.jpg)
Dünən, fevralın 11-də Tehranda İslam İnqilabının 31-cü ildönümü münasibətilə keçirilən nümayişlər zamanı müxalifətçilərlə hökumət tərəfdarları arasında toqquşmalar olub. Şəhərin mərkəzində prezident Mahmud Əhmədinejad minlərlə tərəfdarı önündə çıxış eləyib.
Müxalifət tərəfdarları isə Əhmədinejad əleyhinə şüarlar səsləndirərək, ötən ilin iyun seçkisinin nəticələrinə etiraz edib. Aksiyalar zamanı müxalifət liderləri Mehdi Kərrubi və Məhəmməd Hatəmi hökumət qüvvələri tərəfindən hücuma məruz qalıb. Bu barədə "Azadlıq" Radiosunun İran xidmətinə Kərrubinin oğlu - Hüseyn Kərrubi məlumat verib.
Hüseyn Kərrubi bildirib ki, atası xəsarət almayıb, ancaq onun ətrafındakılar döyülüb. Kərrubinin maşınına da ərazini tərk edərkən hücum olub.
"Fərda" Radiosu bildirir ki, sabiq prezidet Hatəminin maşını da Tehranda müxalifət yürüşünə gedərkən hücuma məruz qalıb.
İran xidmətinin məlumatına görə, hökumət qüvvələri və müxalifət tərəfdarları arasında toqquşma Tehranın mərkəzi və şimal-qərbində də olub.
Tehrandan başqa digər şəhərlərdə də etirazlar qeydə alınıb. Şahidlərin sözlərinə görə, İsfahanda da Təhlükəsizlik qüvvələri 20 müxalifətçini həbs edib.
Müxalifətin yaydığı başqa bir xəbərdə isə bildirilib ki, Tehranda etirazçı nümayişçilərə odlu silahdan atəş açılıb. Tutulan və xəsarət alanlar barəsində məlumat yayılmayıb.
Dünən Tehranda İslam İnqilabının 31-ci ildönümü münasibətilə keçirilən mitinqlər zamanı İranın sabiq Ali lideri Ayətullah Xomeyninin qız nəvəsi Zəhra Əşrafi həbs olunub.
İranın "Parlemannews" saytının verdiyi məlumata görə, Z.Əşrafidən başqa, İranın müxalifət lideri Mehdi Kərrubinin oğlu Əli Kərrubi, İranın sabiq Prezidenti Məhəmməd Hatəminin qardaşı Məhəmmədrza Hatəmi də tutulub. Təhlükəsizlik qüvvələri bu addımı mitinqdə onların təhlükəsizliyinin təmin etmək məqsədilə atdığını bildirib. Məlumatda həmçinin bildirilir ki, mitinqlər zamanı İranın sabiq Prezidenti Məhəmməd Hatəminin avtomobilinə hücum olunub.
Milli.Az MIGnews.com saytına istinadən xəbər verir ki, Tehranın bəzi ərazilərində asayiş keşikçilərilə müxalifət tərəfdarları arasında toqquşmalar başlayıb. Son məlumata görə, həbs edilənlər arasında İranın sabiq prezidentinin qardaşı Məhəmməd Rza Hatəmi və onun xanımı Zəhra Əşrafi (ayətulla Xomeyninin nəvəsi) də var. Müşahidəçilər bildirir ki, deyilənlər həqiqətdirsə, bu, İranın tarixində ən səs-küylü həbslərdən birinə çevriləcək.
Artıq polis getdikcə genişlənən aksiyaların qarşısını almaq üçün tədbirlər görməyə başlayıb. İran prezidenti Mahmud Əhmədinejadın çıxış etdiyi meydandan bir qədər aralıda tərəflər arasında toqquşma baş verib. Müxalifət dairələri onlara atəş açıldığını iddia edir.
İslam İnqilabının 31-ci ildönümü ilə əlaqədar keçirilməkdə olan nümayişlər zamanı ölkənin sabiq prezidentinin qardaşı Məhəmməd Rza Hatəmi və onun həyat yoldaşı həbs olunub.
İranın müxalifət lideri Mir Hüseyn Musəvinin rəsmi xəbər saytı "kaleme.org"-un məlumatına əsasən, İmam Xomeyninin nəvəsi Zəhra Əşrafi və onun həyat yoldaşı eks-prezident Məhəmməd Hatəminin qardaşı Məhəmmədrza Hatəmi həbs olunduqdan bir neçə saat sonra azadlığa buraxılıb. "Polis mitinq iştirakçıları arasında bu iki nəfərin təhlükəsizliyini təmin etmək məqsədilə onları həbs edərək hadisə yerindən uzaqlaşdırıb və sonra azadlığa buraxıb" - məlumatda deyilir. Müxalifət liderlərindən olan Mehdi Kərrubinin həbs edilmiş oğlu Əli Kərrubinin azadlığa buraxılıb-buraxılmaması barədə xəbər verilir.