.jpg)
Milli Məclisin Regional məsələlər komitəsinin sonuncu iclasında məruzə ilə çıxış edən Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə bəzi maraqlı məqamlara toxunub. O bildirib ki, ötən il ərzində bələdiyyələrin fəaliyyətində irəliləyişlərə nail olunub, qanunvericilik bazası təkmilləşdirilib, maarifləndirmə işləri aparılıb və müsbət təcrübə əldə olunub.
M.Səlimzadənin sözlərinə görə, il ərzində bələdiyyələrin fəaliyyətilə bağlı yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində 34 bələdiyyə tərəfindən ciddi qanun pozuntularına yol verilib. 23 fakt üzrə materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib: "Eyni zamanda, qanunsuz icarəyə verilən 5071 hektar torpaq sahəsi geri qaytarılıb. 16 milyon manat vəsaitin qanunsuz xərcləndiyi aşkarlanıb". M.Səlimzadə hazırda Azərbaycanda 1518 bələdiyyənin mövcud olduğunu, onlardan 9-da təkrar bələdiyyə seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb.
Cənab Səlimzadənin məruzəsində diqqətimizi cəlb edən əsas məqam bələdiyyələrin fəaliyyətilə bağlı detalların açıqlanmamasıdır. Yəni məruzədə daha çox ümumi vəziyyət göstərilib. Konkret hansı bələdiyyənin nə kimi neqativ hallara yol verdiyi məlum deyil. Bu baxımdan yaxşı olardı ki, məruzədə ümumi hallar deyil, konkret faktlar, detallar öz əksini tapsın.
Bələdiyyə məsələləri üzrə ekspert Vüqar Tofiqli bizimlə söhbətində bildirdi ki, bələdiyyələrin hesabatlılığı ilə bağlı müəyyən problemlər var. Qanunla bələdiyyələr Milli Məclis qarşısında hesabat verməlidir. Bələdiyyələr öz fəaliyyətilə bağlı Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə hesabat verir. Mərkəz isə ölkə üzrə yerləşən bələdiyyələrin hesabatlarını ümumiləşdirərək Milli Məclisə hesabat verir. Mərkəzin hesabatında detallara varmaq çox çətindir".
Ekspertə görə, bələdiyyələrin fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən vətəndaşların şikayətləri əsasında araşdırılır. Bələdiyyələrin fəaliyyəti Maliyyə Nazirliyi tərəfindən də yoxlana bilər.