Fermerlərin istifadəsiz saxladığı böyük torpaq sahələri barədə sərt tədbirlər görülə bilər
Nüsrət İbrahimli: "Torpaq sahibi üç il ardıcıl olaraq ondan istifadə etmirsə, bununla bağlı hansısa ölçü götürülməlidir"
.jpg)
Adətən torpaq əhaliyə elə-belə deyil, onu becərmək və əkmək üçün verilir ki, buradan məhsul alınsın. Amma bəzən elə olur ki, torpaq islahatı nəticəsində müəyyən paya sahib olan vətəndaş onu uzun müddət istifadəsiz saxlayır.
Belədə isə əkilməmiş torpaq sahələrini ot-alaq bürüyür. Bunun qarşısını almaq və torpaqların əkilməsinə rəvac vermək üçün bir sıra ölkələr son illər bəzi tədbirlərə əl atmalı olub. Belə ki, Rusiyanın bir sıra quberniyalarında 3 il müddətində istifadəsiz qalan fermer torpaqlarının məcburi qaydada satışa çıxarılması barədə qərar verilib. Satışdan əldə edilən vəsait hesabına torpağın əvvəlki sahibinin haqqı ödəniləcək. Bu qərar, xüsusən də ölkənin Ryazan və Penza quberniyalarında geniş vüsət alıb. Həmin quberniyalarda xeyli torpaq sahəsi, uzun müddətdir ki, əkilmir. Fermerlər imkansız olduqlarını əsas gətirərək, islahat nəticəsində əldə etdikləri torpaq sahələrini, uzun müddətdir ki, istifadəsiz saxlayıb. Belə halda isə kənd təsərrüfatı məhsullarının istehsalı azalır və nəticədə ölkə bu məhsullarla lazımi səviyyədə təmin edilmir. Bu isə indiki böhran şəraitində Rusiyanın kənd təsərrüfatını daha ağır duruma salır. Görünür, Rusiya rəsmiləri bu amili nəzərə aldıqlarındandır ki, üç ildən artıq müddətə əkilməyən torpaqların məcburi qaydada satışa çıxarılmasına qərar verməli olub. Azərbaycanda da bu sahədə vəziyyət ürəkaçan deyil. Belə ki, ölkəmizdə də bir sıra şəxsi torpaq sahələri, uzun müddətdir ki, "dincə" qoyulub. Əhalinin bir hissəsi, maliyyə imkanlarının kasadlığı səbəbindən, 1997-ci ilin islahatı nəticəsində əldə etdiyi torpaqları becərə bilmir. Bəziləri də səhlənkarlıq üzündən bu günə kimi həmin torpaqları istifadəsiz qoyub. Belə torpaqlardan əksər hallarda onun sahibi otlaq kimi bəhrələnir. Bildiyimiz kimi, Azərbaycan kənd təsərrüfatı ölkəsi kimi tanınır. Bu mənada, ölkənin həmin məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsi olduqca vacibdir. Çünki özünün geniş imkanları olduğu halda əhalinin əsas istehlak etdiyi məhsullar sırasında önəmli yer tutan aqrar sahə məhsullarının kənardan gətirilməsi ölkə büdcəsində də əlavə yükə səbəb olur. Digər tərəfdən, torpaq əhaliyə məhz onu becərib məhsul yetişdirmək üçün verilir. Heç nə heç kimə elə-belə verilmir axı. Bu mənada Rusiyadakı, sözügedən təcrübənin ölkəmizdə də həyata keçirilməsi məqsədəuyğun ola bilər. Ekspertlər də bunu mümkün sayır. Belə ki, NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli bizdə də analoji tədbirlərin görülməsinə ehtiyac olduğunu və bu istiqamətdə zamanın yetişdiyini düşünür: "Nəinki buna ehtiyac var, ümumiyyətlə zamanı yetişib. Bu gün özəlləşməyə verilən pay torpaqlarının bir hissəsi istifadə olunsa da, böyük hissəsi istifadədən kənarda qalıb. Ona görə də hesab edirəm ki, həmin torpaqların boş qalmasındansa, onların istifadəyə verilməsi üçün nəsə məcburi bir qərarın qəbul edilməsi vacibdir. Torpaq sahibi üç il ardıcıl olaraq ondan istifadə etmir, ortalığa məhsul qoymursa, bununla bağlı hansısa bir ölçü götürülməlidir. Düşünürəm ki, həmin məsələnin həll edilməsinin zamanı artıq yetişib. Bu mənada, Rusiyadakı təcrübənin bizdə də istifadəsi zəruridir. Torpaq sahəsi əkin və ya maldarlığın inkişaf etdirilməsi üçün verilir. Həmin müddəalar torpaq verilərkən də şərtlərdə öz əksini tapıb. Ona görə də şərtlərə əməl edilməlidir. Əməl olunmursa, nəsə bir tədbir görülməlidir ki, torpaq əkilsin".