Samir Həsənov: "Bizdə mədəniyyət o dərəcədə formalaşmayıb ki, sürücü mikrofondan istifadə etməklə sərnişini məlumatlandırsın"
Natiq Əkbərli: "Elə də böyük problem deyil ki, ona ayrıca məsələ kimi baxılsın"
.jpg)
Sərnişin daşımada mövcud olan nöqsanların aradan qaldırılması istiqamətində son illər müvafiq qurumlar tərəfindən bir sıra addımlar atılıb. Məsələn, ölkəyə xeyli miqdarda iri tutumlu avtobus gətirilib ki, onlardan da, əsasən paytaxtın mərkəzində istifadə olunur. Kiçik tutumlu sərnişin nəqliyyatı isə şəhər kənarına doğru sıxışdırılıb.
İri avtobuslar xeyli insan daşımaq gücündə olmaqla yanaşı, rahatlıq baxımından da əksər sərnişinlərin ürəyincədir. Bundan başqa, avtobusların harda gəldi saxlanmasına qarşı da mübarizə aparılır. Bu qaydalara riayət etməyən sürücülərə 200 manatdan 1000 manatadək cərimə tətbiqi nəzərdə tutulub. Bir müddət bu istiqamətdə atılan addımlar geniş vüsət aldığından, avtobus sürücüləri nəqliyyat vasitəsini dayanacaqdan kənar ərazilərdə saxlamaqdan çəkinməyə başlamışdı.
Bu, nəqliyyatın gedişində baş verən bəzi neqativ halların aradan qaldırılmasına gətirib çıxarmalı idi. Lakin çox keçmədən bu tədbir də sanki unuduldu. Əksər sürücülər yenə də avtobusu, sərnişinin istəyinə uyğun olaraq, harda gəldi saxlamaqdadır. Sərnişin nəqliyyatı sistemində bir sıra başqa problemlər də üzə çıxmaqdadır.
Belə ki, bu günlərdə sərnişinlərdən biri redaksiyamıza zəng edərək, avtobusla bağlı başına gələn hadisədən danışdı. Adını açıqlamayan Xırdalan qəsəbə sakini hər gün işə getmək üçün Xırdalan-Bakı və əks istiqamətdə hərəkət edən 325 saylı marşrut avtobusunun xidmətindən istifadə edir. Lakin o,: "Hər gün 325 nömrəli avtobusla Bakıya işə gedir və axşam həmin marşrutla evə qayıdıram. Bildiyimiz kimi, ilin bu vaxtında hava tez qaralır.
Avtobusda olarkən, xüsusən də sıxlıq olanda, bəzən marşrutun mənzil başına çatdığını görmək mümkünsüz olur. Əvvəllər yenə də marşrutun pəncərəsindən çölə baxmaqla mənzil başına çatdığımızı müəyyənləşdirə bilirdik. Havaların soyuq və qarlı keçdiyi son günlərdə isə mindiyim 325 nömrəli marşurutların heç birinin şüşəsininə təmiz olduğunun şahidi olmamışam.
Çirkli şüşədən, özü də axşam qaranlığında düşəcəyimiz məkana çatdığımızı müəyyənləşdirmək müşkül məsələdir. Qeyd edim ki, hər gün işdən qayıdarkən düşdüyüm dayanacaq, "skorı pomoş" xəstəxanasına yaxın ərazidadır. Lakin havalar soyuq keçəndən bəri yuxarıda söylədiyim hallar səbəbindən dediyim dayanacaqda düşə bilməmişəm. Artıq üçüncü dəfədir ki, düşəcəyim yerdən xeyli aralı ərazidə, digər dayanacaqda düşməli olmuşam. Buradan evə qayıtmaq uzaq olmaqla yanaşı, palçıqlı havada həm də çətindir.
Özüm də yaşlı insanam. Olmazmı ki, bu problemi aradan qaldırmaq üçün sürücülər avtobusdakı mikrofon vasitəsilə növbəti dayanacağın hara olduğu barədə sərnişinləri məlumatlandırsın? Necə ki, metroda maşinistlər bu barədə əhalini məlumatlandırır, həmin üsuldan avtobus sürücüləri də istifadə edə bilər.
Belə olarsa, heç kim mənzil başına yaxın dayanacağı qoyub xeyli aralıda düşməz. Elə sərnişinlər olur ki, getdiyi ünvanı yaxşı tanımır. Bununla bağlı sürücünün hər sərnişinə ayrı-ayrılıqda cavab verməsi də mümkünsüzdür.
Amma o, mikrofon vasitəsilə avtobusun dayanmalı olduğu məkanları elan etsə, həmin sərnişinlər də ünvanı çox rahat tapa bilər. Ona görə də, müvafiq orqanların bu məsələni tənzimləməsi yaxşı olardı.
Onlar, ən azından, sürücülərə belə bir göstəriş verə bilərlər". Həqiqətən də, sürücülər hər bir növbəti dayanacaq barədə sərnişinləri məlumatlandırmalıdır. Bunu sürücü də edə bilər, onun köməkçisi olan konduktorlar da. Müasir tipli avtobuslarda mikrofonun quraşdırılması ilə bunun üçün ideal şərait də yaradılıb.
Amma tənbəllikdənmi, yoxsa səhlənkarlıq üzündən sürücülər dayanacaqlar barədə sərnişinləri məlumatlandırmağa ərinir. Belə bir mədəniyyətin olmamasının nəticəsidir ki, bir sıra hallarda sürücü ilə sərnişinlər arasında bu tip müxtəlif ziddiyyətlər yaşanır.
Ona görə də, avtobus sürücülərinin də metrolardakı qatarların maşinistləri kimi hər an dayanacaqlar barədə məlumat verməsi vacibdir. Görəsən, sözügedən təklifə müvafiq qurumlar və ekspertlər necə baxır?
Bakı Şəhər Sərnişinnəqliyyat MMC-nin mətbuat xidmətinin rəhbəri Samir Həsənov təklifi dəstəkləsə də, bizdə mədəni səviyyə kasadlığı üzündən onun real nəticə verəcəyini düşünmür: "Ümumiyyətlə, avtobuslar hər səhər xəttə çıxarkən yuyulmuş, təmiz vəziyyətdə olur. Onlar birbaşa olaraq təmizliyə riayət edirlər. Amma sonradan, ola bilsin, kəskin hava nəticəsində təmizliyə elə də ciddi riayət olunmayıb.
Mikrofonlara gəldikdə, bəzi sürücülər onları nədənsə yığışdırıb. Digər tərəfdən, bizdə təəssüf ki, mədəniyyət o dərəcədə formalaşmayıb ki, sürücü də mikrofondan istifadə etməklə sərnişini məlumatlandırsın. Amma hər halda, belə olarsa, yaxşı olar.
Bizdə nədənsə, sərnişinlər özləri də mikrofonla məlumat verilməsini yaxşı qəbul etmir. Belə hallarda sürücünü dolamağa başlayırlar.
Dəfələrlə bunun şahidi olmuşam. Bunun üçün bizim özümüzdə də mədəniyyət formalaşmalıdır. Bu halın aradan qaldırılması üçün nə etmək olar? Elə də ciddi məsələ deyil. Hələlik bununla bağlı hansısa məsələ qaldırılması gözlənilmir".
Müstəqil Nəqliyyatçılar İctimai Birliyinin sədri Natiq Əkbərli problemin müvafiq qurumlar qarşısında qaldırılmasına ehtiyac görmür: "Belə halların olmasını jurnalistlər özləri də qeyd edə bilər. Bu halda, yaxşı olar ki, sürücülər mikrofon vasitəsilə növbəti dayanacağı elan etsin. Elə də böyük problem deyil ki, ona ayrıca məsələ kimi baxılsın. Sadəcə olaraq, sərnişinlərin bu tip təklifini qurumlara çatdırmaq lazımdır.
Amma mənim müşahidələrimə görə, əksər hallarda sürücü növbəti dayanacağın hara olduğunu elan edir. Amma elə olur ki, həmin dayanacaqda sərnişin düşmədiyindən, saxlamadan yoluna davam edir. Əslində avtobus dayanacaq yerlərinin müəyyən olunduğu yerlərdə hökmən dayanmalıdır. Görünür vaxta qənaət etmək üçün sərnişin düşməyəndə bəzən dayanacaqlarda dayanmırlar".