.jpg)
Dünən fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlı qəzetimizə məktub göndərib.
Baş redaktorumuza ünvanlanmış məktubda deyilir: "Qəzetinizin 11 fevral 2010-cu il tarixli sayında dərc olunmuş "Təhsil Nazirliyinin Əlövsət Osmanlı ilə müqaviləsinə niyə xitam verilib?" adlı yazını oxudum.
Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupunun hazırladığı həmin yazıda haqqımda çoxlu sayda həqiqətə uyğun olmayan fikirlər yer aldığından, oxucuların diqqətinə aşağıdakıları çatdırmağı lazım bilirəm:
1. Müxtəlif mətbuat orqanlarında, eləcə də "Azadlıq" qəzetinin səhifələrində dərc olunan yazılarımın əksəriyyəti xalqımız üçün taleyüklü bir məsələyə - təhsilimizdə aparılan islahata həsr olunub. Qrupun cavab adı ilə təqdim etdiyi yazıda isə, guya mənim tənqidlərimin dərsliklərim müsabiqədən keçmədiyi vaxtdan - 2008-ci ildən başladığı iddia olunur. Yalandır, pedaqoji ictimaiyyət təhsilimizin məzmunu ilə bağlı yazılarımı ən azı 1998-cu ildən bəri müntəzəm izləyir. Hətta onların bir hissəsini "Kiçik riyaziyyatın böyük bəlaları" adlı kitabda çap etdirmişəm. Həmin yazılarla bağlı 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində ikigünlük konfrans da keçirilib. Kiminsə üzünə gülüb, arxasınca quyu qazmaq "istedad"ına sahib olmadığımdan, təhsillə bağlı fikirlərimi, şəxsi işlərimin gedişatından asılı olmayaraq, həmişə açıq söyləmişəm. Axı nöqsanları gizlətməyin nəticələrinin nə olduğunu hamı yaxşı bilir. Onlar çox yaxşı bilirlər ki, 1998-ci ildən nazirliklə münasibətlərimiz kəsilənədək mən dərsliklərdəki nöqsanlarla bağlı 100-ə yaxın tənqidi-analitik yazı dərc etdirmişəm, dəfələrlə telekanallarda təhsilin məzmunu ilə bağlı kəskin fikirlər söyləmişəm, təhsil naziri M.Mərdanovun həmmüəllifi olduğu "Cəbr-7" dərsliyinin əlyazmasına mənfi rəy yazmışam, "Xalq qəzeti"ndə dərsliklərin çapındakı ləngimələrlə bağlı "Sentyabr sindromu" və tədris planında aparılan elmi əsası olmayan dəyişikliklərlə bağlı "Kiçik riyaziyyatın yeni bəlaları" adlı həddən artıq kəskin yazılar dərc etdirmişəm, dərsliklərlə bağlı keçirilən kollegiyalarında dəfələrlə nazirliyin ünvanına tənqidi fikirlər söyləmişəm, nazirlə şəxsi görüşümdə bəzi dərsliklərdə himnimizin başqa dillərdə verilməsinin dövlətimiz üçün təhqir olduğunu bildirmişəm, 7-ci sinif üçün "Fransız dili" dərsliyinin adının "Fransanı kəşf edirəm" olmasının dövlətə qarşı həqarət olduğunu demişəm, həmin dərslikdə verilən materialların 98 faizinin Azərbaycanla bağlı olmadığını, Fransa tarixini, mədəniyyətini, idmanını, coğrafiyasını və s.-ni əhatə etdiyini çəkinmədən nazirin qarşısına qoymuşam və s.
2. Kurrikulum islahatına, faktiki olaraq, 2008-ci ildən başlanıbsa, mənim bu islahatla bağlı fikirlərim mətbuatda həmin tarixdən əvvəl necə dərc oluna bilərdi?!
3. 24 fevral 2006-cı il tarixində Təhsil Nazirliyilə milli məsləhətçi qismində bağladığım müqavilədən 15 mart 2007-ci il tarixində rəsmi məktubla imtina etmişəm. Onun səbəbini mətbuatda bildirdiyimdən, yenidən bu məsələyə qayıtmaq istəmirəm.
Amma bir mühüm detalı qeyd etməyi lazım bilirəm: Həmin müddətdə bütün milli məsləhətçilər bu xidmətə görə maaş aldıqları halda, kurrikulumun nüvəsi olan məzmun standartları bölməsini yazan şəxs kimi bu iş üçün alacağım 5600 ABŞ dollarından imtina etmişəm. Kurrikulumun əsas hissəsini yazan mənəmsə, qrup mənim heç nə eləmədiyimi iddia etməklə oxucuları çaşdırmaq istəmirmi?! Yox, bunu başqasının yazdığını iddia edirlərsə, onda buyursunlar, həmin şəxsin adını oxuculara açıqlasınlar.
4. Qrup Dünya Bankının kurrikulum islahatına xərclənən vəsaitlərinin ictimaiyyətə açıq olduğunu bildirir. Belə olan halda, xahiş edirəm, həmin hesabatı, eləcə də "Dərslik siyasəti" ilə bağlı xərclənən vəsaitin hesabatını sizin redaksiyanıza təqdim etsin. Mən deyilənlərin yalan olmadığına inanmaq üçün sənədləri bir ay gözləməyə hazıram.
5. Yaxşı olar ki, qrup mübahisələri məişət səviyyəsinə endirmək əvəzinə, yazılarımda dəfələrlə qaldırdığım aşağıdakı ciddi məqamlara münasibət bildirsin: kurrikulumların məzmun standartlarının mahiyyəti və formalaşdırılma mexanizmləri pedaqoji ictimaiyyətə bəlli deyil, islahatla əlaqədar müəllim hazırlığı düzgün aparılmır, "islahat" adı altında riyazi təhsilimizin təməlləri laxladılıb, I, II siniflərdə riyazi təhsilimizin məzmunu dağıdılıb, onun fəlsəfəsi dəyişib və bu bəla yavaş-yavaş yuxarı siniflərə də sirayət etməkdədir, kurrikulumlardakı fəndaxili və fənlərarası inteqrasiya cədvəlləri, eləcə də qiymətləndirmə standartları yalançı şeylərdir, spesifik xüsusiyyətləri nəzərə alınmadan bütün fənlər üçün eyni təlim strategiyalarının verilməsi, habelə kurrikulumlara dərs nümunələrinin daxil edilməməsi normal hal deyil, tədris planları elmi, pedaqoji və psixoloji əsaslar üzərində qurulmayıb, Dərslikləri Qiymətləndirmə Şurası komplektlərin seçimində müstəqil deyil və saxtakarlığa yol verir, Dərsliklər hələ də tender yolu ilə yox, bir mənbədən satınalma yolu ilə seçilir, Təhsil Problemləri İnstitutunda fəaliyyət göstərən Kurrikulum Mərkəzi öz funksiyasını düzgün yerinə yetirmir.