Rusiya FTX Saratovda 44 yaşlı Azərbaycan vətəndaşını həbs etdi
İlham Namazov 2005-ci ildən Azərbaycan inzibati orqanlarından dələduzluğa görə qaçaq düşmüşdü
Dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə saxtakarlığı ilə bağlı dövlətlərarası axtarışda olan Azərbaycan vətəndaşı Rusiyada saxlanıb.
APA-nın "RİA Novosti"-yə istinadən məlumatına görə, saxlanan şəxs 44 yaşlı İlham İbrahim oğlu Namazovdur. Onu Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) Saratov vilayəti üzrə idarəsinin əməkdaşları saxlayıb. İ.Namazov 2005-ci ildə istintaq orqanlarından gizləndiyinə görə axtarışa verilib. Azərbaycanda ona qarşı dələduzluq, mənimsəmə, israfçılıq, vəzifə saxtakarlığı üzrə cinayət işi qaldırılıb.
İ.Namazovun satıcı işlədiyi Saratovun ticarət komplekslərindən birinin ərazisində saxlandığı bildirilib. FTX əməkdaşları onu Daxili İşlər İdarəsinin cinayət axtarışı şöbəsinin əməkdaşlarına təhvil verib. Qeyd edilib ki, müəyyən prosessual normalar tətbiq olunandan sonra o Azərbaycana təhvil veriləcək.