İsrailin Azərbaycanla viza rejiminin aradan qaldırılması istəyinə Türkiyə mediasından sərt reaksiyalar gəldi
"Vizanın aradan qaldırılması İsraildə Azərbaycan səfirliyinin açılmasından çətindir"
.jpg)
İsrailin xarici işlər naziri Aviqdor Libermanın Azərbaycana üç günlük səfəri və onun nəticələri ölkə sərhədlərindən, xüsusən də Türkiyə və İran tərəfindən xüsusi diqqətlə izlənib. Həmişəki kimi, İran mətbu orqanları, o cümlədən bu ölkənin "Səhər" telekanalı Azərbaycanı İsraillə yaxınlaşmaqda ittiham edərək, rəsmi Bakının ünvanına tənqidlər səsləndirib.
Türkiyə tərəfini maraqlandıran əsas məsələ isə İsrail və Azərbaycan arasında viza rejiminin aradan qaldırılması, həmçinin A.Libermanın ölkəmizdə olarkən Ankaranın ünvanına səsləndirdiyi fikirlərdir. Bu barədə danışmazdan öncə qeyd edək ki, səfəri çərçivəsində cənab Liberman prezident İlham Əliyev, xarici işlər naziri Elmar Məmmədyarov, Milli Məclisin sədri Oqtay Əsədovla və yəhudi icması ilə görüşüb.
İsrailin xarici işlər naziri açıq şəkildə bəyan edib ki, Azərbaycanla İsrail arasındakı dostluq münasibətlərinin kökləri dərindir. "Azərbaycanda yəhudi icmasının fəaliyyət göstərməsi də buna əyani sübutdur. Hazırda iki ölkə arasında qarşılıqlı ticarət əlaqələri, humanitar sahədə yüksək irəliləyişlər müşahidə olunur".
Cənab Libermanın keçirdiyi görüşlərdə də Azərbaycan-İsrail əlaqələri, beynəlxalq siyasət, təhlükəsizlik və maraq doğuran digər məsələlər müzakirə olunub. Danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin həllinə də toxunulub, problemin yalnız Azərbaycanın ərazi bütövlüyü, sərhədlərinin toxunulmazlığı prinsipi çərçivəsində nizamlanmasının mümkünlüyü vurğulanıb.
"News.ru" portalının İsrail xidməti İsrail xarici işlər nazirliyinin mətbuat xidmətinə istinadən bildirib ki, prezident İlham Əliyevlə görüş zamanı, qlobal məsələlərlə yanaşı, Yaxış Şərq mövzusuna da toxunulub. Cənab Liberman İsrailin Fələstinlə birbaşa danışıqların bərpasını istədiyini vurğulayıb. O, yaxın zamanlarda Fələstin administrasiyasının rəhbəri Mahmud Abbasın Bakıya səfərə gələciyini xatırladıb və prezident İlham Əliyevdən xahiş edib ki, Fələstin tərəfini İsraillə sülh danışıqlarını bərpa etməyə çağırsın.
Onu da qeyd edək ki, Azərbaycan İsrailə əsas neft ixracatçılarından biridir. 2009-cu ilin 9 ayı ərzində İsrailə 770 milyon dollar məbləğində neft məhsulları ixrac edilib. Bütün bunları xüsusi olaraq xatırladan Türkiyənin "haberalemi.net" portalı yazır ki, Aviqdor Liberman Azərbaycan görüşlərində qarşılıqlı olaraq iki ölkə arasında viza rejiminin qaldırılması məsələsini gündəmə gətirib: "İsrailin xarici işlər naziri bundan ilk olaraq diplomatik pasportu olan şəxslərin yararlana biləcəyini açıqlayıb. O, bununla bağlı Azərbaycan tərəfilə aparılan danışıqların konkret nəticələr verəcəyinə də əmin olduğunu vurğulayıb. Liberman Türkiyənin Orta Şərqdə yeni rolunun İsrailə qarşı olduğunu da iddia edərək bildirib: "İslam ölkəsilə açılma siyasəti adı ilə bizimlə sərt əsaslara söykənən siyasət aparılır".
Türkiyənin "Milliyyət" qəzeti isə yazır ki, İsrailin Azərbaycandan əsas istəyi Bakının Təl-Əvivdə öz səfirliyini açmasıdır: "İsrail 13 ildir ki, Azərbaycanın bu addımı atmasını istəyir. Hələ 1997-ci ildə Cənubi Koreyaya səfər edərkən Bakıda dayanan İsrailin o vaxtkı baş naziri Binyamin Netanyahu mərhum prezident Heydər Əliyevlə görüşündə bu məsələni gündəmə gətirmiş, Azərbaycan tərəfi bununla bağlı işlərin aparılacağını bəyan etmişdi. Ötən il isə İsrail prezidenti Şimon Peresin Bakı səfərində səfirlik məsələsi yenidən gündəmə gətirilib.
Bununla yanaşı, İsrailin xarici işlər naziri Bakı görüşlərində qarşılıqlı şəkildə viza rejiminin aradan qaldırılmasını xüsusi qabardıb. Lakin Azərbaycan tərəfi üçün bu ölkə ilə viza rejiminin aradan qaldırılması səfirlik açılmasından daha çətindir. Çünki Azərbaycan İsraildən əvvəl Türkiyə və İranla vizaları aradan qaldırmalıdır. Hələlik isə Bakı bunu ləngidir".
Qəzet xatırladır ki, ötən ilin sonunda Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Ankara səfəri zamanı Türkiyə ilə viza rejiminin aradan qaldırılması üçün bəzi texniki məsələlərin həllinin vacibliyini bildirib, lakin indiyə qədər bu texniki məsələlər həll olunmayıb. Bütün bunlar fonunda isə Türkiyə və İrandan əvvəl Azərbaycanın İsraillə viza rejiminin aradan qaldırılması istiqamətində addımlar atması qəbuledilməz hesab olunur.