Sumqayıt savad dəryası imiş
101 nəfər 600 bal toplayıb
Ötən il Azərbaycanda qəbul imtahanlarında yüksək bal toplayanların sayına görə Sumqayıt şəhəri bölgələr arasında birinci olub. Sumqayıt şəhər İcra Hakimiyyətindən "APA-Economics"ə verilən məlumata görə, bunu Sumqayıt şəhər Təhsil Şöbəsinin müdiri Vidadi Bağırov şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda bildirib.
V.Bağırovun sözlərinə görə, Sumqayıtın 101 abituriyenti ötən il qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb. Bu rəqəm ölkənin şimal rayonlarına daxil olan 8 rayon üzrə məzunların ümumi sayından 2,4 dəfə çoxdur.
Şöbə müdirinin sözlərinə görə, bütün fənlərin nəticələrinə əsasən, Sumqayıt seçilən 10 rayon arasında yuxarı sıralarda qərarlaşıb, ana dili və ingilis dili fənləri üzrə isə birinci yeri tutub. İmtahan fənləri üzrə bütövlükdə Azərbaycan bölməsində Sumqayıt şəhəri bölgələr arasında ən yüksək nəticə göstərib. Eyni zamanda, 2009-cu ildə XI siniflərdə Təhsil Nazirliyi tərəfindən aparılan buraxılış imtahanları zamanı şəhər məzunlarının 96%-i müvəffəqiyyətli qiymət alıb.