Quba sakini həbsdə ola-ola 2 ev yardı
Vüsal Əliyev 9 saylı cəzaçəkmə müəssisəsindən icazəli olub
Xaçmaz polisi bu il yanvar ayı ərzində iki dəfə oğurluq və iki dəfə də oğurluğa cəhd etmiş şəxsi saxlayıb. Bu, evindən oğurluq olmuş Xaçmaz şəhəri, Üzeyir Hacıbəyov küçəsi 34 "a" ünvanında yaşayan Kərimova Ramilə Yunus qızının rayon polis şöbəsinə ərizə ilə müraciətindən sonra mümkün olub.
Şöbəyə məlumat daxil olan kimi əməliyyatçıların keçirdikləri axtarış tədbirləri öz nəticəsini verib.
Xaçmaz rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi İlkin Abdullayevin ANS PRESS-ə verdiyi məlumata görə, əməliyyat istintaq qrupu Qubanın Çiçi kənd sakini 25 yaşlı Əliyev Vusal Ağabəy oğlunun bu il yanvarın 8-də Aydın Səlimov 40 ünvanından da 600 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqla ev sahibi Yarəliyeva Asya Vaqif qızına xeyli ziyan vurmasını da müəyyən edib.
Müstəntiq bildirib ki, Vüsal Əliyev əvvəllər də oğurluq maddəsi ilə məhkum olunub və hazırda da Ədliyyə Nazirliyinin Qubanın İqriq kəndi ərazisində məntəqə tipli cəzaçəkmə müəssisəsində cəza çəkir.
Xaçmaz RPŞ-nin baş müstəntiqi İlkin Abdullayevin sözlərinə görə, təqsirləndirilən Vüsal Əliyev iki dəfə sahibsiz evə girməyə də cəhd göstərib.
O da məlum olub ki, əvvəlki üç evin sahibi oğurluq barədə hüquq-mühafizə orqanına müraciət etsə də, sonuncu zərərçəkmiş şəxs - Sara Xatun küçəsində yerləşən 19 nömrəli evin sahibi Tahir Hüseynov evinə oğru girməsi və orada gecələməsi barədə polislərdən xəbər tutduğunu bildirib.
Saxlanılan Vüsal Əliyev 9 saylı cəzaçəkmə müəssisəsindən icazə alaraq çıxdığını və əməlindən peşmançılığını bildirib.
Hazırda onun barəsində Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi (oğurluq) ilə başlanılmış cinayət işi ilə əlaqədar istintaq araşdırmaları aparılır.