.jpg)
Azərbaycan prezidenti İlham Əliyev ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında fərman imzalayıb. APA-nın məlumatına görə, fərmana əsasən, 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçiriləcək.
Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunacaq.
Mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilər.
Müəyyən edilib ki, dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir, hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirliklərilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir, Nazirlər Kabineti, dövlət sifarişinə uyğun olaraq, aidiyyəti nazirliklərin təqdim etdiyi təkliflər əsasında hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun proqnozunu təsdiq edir, ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişilə təhsil almaq hüququnu qazanan abituriyentlər, mülkiyyət formasından asılı olmayaraq, təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdir.
Nazirlər Kabinetinə tapşırılıb ki, 2010-cu ilin martın 15-dək 2010/2011-ci tədris ili üçün dövlət sifarişilə tələbə qəbulunun proqnozunu təsdiq etsin, sonrakı illərdə isə hər il avqust ayının 1-dək növbəti və sonrakı üç tədris ili üçün dövlət sifarişilə tələbə qəbulu proqnozunun təsdiq olunmasını təmin etsin, ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqilə bağlı qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının iki ay müddətində bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin, bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirliklərinə isə xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini özündə əks etdirən normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına isə tapşırılıb ki, 2010/2011-ci tədris ilindən başlayaraq dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi ilə bağlı qəbul qaydalarında bu fərmandan irəli gələn dəyişiklikləri aparsın və digər zəruri tədbirləri həyata keçirsin, dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin vahid elektron məlumat bazasının yaradılmasını və zənginləşdirilməsini təmin etsin.