Akif Nəsirli: "Ölkə hökuməti yoxsulluğun aradan qaldırılması istiqamətində proqram qəbul edirsə, mütləq həmin proqramın daxilində elektrik qatarlarının maliyyələşdirilməsi olmalıdır"
"Baş verənlərin kökündə korporativ maraqlar dayanır"
.jpg)
Elektrik qatarları, tramvay və trolleybuslar bu gün inkişaf etmiş dünyanın əsas nəqliyyat vasitələrindən biridir. Bu ölkələrdə ictimaiyyətin böyük əksəriyyəti tramvay və elektrik qatarlarından istifadə edir. Eyni zamanda, sistem elə qurulub ki, dəqiqəbədəqiqə xidmət yerindədir. Həmçinin, sözügedən nəqliyyat vasitələrinin daşıma imkanları da yetərincə genişdir.
Bu cür nəqliyyat vasitəsindən istifadə həm vətəndaşların sağlamlığı nöqteyi-nəzərindən effektlidir, həm də iqtisadi baxımdan. Ekoloji baxımdan dünyada ağır xəstəliklər yaradan əsas tullantı nəqliyyat vasitələrinin tullantılarıdır. Bu cür nəqliyyat vasitələrinin timsalında, ən azından, ölkə vətəndaşları ekoloji baxımından təmiz şəhər əldə edir. Təəssüflər olsun ki, Bakı şəhərində bu istəkləri nəzərə alan yoxdur.
Çoxlarının yadında və xatirindədir ki, dəmir yol vağzalından şəhərətrafı kənd və qəsəbələrə elektrik qatarları müəyyən qrafik əsasında işləyirdi. Sözügedən nəqliyyat vasitəsi təhlükəsiz və rahat olmaqla yanaşı, həm də ucuz idi. Bu da əhalinin aztəminatlı təbəqəsi üçün olduqca əlverişli idi. Eyni zamanda, bu həm də nəqliyyat vasitələrində sərnişin sıxlığının azaldılması baxımından öz müsbət təsirini göstərirdi. Əfsuslar olsun ki, 2007-ci ildən başlayaraq elektrik qatarları mərhələ-mərhələ yığışdırıldı. Şəhərətrafı ərazilərdə yaşayan əhali baha qiymətə və min bir əziyyətlə sərnişin avtobusları ilə mərkəzə gəlmək məcburiyyətində qaldı ki, bu da əvvəlkilə müqayisədə qat-qat bahadır.
Müstəqil iqtisadçı-ekspert Akif Nəsirlinin fikrincə, nədənsə Bakı şəhərində bu cür nəqliyyat vasitələrinə rəsmi qurumlar tərəfindən barmaqarası münasibət var: "Təsadüfi deyil ki, əvvəl tramvay və trolleybusları yığışdırdılar. Daha sonra isə elektrik qatarlarını. Bunu da belə əsaslandırırlar ki, bu nəqliyyat vasitələrinin saxlanması bahabaşa gəlir və iqtisadi baxımdan sərfəli deyil. Ancaq sosial baxımdan məsələyə yanaşanda Bakı kəndlərində yaşayan əhalinin ucuz və rahat şəkildə mərkəzə gələ bilməsi, onların yetişdirdiyi məhsulu mərkəzdə realizə etməsi nəzərə alınmalı idi. Hökumətin səmərəli fəaliyyət göstərməsi təkcə mənfəətlə ölçülməməlidir. Burada söhbət həm də sosial faydadan gedir. Məgər elektrik qatarlarının saxlanması üçün dotasiya ayrılsa idi dünya dağılardı? Son 5 il ərzində Azərbaycanda yol infrastrukturu ilə bağlı 4 milyard manata yaxın vəsait xərclənib. Həmin qoyulan vəsaitdən hansısa gəlir götürülübmü? Xeyr. Deməli, bu sosial baxımdan səmərəli layihədir. Yəni bu, maddi səmərə gətirməsə də, sosial səmərə gətirir. Məsələn, yolda sürəti artırır, vətəndaşların rahat gediş-gəlişini təmin edir və sair. O baxımdan elektrik qatarları maddi baxımdan sərfəli olmasa da, sosial baxımdan olduqca səmərəli layihədir. Əslində hökumət bu layihələri inkişaf etdirməli idi.
Bu gün ölkə hökuməti yoxsulluğun aradan qaldırılması istiqamətində proqram qəbul edirsə, mütləq həmin proqramın daxilində elektrik qatarlarının maliyyələşdirilməsi olmalıdır. Bu baxımdan elektrik qatarlarının yığışdırılması səhv siyasət idi".
A.Nəsirli elektrik qatarlarının yığışdırılmasının əsl səbəblərini korporativ maraqların önə çəkilməsilə əlaqələndirdi: "Məsələn, Nəqliyyat Nazirliyi hesab edir ki, elektrik qatarlarının ləğvi nəticəsində sərnişin daşınmasında gəlirlər xeyli artacaq. Bu zaman vətəndaşın nəqliyyat xərcləri çox çıxacaq, amma əvəzində nəqliyyat şirkətlərinin qazancı artacaq.
Əslində bu baş verənlərin kökündə məhz bu korporativ maraqlar dayanır. Elektrik qatarlarının guya baha başa gəldiyini əsaslandırmaq tamamilə absurd fikirdir. Londonda, Praqada, Parisdə və digər şəhərlərdə elektrik qatarları indinin özündə də fəaliyyət göstərir. Hamıya məlumdur ki, bu cür nəqliyyat vasitələrindən əhalinin ən kasıb təbəqəsi istifadə edir".