.jpg)
İki gün öncə radələrində Muğanlı (Şamaxı)- İsmayıllı magistral yolunun ikinci kilometrində sürüşmə baş verib.
İsmayıllı rayon 10 saylı Yol İstismar İdarəsinin rəisi Məhəmməd Musayevin APA-nın Şirvan bürosuna verdiyi məlumata görə, hadisə nəticəsində yolun 12 metr enində 400 metrlik hissəsi tamamilə dağılıb. Hadisə nəticəsində 1-3 metr dərinlikdə yarğanlar əmələ gəldiyindən, nəqliyyatın hərəkəti tam dayandırılıb.
"Hadisə yerinə FHN Şimal-Qərb Regional mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin və Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin əməkdaşları gəlib" - deyə idarə rəisi bildirib.
Onun sözlərinə görə, əraziyə "Azəryolservis" ASC-nin 10 ədəd texnikası gətirilib.
"Bu, ölkənin paytaxtını Şimal-Qərb regionu ilə birləşdirən əsas yoldur. Burada nəqliyyatın hərəkətini tezliklə bərpa etmək məqsədilə Bakıdan da texnika gətirilib. Lakin sürüşmə zonası getdikcə böyüdüyü üçün alternativ torpaq yolun çəkilişi istiqamətində işlər bu gün səhər saatlarında başlanacaq" - deyən M.Musayev onu da bildirib ki, hadisənin baş verdiyi ərazi daimi sürüşmə zonasına aiddir. "Burada sürüşmə hadisəsi ilin payız-qış aylarında, yağıntılarla əlaqədar mütəmadi olaraq baş verir. Lakin bu cür irimiqyaslı sürüşmə, ilk dəfədir ki, baş verir. Hadisə nəticəsində avtomobillərə ziyan dəyməyib, xəsarət alan yoxdur".
Elə dünən nəqliyyatın hərəkətini təmin etmək üçün alternativ yolun açılmasına başlanıb. Bu barədə "APA-Economics"ə "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
P.Mürsəliyevin sözlərinə görə, torpaq sürüşməsi magistralın 400 metrə yaxın hissəsini sıradan çıxarıb.
Dünən Fövqəladə Hallar Nazirliyi Muğanlı-İsmayıllı avtomobil magistralında baş verən torpaq sürüşməsilə bağlı məlumat yayıb. FHN-in rəsmi internet səhifəsində yayılan məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qeyd edilən ərazidə təqribən 200 metr radiusda torpaq sürüşməsinin baş verdiyi məlum olub.
Araşdırmalar nəticəsində sürüşmə hadisəsinin Muğanlı-İsmayıllı avtomobil yolunda təbii və texnogen amillərin təsiri nəticəsində baş verdiyi müəyyənləşib.
Bu ərazidə sürüşmə təhlükəli sahələr avtomobil yolunun 2-ci, 5-8-ci kilometrliyində mövcuddur.
Sürüşmə baş verən ərazi Ağsu çayının sahilində yerləşir və sürüşmə sahəsinin uzunluğu 400-500 metr, eni 30-70 metr, qırılma qaşının hündürlüyü 3-5 metr təşkil edir. Dünən gün boyu torpaq sürüşməsinin baş verdiyi Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə fasilələrlə davam edib və saatda 1-1,3 metrədək məsafədə torpaq axını müşahidə olunub.
Təhlükənin qarşısının alınması məqsədilə ərazi FHN-in Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.