Professor Cəmil Əhmədli vəfat edib
Fəlsəfə elmləri doktoru, professor Cəmil Əhmədli vəfat edib. Onun prorektoru olduğu Azərbaycan Avrasiya Universitetindən APA-ya verilən məlumata görə, C.Əhmədli fevralın 9-dan 10-na keçən gecə dünyasını qəflətən dəyişib.
Universitetdən bildirilib ki, o həmin gün işdə olub. C.Əhmədli dünən Xırdalan qəbiristanlığında torpağa tapşırılıb. Qeyd edək ki, Cəmil Teymur oğlu Əhmədli 1931-ci il oktyabr ayının 27-də Gədəbəy rayonunun Söyüdlü kəndində anadan olub. O əməkdar elm xadimi, Pyotr Elmlər və İncəsənət Akademiyasının akademiki, Bakı Dövlət Universitetində Humanitar fakültələr üzrə fəlsəfə kafedrasının professoru olub.
C.Əhmədli 400-dən artıq məqalənin, 16 monoqrafiyanın müəllifidir. O 12 doktor, 100-ə yaxın namizəd yetişdirib. İdrak nəzəriyyəsi problemləri, Fəlsəfi kateqoriyalar və prinsiplər problemi, müasir təbiətşünaslığın fəlsəfi problemləri, Elmi Texniki İnqilabın mahiyyəti və sosial nəticələri problemi istiqamətlərində elmi fəaliyyət göstərib. C.Əhmədli 20-dən artıq kitabın müəllifidir.