.jpg)
Fevralın 9-da Bakıda və ölkənin bir sıra rayonlarında elektrik enerjisinin qəfil kəsilməsi nəticəsində yaranan fəsadlar aradan qaldırılsa da, baş vermiş olay mövcud halla bağlı bir sıra problemlərin təxirə salınmadan həllini gündəmə gətirdi. Bu da əhalinin analoji hallardan qorunması ilə bağlıdır.
Təəssüf ki, Azərbaycanda, xüsusən də Bakıda olan vəziyyət vətəndaşların mövcud hallardan itkisiz çıxmasına zəmanəti imkansız edir. Belə ki, Bakıda bir çox yaşayış evləri məhz elektrik xətlərinin altında yerləşir. Bu isə hər anın orada yaşayan sakinlər üçün təhlükəli olması ilə bərabər, həmin ərazidə hər hansı bir təmir aparılmasına da imkan vermir. Bu barədə mətbuata açıqlamasında "Azərenerji"nin prezidenti Etibar Pirverdiyev məlumat verib. Şirkət prezidentinin də bildirdiyinə görə, bəzi yerlərdə transformatorlar və enerji mənbələri ciddi təmirə ehtiyac hiss etsə də, onlardan bir çoxunun yaşayış məhəllələrinin ortasında yerləşməsi, bu kimi obyektlərin bir addımlığında evlərin və başqa xarakterli tikililərin olması texnikanın işləməsinə ciddi əngəl törədir. Söz yox ki, burada söhbət strateji əhəmiyyətli obyektlərin ətrafında məskən salan qanunsuz tikililərdən gedir. Belə qanunsuz tikililər son illər Bakını geniş surətdə bürüyüb. Həmin tikililərə neft kəmərləri, neft quyuları, körpülər, dəmir yolları və metro keçidləri ətrafında rast gəlmək olar. Artıq belə tikililərin sayının 500 mini keçdiyi də bildirilir. Bu isə o deməkdir ki, 2 milyona yaxın insan məhz qanunsuz tikililərin yerləşdiyi və həyat üçün təhlükəli ərazilərdə yaşayır. Yuxarıda da qeyd edildiyi kimi, bu tip tikililər üzərindən keçən strateji elektrik xətlərinin təmirinə maneə olur. İkinci, özü də təhlükəli amil insan həyatı ilə bağlıdır. Qanunsuz tikililərdə yaşayanlar sözügedən strateji obyektlərin yaxınlığında yerləşməklə özlərini də bilərəkdən və ya bilməyərəkdən təhlükə ilə üz-üzə qoyur.
Son hadisə də göstərdi ki, həmin vətəndaşlar hələ də təhlükə ilə qarşı-qarşıya qalmaqdadır.
Bu yaxınlarda Binəqədi Neft Şirkətinə məxsus olduğu bildirilən "Üçüncü korpus" deyilən ərazidəki qanunsuz tikililər sökdürüldü. Bu zaman şirkətlə vətəndaşlar arasında torpağın məhz kimə məxsus olması barədə narazılıq yaşandı. Neft şirkətləri torpaqların onların mülkiyyətində olduğunu deyir, vətəndaşlar isə bələdiyyənin sənədini göstərirdi.
Buradakı sakinlərin dediyinə görə, hasara alınmış boş torpaq sahələri hələ 7-8 il əvvəl yerli icra hakimiyyəti və bələdiyyə tərəfindən vətəndaşlara pulla satılıb. Hətta vətəndaşların əlində bələdiyyənin sərəncamı var. Vəziyyətin bu həddə çatması qanunsuz tikintilərin sökülməsi prosesini aktuallaşdırıb. Bununla bağlı müvafiq qurumlar, nəhayət ki, qəti bir qərar verməlidir. Amma bu zaman elə edilməlidir ki, "nə şiş yansın, nə də kabab". Yəni qanunsuz tikililərə köçənlərin də həyatını taleyin ümidinə buraxmaq olmaz. Bilərəkdən və ya bilməyərəkdən həmin insanlar torpaq almaq və ev tikmək üçün xeyli vəsaitindən keçməli olub. Amma bütün hallarda, enerji xətlərinin və obyektlərin altında yerləşən tikililər yox edilməlidir. Ən azından, vətəndaşların təhlükəsizliyi baxımından buna gedilməlidir.
Bu tip tikililərin geniş vüsət almasının və onun nəticəsi olaraq yaranan mübahisələrin kökündə qanunvericilikdəki boşluqlar dayanır. Ev tikən, torpaq sahəsi alan şəxslərin əlində mülkiyyət hüququnu təsdiq edən sənəd olmalıdır. Lakin burada məskunlaşan vətəndaşlarda bələdiyyənin mülkiyyət hüququnu təsdiq edən çıxarış yoxdur. Çünki Abşeron yarımadasında bələdiyyələrin mülkiyyət hüququ qanunvericilikdə tanınmayıb. Ona görə də məsələnin birdəfəlik həlli, ilk növbədə, qanunvericilikdə olan boşluqların aradan qaldırılmasından keçir ki, ölkə bir daha qanunsuz tikili problemilə üzləşməsin. Hələlik isə, yaranmış vəziyyət üzündən qəza vəziyyətində olan enerji obyektləri təmir edilə bilmir. Amma, axı bunun bir sonu olmalıdır.
Görəsən, ekspertlər sözügedən problemin həllini nədə görür?
İqtisadçı-ekspert Cümşüd Nuriyev qanuni və inzibati metodların tətbiqini vacib sayır: "Azərbaycan artıq Torpaq Məcəlləsinə dəyişikliklər edir, torpaqların dövlətin xeyrinə götürülməsi barədə qanun qəbul edilir. Həmin qanunda, biləvasitə, torpaq üzərindəki tikilinin dəyərləndirilib, dövlət tərəfindən haqqının ödənilməsi məsələsi gündəmə gəlir. Bu, çıxış yolları arasında daha sivil qaydadır. Amma Azərbaycan bunu tətbiq etsə, bizdə digər presedent yaranacaq. Yəni bu torpaqları qanunsuz şəkildə heç kəs mənimsəməyib. Bunu qanunsuz şəkildə həmin insanlara bələdiyyələr və rayon icra hakimiyyəti rəhbərliyi verib. Azərbaycan dövləti ən azı bunu tədqiq etməlidir. Bu tədqiqatın bir hissəsi olaraq Ədliyyə Nazirliyinin xəttilə bələdiyyələr araşdırılmalıdır. Harda görünüb ki, beş il bələdiyyə üzvü olmaqla millət üçün heç nə etmədən özün üçün ev, mülk və firma açasan? Bu ancaq Azərbaycanda mövcud ola bilər. Amma onları cəzasız buraxmaq növbəti bələdiyyə üzvləri üçün yeni bir presedent yaradacaq. Abşeron rayonunda Mingəçevirdən gələn yarımstansiya yansa da, qanunsuz tikililər ucbatından həmin əraziyə nə Fövqəladə Hallar Nazirliyi, nə də "Azərenerji" daxil ola bilir.
Ən qorxulusu isə bu ərazidə yaşayan insanların hər an ölüm təhlükəsilə üz-üzə qalmasıdır. Bizim millətimiz qəribə millətdir. Tutaq ki, icra başçıları və bələdiyyə sədrlərinin nəfsi doymayıb. Amma vətəndaşın pul verib özünü ölümlə üz-üzə qoymağına nə deyəsən? Yüksək gərginlik keçən elektrik xətlərinin dirəyindən paltar asırlar. Bu iş dünyada heç bir xalqın ağlına belə gəlməz. Bütün bunlar bizim cahilliyimizdən irəli gəlir. İnsan onu dərk etsə idi, bəlkə də boş yerə pul xərcləməzdi".