Quldurluqla Nurlan İbrahimovun maşınını qaçıran dustaqların məhkəməsi başladı
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə quldurluqda ittiham olunan mütəşəkkil dəstə üzvlərinin cinayət işi üzrə hazırlıq iclası keçirilib. APA-nın xəbərinə görə, hakim Əlisultan Osmanovun sədrliyilə keçirilən prosesdə məhkəmə baxışı fevralın 12-nə təyin olunub.
Qeyd edək ki, 2009-cu il sentyabrın 3-də naməlum şəxslər 3-cü mikrorayon dairəsində Bakı şəhər sakini Nurlan İbrahimovun idarə etdiyi "VAZ-2107" markalı avtomobilə sərnişin qismində oturub Sabunçu qəsəbəsinə gedəcəklərini bildiriblər.
Sabunçu qəsəbəsi Ş.Əsədullayev küçəsində onlar N.İbrahimovu bıçaqla hədələyərək avtomaşını ondan alıblar. DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətmiş Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 12 və 2 saylı məntəqə tipli cəzaçəkmə müəssisələrində cəza çəkən Elşad Tağıyev və Şafəddin Xəlilov, o cümlədən Natiq Məmmədov, Vəfalı Qurbanov, Mübariz Əliyev saxlanıb.