İllər boyu səhmdarlara pay verilməməsi və gəlirlərin gizlədilməsi ölkə boyu narazılıqları artırıb
Qadir İbrahimli: "Rəsmi səviyyədə yoxlamalara start verilərsə və bu yoxlamalar obyektiv aparılarsa, müsbətə doğru bəzi dəyişikliklər baş verə bilər"
Ramil Osmanov: "Vergi qanunvericiliyində ciddi liberal dəyişikliklər baş verməlidir və bundan sonra həmin prosesə hansısa formada müdaxilə etmək olar"
.jpg)
Ötən illər ərzində Azərbaycanda səhm bazarı bu və ya digər dərəcədə formalaşıb. Lakin bütün bunlara baxmayaraq, ölkədəki səhmdar cəmiyyətlərin arzuolunan səviyyədə fəaliyyəti hiss olunmur. Məlumat üçün qeyd edək ki, səhmdar cəmiyyət təsərrüfat cəmiyyətlərinin bir növüdür. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatı səhmdar cəmiyyət adlanır.
Səhmdar cəmiyyətin iştirakçıları (səhmdarları) əllərində olan səhmlərin nizamnamə kapitalındakı payı nisbətində cəmiyyətin gəlirlərinin bölüşdürülməsində iştirak edir. Dünyada açıq və qapalı səhmdar cəmiyyətlər mövcuddur.
Azərbaycanda səhmdar cəmiyyətlər, nədənsə, özlərinə geniş yer tapa bilməyib. Halbuki, müasir dünya iqtisadiyyatı məhz səhmdar kapitalın daha səmərəli olduğunu çoxdan sübut edib. Ekspertlər bunu bizdə həm şərikli malın dəbdə olmaması ilə, həm də bəzi iri səhmdarların öz fəaliyyətləri barədə məlumat vermək istəməməsilə izah edir. Məsələ ondadır ki, səhmdar cəmiyyətin üzvü olan səhmdarlar sahib olduqları səhm payına uyğun olaraq dividend əldə edə bilmir. Səhmdar nə zaman bununla bağlı müraciət edirsə, o dəqiqə müəssisə sahibi deyir ki, pul yoxdur. Müəssisə ziyanla işləyir. Ölkədə çoxlu sayda səhmdar cəmiyyət formasında fəaliyyət göstərən daş karxanaları və digər istehsalat obyektləri var ki, onların guya ziyanla işləməsi əsla inandırıcı deyil. Ölkə vətəndaşlarının bir çoxu özəlləşdirmə paylarını səhm şəkilində müəssisələrə qoysa da, bundan faydalana bilmir.
Ümumiyyətlə, hazırda ölkədə 1600-ə qədər səhmdar cəmiyyət var. Amma son 3 ildə onların 50-yə qədəri ləğv edilib. 1997-ci ilin sentyabrından ölkəmizdə Milli Depozit Mərkəzi də fəaliyyətə başlayıb. 1999-cu ildə isə Milli Depozit Mərkəzi yenidən təsis edilib və səhmlərin tam həcmi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə keçib. Bizdə səhmdar cəmiyyətlər daxilində belə şəffaflıq hökm sürmür. Əksər cəmiyyətlərdə iri payçılarla kiçik payçılar arasında ziddiyyətlər mövcuddur. Qeyd olunduğu kimi, iri pay sahibləri müəssisənin gəlirlə işləmədiyini bəhanə edərək kiçik səhmdarları dividenddən məhrum edir.
Yayılan məlumatlara görə, yaxın günlərdə dövlət orqanları SC-lərdə ciddi yoxlamalara start verəcək. Sözügedən cəmiyyətlərin gəlirlə işlədiyi müəyyən edilərsə, o zaman həmin qurumlara qarşı ciddi cəza tədbirləri görüləcək.
İqtisadçı-ekspert Ramil Osmanovun fikrincə, səhmdarlara normal işgüzar mühit yaradılmadığından, SC-lər öz gəlirlərini gizlədirlər: "O üzdən ikili mühasibatdan istifadə edirlər. Nəticədə də dövlət büdcəsi böyük vəsait itkisilə üzləşir. Ümumiyyətlə, bu dividend məsələsi o qədər aktual problemdir ki, bu barədə 500 səhifəlik kitab yazsan, yenə bəs etməz. Bu baxımdan hesab edirəm ki, sözügedən məsələ öz həllini tapmalıdır. Yəni Azərbaycanın vergi qanunvericiliyində ciddi liberal dəyişikliklər baş verməlidir və bundan sonra həmin prosesə hansısa formada müdaxilə etmək olar. Əks təqdirdə, hesab etmirəm ki, bu yoxlamaların elə bir ciddi nəticəsi olsun. Digər tərəfdən, dövlət orqanlarının bu məsələyə necə yanaşmasından da çox şey asılıdır. Məsələ ondadır ki, dövlət orqanlarının bu istiqamətdəki fəaliyyəti hələlik qənaətbəxş deyil. Bundan sonra konkret bu məsələyə ictimai nəzarət olarsa və daha yuxarı instansiyalar çox ciddi formada bu məsələni nəzarətdə saxlayacaqsa, bunun nəticəsi olacaq. Əks təqdirdə bunun praktiki nəticəsi olmayacaq. İş ondadır ki, müəyyən müəssisələrin bağlılığı bəzi dövlət məmurlarına gedib çıxır. İnanmıram ki, həmin məmurlar bu məsələnin tam obyektiv araşdırılmasına şərait yaratsın".
İqtisadçı-ekspert Qadir İbrahimli sözügedən problemin mövcudluğunu Azərbaycanda qiymətli kağızlar bazarının formalaşmaması ilə əlaqələndirdi: "İşgüzar çevrələrin mədəniyyət səviyyəsi o qədər də yüksək deyil ki, gəlirlərinin leqal həcmini göstərsin və ondan dividend versin.
Deməyim odur ki, sözügedən problemin yaxın illərdə Azərbaycanda öz həllini tapacağını gözləmirəm. Bunun üçün uzun vaxt lazımdır.
Ancaq bütün hallarda səhmdar cəmiyyətlərdə rəsmi səviyyədə yoxlamalara start verilərsə və bu yoxlamalar obyektiv aparılarsa, müsbətə doğru dəyişikliklər baş verə bilər".