Kürdəmirin Mollakənd və Türkədi kəndində
60-a yaxın ev yeraltı qrunt sularının altında qaldı
Kürdəmir rayonunun Mollakənd və Türkədi kəndlərində yeraltı qrunt sularının səviyyəsi qalxıb və yaşayış evlərinə, əkin sahələrinə ziyan dəyib.
APA-nın yerli bürosunun xəbərinə görə, Kür çayının kənarında yerləşən həmin yaşayış məntəqələrində hündürlüyü 30-40 santimetrdək qalxan yeraltı qrunt suları 60-a yaxın həyət evinin zirzəmisini, tövlələri basıb, insanların gediş-gəlişini çətinləşdirib. Vətəndaşların müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işçiləri tərəfindən hazırda qeyd edilən ərazilərin qrunt sularından təmizlənməsi istiqamətində müvafiq işlər görülür. Qrunt sularının çəkilərək başqa yerə axıdılması üçün 4 ədəd nasos və digər qurğulardan istifadə olunur. Məlumata görə, Kür çayında lil və çöküntülərin artması, suyun səviyyəsinin qalxması nəticəsində mütəmadi olaraq ətrafdakı kəndlərə yeraltı qrunt suları sızıb. İlk dəfədir ki, qrunt suları geniş ərazini əhatə edib və yaşayış evlərinə ziyan vurub.