.jpg)
Masazır qəsəbəsinin Yeni Bakı massivində yerləşən evləri su basıb. Yaxınlıqda yerləşən duzlu gölün səviyyəsi qalxıb və su həyətlərə dolub. Sakinlərin Milli.Az xəbər portalına verdiyi məlumata görə, həmin ərazidə təxminən 20-30 ev suyun içərisindədir.
Sakinlər suyun səviyyəsinin qalxmasını yeni tikilən evlərdən, o cümlədən yaxınlıqdakı restorandan axıdılan çirkab sularının çoxalması ilə əsaslandırırlar. "Bir müddət əvvəl işlər aparıldı, suyun səviyyəsi az da olsa aşağı salındı, lakin qarın yağması ilə vəziyyət yenə də acınacaqlı hal alıb" - deyə onlar əlavə etdilər. Sakinlər, tezliklə tədbir görülməsə, evlərinin uçacağından qorxur. Belə ki, həyətlərə dolan su duzlu olduğundan, evlərin daşları eroziyaya uğrayaraq zədələnib. Masazır bələdiyyəsinin sədri Ziyanfər Əliyev Milli.Az-a faktı təsdiqləyərək bildirdi ki, hazırda suyun səviyyəsinin aşağı salınması istiqamətində işlər aparılır, ərazidə nasoslar quraşdırılıb. Suyun səviyyəsi təxminən 70 santimetrədək endirilib. Bələdiyyə sədrinin sözlərinə görə, həmin ərazidə "Qotur göl" deyilən göl yerləşir və orada mütəmadi olaraq belə problemlər yaşanır: "Əvvəllər suyun qarşısını almaq mümkün olurdu, lakin hazırda həmin ərazidə məskunlaşma artdığına görə, kanalizasiya suları da suyun səviyyəsini artırır". Z.Əliyev problemin suyun qurudulması ilə bitmədiyini vurğulayır: "Su sahələri qurudulduqca, sakinlər qanunsuz olaraq həmin əraziləri mənimsəyərək evlər tikir. Bir müddət əvvəl 4 hektar ərazinin suyu quruduldu. Sonradan bir qrup şəxs qaçqın adından istifadə edərək həmin ərazini zəbt edib evlər tikdi"- deyə Z.Əliyev əlavə edib. Bələdiyyə sədri su basmış evlərin hamısının qanunsuz tikildiyini deyib. Həmin evlərin sahiblərinə heç bir sənəd-sərəncam verilməyib.