Rüşvətxor icra nümayəndəsinə hökm oxundu
Ağalar Ağayev 8 il aldı
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə rüşvət almaqda və vəzifə saxtakarlığında ittiham olunan Cəlilabad rayonunun Privolnoye kənd icra nümayəndəsi Ağalar Güləşxan oğlu Ağayevə hökm oxunub.
APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə A.Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Ağalar Ağayev ötən il avqustun 14-də Cəlilabad rayonunun Privolnoye kənd icra nümayəndəsi vəzifəsində işləyərkən həqiqi hərbi xidmətdə olan Həsənov İsa Adil oğlu ilə Ağayeva Ofeliya Elxan qızına nikah kəsib. Nikah haqqında şəhadətnaməni də öz imzası və möhürü ilə təsdiqləyib. İstintaqda dindirilmiş Ofeliya Ağayeva ifadəsində göstərib ki, İsa Həsənovla nikah bağlatdırmaq üçün icra nümayəndəsinə müraciət etmək təşəbbüsü ondan gəlib. İcra nümayəndəsi də ondan 300 manat rüşvət alaraq, vəzifə səlahiyyətini aşmaqla, gənclərin nikahını kəsib. Məsələnin üstü açılanda isə məlum olub ki, İsa Həsənovun adından yazılmış ərizə və nikah haqqında aktdakı imza saxtadır. Qeyd edək ki, Ağalar Ağayev Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur.