.jpg)
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə quldurluqda və digər ağır cinayətlərdə ittiham olunan dəstə üzvlərinin cinayət işi üzrə məhkəmə baxışı başlayıb.
APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyilə keçirilən prosesdə təqsirləndirilən şəxslər - Bakı şəhər sakinləri Ruslan Həsənov, Vahab Həsənov, Kamal Cavadov, Elgün Şirinzadə və Rusif Şıxıyev sərbəst ifadə verib. Təqsirləndirilənlər onlara qarşı irəli sürülən ittiham üzrə özlərini təqsirli bilməyib.
Proses fevralın 25-də davam etdiriləcək.
İttihama görə, dəstə üzvləri - Bakı şəhər sakinləri Ruslan Həsənov, Vahab Həsənov, Kamal Cavadov, Elgün Şirinzadə və Rusif Şıxıyev 2008-2009-cu illərdə Bakıda avtomobillərin qarət edilməsilə məşğul olub. Adıçəkilən şəxslər avtomobil sahiblərini tapança və digər silah qismində istifadə etdikləri əşyalarla hədə-qorxu gələrək soyublar.
Dəstə üzvləri Bakının Əzizbəyov Rayon Polis Şöbəsi cinayət axtarış şöbəsinin əməliyyat müvəkkili Tural Abbasova məxsus "Hyundai Sonata" markalı avtomaşını da qarət ediblər. Avtomaşının şüşəsini sındırmaq yolu ilə dəstə üzvləri Abbasova məxsus "Makarov" tipli tapançanı və 2 ədəd güllə sandığını oğurlayıblar.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 177.3.1 (mütəşəkkil dəstə tərəfindən oğurluq törətmək), 228-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 232.3.1-ci (mütəşəkkil dəstə tərəfindən odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə), 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama), 234-cü (qanunsuz narkotik vasitə saxlama) maddələrilə ittiham olunur.