa gedibmiş və ehtiyatsızlıqdan dənizə düşüb. Hadisə baş verən günlərdə mətbuat T.Kazımovun qaçırılaraq öldürüldüyünü yazmışdı. Mərhum "Nikoyl" Bankın əməkdaşı olub, 2 azyaşlı övladı var.
Vaqif Hüseynovla əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalıb.