Azərbaycanla İsrailin daha dərin hərbi əməkdaşlıq səyləri müəyyən dairələrdə narahatlıq doğurub
.jpg)
Azərbaycan və İsrail arasında hərbi sahədə yeni və kifayət qədər genişmiqyaslı hərbi əməkdaşlığın əsasının qoyulması barədə yeni məlumatlar yayılıb. Bildirilir ki, bu yaxınlarda İsrail və Azərbaycan heyətləri arasında gələcək hərbi-texniki əməkdaşlıq istiqamətində ciddi müzakirələr aparılıb və müxtəlif istiqamətlərdə əməkdaşlığı özündə əks etdirən sənədlərin hazırlanmasına dair razılıq əldə olunub.
Məsələ ilə bağlı "MilAz" İnformasiya Agentliyinə məlumat verən mənbə isə qeyd edir ki, yaxın vaxtlarda ölkələr arasında ciddi razılaşmaların əldə edilməsi gözlənir və bu məqsədlə müvafiq sənədlər hazırlanma prosesindədir.
Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın "İzRus" portalının yaydığı xəbərə görə, Azərbaycanın güc strukturlarının yüksək səlahiyyətli nümayəndələrindən ibarət nümayəndə heyəti İsrailə məxfi səfər edib. Nümayəndə heyətinin İsrail hərbi sənayesinin bir sıra obyektlərinə baş çəkdiyi və bu ölkənin hərbi-təhlükəsizlik strukturlarında danışıqlar apardıqları da portal tərəfindən xüsusi vurğulanmışdı. Ötən ilin yayında İsrail prezidenti Şimon Peresin Bakıya səfəri zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığa dair bir sıra mühüm anlaşmalar imzalanıb və bu anlaşmalardan biri də İsrailin Azərbaycanda pilotsuz kəşfiyyat təyyarələri və digər müasir hərbi texnikanın yığılması üçün zavod açması barədə olub. "İzRus" portalı öz mənbəyinə istinadən iddia edirdi ki, həmin hərbi sazişləri imzalamaq üçün iki ölkə arasında dörd il ərzində gizli danışıqlar olub.
İndi isə məsələ ilə bağlı "MilAz" İnformasiya Agentliyi bildirir ki, hərbi sahədə əməkdaşlığın başlanması üçün artıq müvafiq sənədlər hazırlanıb qurtarmaq üzrədir. Bununla bağlı agentliyə məlumat ötürən mənbə bildirib ki, son günlər gerçəkləşdirilmiş qarşılıqlı səfərlərin gedişində tərəflər arasında perspektiv hərbi-texniki əməkdaşlığın detalları müzakirə edilib: "Yaxın vaxtlarda qeyd edilən istiqamətdə konkret addımların atılması qərara alınıb".
Xatırladaq ki, ötən ilin iyununda İsrail və Azərbaycan arasında hərbi-texniki əməkdaşlığa dair ilkin razılıq əldə olunmuşdu. O zaman Bakıda səfərdə olan İsrail Müdafiə Nazirliyinin baş direktoru Pinxas Barel Buxrisin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalovla görüşündə İsrailin Azərbaycanın müdafiə sənayesi sahəsinə hədsiz maraq göstərdiyi və bununla bağlı əlverişli planlara malik olması barədə fikir səsləndirilmişdi. Görüşdə iki ölkənin müdafiə sənayesi obyektləri arasında gələcək əməkdaşlığın perspektivləri müzakirə edilmişdi.
Yuxarıda qeyd olunduğu kimi, İsrail tərəfi yaxın vaxtlarda Azərbaycanla birgə pilotsuz təyyarələrin istehsal edilməsini mümkün hesab edib. Xatırladaq ki, bir müddət əvvəl Azərbaycanın yaxın perspektivdə pilotsuz təyyarə istehsal edə biləcəyinə dair rəsmi bəyanatlar səsləndirilmişdi. Artıq Bakı bu məsələ ilə əlaqədar İsraillə danışıqlara başlayıb. Yaxın vaxtlarda iki ölkənin qeyd edilən istiqamətdə gələcək əməkdaşlığının konturları bəlli olacaq. Mediada yayılan, lakin təsdiqlənməyən məlumatlara görə isə, İsrail prezidenti Şimon Peresin Azərbaycana ötən ilin ortalarında gerçəkləşdirdiyi səfəri zamanı tərəflər Azərbaycanın İsraildən 10 milyon dollarlarla qiyməti olan bir sıra silah, sursat, döyüş texnikası, avadanlıq almasına dair razılığa gəlib.
Xatırladaq ki, müvafiq sövdələşmə 2008-ci ilin sonlarından iki ölkə ictimaiyyətinin diqqətindədir. O zaman Təl-Əvivdə çıxan "Haarets" qəzeti bildirmişdi ki, iki ölkə nümayəndələri arasında əldə olunan razılaşma çərçivəsində Azərbaycana ən son model TAR-21 "Tavor" avtomatik hücum tüfəngləri və bu silah üçün sursat; "Soltam" korporasiyasının istehsalı olan haubitsalar və mərmilər; TAAC konsernin buraxdığı raket-artilleriya sistemləri, mərmi və raketlər; habelə "Tadiran"ın istehsalı olan rabitə sistemləri veriləcək. Bundan başqa, İsrailin "Soltam" korporasiyasının Qazaxıstanın sifarişilə hazırladığı 122 mm çaplı özüyeriyən "Semser" haubitsası və 120 mm çaplı özüyeriyən "Aybat" minaatanlarının da Bakını maraqlandırdığı bildirilir.
"Soltam" da həmin marağı nəzərə alaraq, "KamAZ" yük maşınlarına quraşdırılan "Semser"dən Bakıya satmaq fikrinə gəlib. İsrailin TAAC konserninin istehsal etdiyi "Lynx" ("Vaşaq") çoxməqsədli muxtar raket sistemini "Nayza" adı ilə satacağı da vurğulanır. Məşhur "Elbit" hərbi-sənaye kompleksi Azərbaycana adıçəkilən hər üç artilleriya-raket sistemlərini birləşdirən avtomatik idarəetmə və nəzarət sistemini, "Aeronautics Defense Systems" korporasiyası isə pilotsuz kəşfiyyat təyyarələrini satacaq.
İsrail və Azərbaycan arasındakı bu isti hərbi əməkdaşlıq erməni tərəfini qıcıqlandırmaya bilməz. Lakin nüfuzlu yəhudi təşkilatları ermənilərin İsrailin Azərbaycana silah satmasından narazılığını əsassız hesab edir.
Misal üçün, mərkəzi qərargahı Vaşinqtonda yerləşən Milli Təhlükəsizlik Məsələləri üzrə Yəhudi İnstitutu (JINSA - Jewish Institute for National Security Affairs) bir müddət əvvəl dünya yəhudilərini Azərbaycanın müdafiəsinə dəstək verməyə çağırmışdı. Onu da qeyd edək ki, İsrail dünyanın ən müasir silah istehsal edən bir neçə ölkəsindən biridir.