12 Fevral 2010-cı il, N 289(1187)  
   
BANNER
 SON XƏBƏRLƏR HAQQIMIZDA FOTO QALEREYA REKLAM
 
 
ANONS
ƏN ÇOX OXUNANLAR
İki məşhur azərbaycanlı avtoritet Moskvada bir-birini qırır (3657)
"Mən baldırlarımı açıb göstərmirəm" (3555)
"07" Jiqulilər Bakıda yol hərəkət qaydaları üçün fəlakət yayır (2490)
"Barselona" 8 oyundan sonra məğlub oldu (2438)
Bu dəfə seçilməyəcək (?) deputatların siyahısı tərtib olundu (2258)
"Türkiyədə MHP-nin sıravi bir üzvü bilsə ki, Azərbaycanda..." (2034)
Qəddafi 40 bakirə qızın çevrəsində... (1755)
Bircə günlük gəlinlik paltarının kirayə qiyməti od tutub yanır (1649)
Aşıq Telli Borçalı və aşıq Namiq barədə rəy sorğusu başladı (1360)
Sambo üzrə dünya çempionu Mikayıl Orucov Gürcüstanda göldə batıb (1343)
SORĞU
Hazırkı Azərbaycan-İran münasibətlərini necə görürsünüz?
Sabitdir.
Xeyr
Gərginləşərək pisləşır.
Yaxşılaşır.
Əhəmiyyət vermirəm.
OK NFTICFLFR

ARXİV
Be
Ça
Ç
Ca
C
Ş
B
1234567
891011121314
15161718192021
22232425262728

HAVA HAQQINDA

MƏZƏNNƏ

BAKI XƏBƏR QƏZETİ
Baş redaktor: Aydın Quliyev
Təsisçi: Tahir Tağıyev
Ünvan: Bakı şəhəri, Mətbuat pr. 529, Azərbaycan nəşriyatı, 6-cı mərtəbə
Telefonlarımız:
510-87-40;
510-87-38;
510-87-39;
BAKI XƏBƏR BU GÜN

ZİYARƏTÇILƏR
www.baki-xeber.com
 
 
Əlövsət Osmanlı Təhsil Nazirliyində 5600 dollardan imtina etdiyini deyir
"Cəbr-7-nin əlyazmasına mənfi rəy yazdım"
Dünən fizika-riyaziyyat elmləri namizədi Əlövsət Osmanlı qəzetimizə məktub göndərib.
   Baş redaktorumuza ünvanlanmış məktubda deyilir: "Qəzetinizin 11 fevral 2010-cu il tarixli sayında dərc olunmuş "Təhsil Nazirliyinin Əlövsət Osmanlı ilə müqaviləsinə niyə xitam verilib?" adlı yazını oxudum.
   Təhsil Sektorunun İnkişafı Layihəsinin Əlaqələndirmə Qrupunun hazırladığı həmin yazıda haqqımda çoxlu sayda həqiqətə uyğun olmayan fikirlər yer aldığından, oxucuların diqqətinə aşağıdakıları çatdırmağı lazım bilirəm:
   1. Müxtəlif mətbuat orqanlarında, eləcə də "Azadlıq" qəzetinin səhifələrində dərc olunan yazılarımın əksəriyyəti xalqımız üçün taleyüklü bir məsələyə - təhsilimizdə aparılan islahata həsr olunub. Qrupun cavab adı ilə təqdim etdiyi yazıda isə, guya mənim tənqidlərimin dərsliklərim müsabiqədən keçmədiyi vaxtdan - 2008-ci ildən başladığı iddia olunur. Yalandır, pedaqoji ictimaiyyət təhsilimizin məzmunu ilə bağlı yazılarımı ən azı 1998-cu ildən bəri müntəzəm izləyir. Hətta onların bir hissəsini "Kiçik riyaziyyatın böyük bəlaları" adlı kitabda çap etdirmişəm. Həmin yazılarla bağlı 1999-cu ildə Azərbaycan Dövlət Pedaqoji Universitetində ikigünlük konfrans da keçirilib. Kiminsə üzünə gülüb, arxasınca quyu qazmaq "istedad"ına sahib olmadığımdan, təhsillə bağlı fikirlərimi, şəxsi işlərimin gedişatından asılı olmayaraq, həmişə açıq söyləmişəm. Axı nöqsanları gizlətməyin nəticələrinin nə olduğunu hamı yaxşı bilir. Onlar çox yaxşı bilirlər ki, 1998-ci ildən nazirliklə münasibətlərimiz kəsilənədək mən dərsliklərdəki nöqsanlarla bağlı 100-ə yaxın tənqidi-analitik yazı dərc etdirmişəm, dəfələrlə telekanallarda təhsilin məzmunu ilə bağlı kəskin fikirlər söyləmişəm, təhsil naziri M.Mərdanovun həmmüəllifi olduğu "Cəbr-7" dərsliyinin əlyazmasına mənfi rəy yazmışam, "Xalq qəzeti"ndə dərsliklərin çapındakı ləngimələrlə bağlı "Sentyabr sindromu" və tədris planında aparılan elmi əsası olmayan dəyişikliklərlə bağlı "Kiçik riyaziyyatın yeni bəlaları" adlı həddən artıq kəskin yazılar dərc etdirmişəm, dərsliklərlə bağlı keçirilən kollegiyalarında dəfələrlə nazirliyin ünvanına tənqidi fikirlər söyləmişəm, nazirlə şəxsi görüşümdə bəzi dərsliklərdə himnimizin başqa dillərdə verilməsinin dövlətimiz üçün təhqir olduğunu bildirmişəm, 7-ci sinif üçün "Fransız dili" dərsliyinin adının "Fransanı kəşf edirəm" olmasının dövlətə qarşı həqarət olduğunu demişəm, həmin dərslikdə verilən materialların 98 faizinin Azərbaycanla bağlı olmadığını, Fransa tarixini, mədəniyyətini, idmanını, coğrafiyasını və s.-ni əhatə etdiyini çəkinmədən nazirin qarşısına qoymuşam və s.
   2. Kurrikulum islahatına, faktiki olaraq, 2008-ci ildən başlanıbsa, mənim bu islahatla bağlı fikirlərim mətbuatda həmin tarixdən əvvəl necə dərc oluna bilərdi?!
   3. 24 fevral 2006-cı il tarixində Təhsil Nazirliyilə milli məsləhətçi qismində bağladığım müqavilədən 15 mart 2007-ci il tarixində rəsmi məktubla imtina etmişəm. Onun səbəbini mətbuatda bildirdiyimdən, yenidən bu məsələyə qayıtmaq istəmirəm.
   Amma bir mühüm detalı qeyd etməyi lazım bilirəm: Həmin müddətdə bütün milli məsləhətçilər bu xidmətə görə maaş aldıqları halda, kurrikulumun nüvəsi olan məzmun standartları bölməsini yazan şəxs kimi bu iş üçün alacağım 5600 ABŞ dollarından imtina etmişəm. Kurrikulumun əsas hissəsini yazan mənəmsə, qrup mənim heç nə eləmədiyimi iddia etməklə oxucuları çaşdırmaq istəmirmi?! Yox, bunu başqasının yazdığını iddia edirlərsə, onda buyursunlar, həmin şəxsin adını oxuculara açıqlasınlar.
   4. Qrup Dünya Bankının kurrikulum islahatına xərclənən vəsaitlərinin ictimaiyyətə açıq olduğunu bildirir. Belə olan halda, xahiş edirəm, həmin hesabatı, eləcə də "Dərslik siyasəti" ilə bağlı xərclənən vəsaitin hesabatını sizin redaksiyanıza təqdim etsin. Mən deyilənlərin yalan olmadığına inanmaq üçün sənədləri bir ay gözləməyə hazıram.
   5. Yaxşı olar ki, qrup mübahisələri məişət səviyyəsinə endirmək əvəzinə, yazılarımda dəfələrlə qaldırdığım aşağıdakı ciddi məqamlara münasibət bildirsin: kurrikulumların məzmun standartlarının mahiyyəti və formalaşdırılma mexanizmləri pedaqoji ictimaiyyətə bəlli deyil, islahatla əlaqədar müəllim hazırlığı düzgün aparılmır, "islahat" adı altında riyazi təhsilimizin təməlləri laxladılıb, I, II siniflərdə riyazi təhsilimizin məzmunu dağıdılıb, onun fəlsəfəsi dəyişib və bu bəla yavaş-yavaş yuxarı siniflərə də sirayət etməkdədir, kurrikulumlardakı fəndaxili və fənlərarası inteqrasiya cədvəlləri, eləcə də qiymətləndirmə standartları yalançı şeylərdir, spesifik xüsusiyyətləri nəzərə alınmadan bütün fənlər üçün eyni təlim strategiyalarının verilməsi, habelə kurrikulumlara dərs nümunələrinin daxil edilməməsi normal hal deyil, tədris planları elmi, pedaqoji və psixoloji əsaslar üzərində qurulmayıb, Dərslikləri Qiymətləndirmə Şurası komplektlərin seçimində müstəqil deyil və saxtakarlığa yol verir, Dərsliklər hələ də tender yolu ilə yox, bir mənbədən satınalma yolu ilə seçilir, Təhsil Problemləri İnstitutunda fəaliyyət göstərən Kurrikulum Mərkəzi öz funksiyasını düzgün yerinə yetirmir.
   
Əlövsət Osmanlı Fizika-riyaziyyat elmləri namizədi
Fermerlərin istifadəsiz saxladığı böyük torpaq sahələri barədə sərt tədbirlər görülə bilər
Nüsrət İbrahimli: "Torpaq sahibi üç il ardıcıl olaraq ondan istifadə etmirsə, bununla bağlı hansısa ölçü götürülməlidir"
Adətən torpaq əhaliyə elə-belə deyil, onu becərmək və əkmək üçün verilir ki, buradan məhsul alınsın. Amma bəzən elə olur ki, torpaq islahatı nəticəsində müəyyən paya sahib olan vətəndaş onu uzun müddət istifadəsiz saxlayır.
   Belədə isə əkilməmiş torpaq sahələrini ot-alaq bürüyür. Bunun qarşısını almaq və torpaqların əkilməsinə rəvac vermək üçün bir sıra ölkələr son illər bəzi tədbirlərə əl atmalı olub. Belə ki, Rusiyanın bir sıra quberniyalarında 3 il müddətində istifadəsiz qalan fermer torpaqlarının məcburi qaydada satışa çıxarılması barədə qərar verilib. Satışdan əldə edilən vəsait hesabına torpağın əvvəlki sahibinin haqqı ödəniləcək. Bu qərar, xüsusən də ölkənin Ryazan və Penza quberniyalarında geniş vüsət alıb. Həmin quberniyalarda xeyli torpaq sahəsi, uzun müddətdir ki, əkilmir. Fermerlər imkansız olduqlarını əsas gətirərək, islahat nəticəsində əldə etdikləri torpaq sahələrini, uzun müddətdir ki, istifadəsiz saxlayıb. Belə halda isə kənd təsərrüfatı məhsullarının istehsalı azalır və nəticədə ölkə bu məhsullarla lazımi səviyyədə təmin edilmir. Bu isə indiki böhran şəraitində Rusiyanın kənd təsərrüfatını daha ağır duruma salır. Görünür, Rusiya rəsmiləri bu amili nəzərə aldıqlarındandır ki, üç ildən artıq müddətə əkilməyən torpaqların məcburi qaydada satışa çıxarılmasına qərar verməli olub. Azərbaycanda da bu sahədə vəziyyət ürəkaçan deyil. Belə ki, ölkəmizdə də bir sıra şəxsi torpaq sahələri, uzun müddətdir ki, "dincə" qoyulub. Əhalinin bir hissəsi, maliyyə imkanlarının kasadlığı səbəbindən, 1997-ci ilin islahatı nəticəsində əldə etdiyi torpaqları becərə bilmir. Bəziləri də səhlənkarlıq üzündən bu günə kimi həmin torpaqları istifadəsiz qoyub. Belə torpaqlardan əksər hallarda onun sahibi otlaq kimi bəhrələnir. Bildiyimiz kimi, Azərbaycan kənd təsərrüfatı ölkəsi kimi tanınır. Bu mənada, ölkənin həmin məhsullara olan tələbatının yerli istehsal hesabına ödənilməsi olduqca vacibdir. Çünki özünün geniş imkanları olduğu halda əhalinin əsas istehlak etdiyi məhsullar sırasında önəmli yer tutan aqrar sahə məhsullarının kənardan gətirilməsi ölkə büdcəsində də əlavə yükə səbəb olur. Digər tərəfdən, torpaq əhaliyə məhz onu becərib məhsul yetişdirmək üçün verilir. Heç nə heç kimə elə-belə verilmir axı. Bu mənada Rusiyadakı, sözügedən təcrübənin ölkəmizdə də həyata keçirilməsi məqsədəuyğun ola bilər. Ekspertlər də bunu mümkün sayır. Belə ki, NBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimli bizdə də analoji tədbirlərin görülməsinə ehtiyac olduğunu və bu istiqamətdə zamanın yetişdiyini düşünür: "Nəinki buna ehtiyac var, ümumiyyətlə zamanı yetişib. Bu gün özəlləşməyə verilən pay torpaqlarının bir hissəsi istifadə olunsa da, böyük hissəsi istifadədən kənarda qalıb. Ona görə də hesab edirəm ki, həmin torpaqların boş qalmasındansa, onların istifadəyə verilməsi üçün nəsə məcburi bir qərarın qəbul edilməsi vacibdir. Torpaq sahibi üç il ardıcıl olaraq ondan istifadə etmir, ortalığa məhsul qoymursa, bununla bağlı hansısa bir ölçü götürülməlidir. Düşünürəm ki, həmin məsələnin həll edilməsinin zamanı artıq yetişib. Bu mənada, Rusiyadakı təcrübənin bizdə də istifadəsi zəruridir. Torpaq sahəsi əkin və ya maldarlığın inkişaf etdirilməsi üçün verilir. Həmin müddəalar torpaq verilərkən də şərtlərdə öz əksini tapıb. Ona görə də şərtlərə əməl edilməlidir. Əməl olunmursa, nəsə bir tədbir görülməlidir ki, torpaq əkilsin".
   
Rüfət SULTAN
8-ci Polis Bölməsi Buzovnada keçmiş dustaqdan silah götürdü
Bakının Buzovna qəsəbə sakinindən silah götürülüb. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib.
   Məlumatda bildirilir ki, Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsi və 8-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Buzovna qəsəbə sakini, əvvəllər məhkum olunmuş Oleq Mahmudovdan 1 ədəd PM markalı tapança və 1,033 qram narkotik vasitə olan heroin aşkar edərək götürülüb.
   Faktla bağlı araşdırma aparılır.
Fazil Məmmədov bir sıra vergilərin xeyli endirildiyini bildirdi
2010-cu ildə ölkədə vergi dərəcələrinin azaldılması gözlənir. "OLAYLAR"ın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında vergilər naziri Fazil Məmmədov deyib.
   Onun sözlərinə görə, Vergi Məcəlləsinə edilən yeni dəyişikliklərə əsasən vergi sahəsində bir çox dəyişikliklər olacaq: "Artıq Vergi Məcəlləsində dəyişiklik edilib. Dəyişikliklər əsasında 2010-cu ildən bir sıra yenilikliklər olacaq. Artıq bu dəyişikliklərə start verilib. Ən başlıca dəyişikliklərdən biri bu il elektron hesablama sisteminə keçilməsidir. Artıq 2010-cu ildən bu sistemin tətbiqinə başlanıb. Bundan başqa, vergi dərəcələri üzrə müvafiq dəyişmələr olub. Fiziki şəxslərin gəlir vergisinin yuxarı şkalasının dərəcəsi 35 faizdən 30 faizə qədər, sahibkarlıq fəaliyyətilə məşğul olan şəxslərin gəlirləri isə 40 faizdən 35 faizə qədər azaldılıb. Mənfəət vergisinin 22 faizdən 20 faizə endirilməsi nəzərdə tutulur. Bu proses builki dəyişikliklər nəticəsində həyata keçiriləcək.
   
Rüşvətxor icra nümayəndəsinə hökm oxundu
Ağalar Ağayev 8 il aldı
Dünən Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə rüşvət almaqda və vəzifə saxtakarlığında ittiham olunan Cəlilabad rayonunun Privolnoye kənd icra nümayəndəsi Ağalar Güləşxan oğlu Ağayevə hökm oxunub.
   APA-nın xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyilə keçirilən prosesdə məhkəmə təqsirləndirilən şəxsə qarşı irəli sürülən ittihamın sübuta yetirildiyi qənaətinə gəlib. Məhkəmənin hökmü ilə A.Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.
   İttihama görə, Ağalar Ağayev ötən il avqustun 14-də Cəlilabad rayonunun Privolnoye kənd icra nümayəndəsi vəzifəsində işləyərkən həqiqi hərbi xidmətdə olan Həsənov İsa Adil oğlu ilə Ağayeva Ofeliya Elxan qızına nikah kəsib. Nikah haqqında şəhadətnaməni də öz imzası və möhürü ilə təsdiqləyib. İstintaqda dindirilmiş Ofeliya Ağayeva ifadəsində göstərib ki, İsa Həsənovla nikah bağlatdırmaq üçün icra nümayəndəsinə müraciət etmək təşəbbüsü ondan gəlib. İcra nümayəndəsi də ondan 300 manat rüşvət alaraq, vəzifə səlahiyyətini aşmaqla, gənclərin nikahını kəsib. Məsələnin üstü açılanda isə məlum olub ki, İsa Həsənovun adından yazılmış ərizə və nikah haqqında aktdakı imza saxtadır. Qeyd edək ki, Ağalar Ağayev Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə (hərəkətsizliyə) görə rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələrilə ittiham olunur.
   
Səhmdar cəmiyyətlərdə total yoxlamalar başlayacaq(?)
İllər boyu səhmdarlara pay verilməməsi və gəlirlərin gizlədilməsi ölkə boyu narazılıqları artırıb
Qadir İbrahimli: "Rəsmi səviyyədə yoxlamalara start verilərsə və bu yoxlamalar obyektiv aparılarsa, müsbətə doğru bəzi dəyişikliklər baş verə bilər"
Ramil Osmanov: "Vergi qanunvericiliyində ciddi liberal dəyişikliklər baş verməlidir və bundan sonra həmin prosesə hansısa formada müdaxilə etmək olar"
Ötən illər ərzində Azərbaycanda səhm bazarı bu və ya digər dərəcədə formalaşıb. Lakin bütün bunlara baxmayaraq, ölkədəki səhmdar cəmiyyətlərin arzuolunan səviyyədə fəaliyyəti hiss olunmur. Məlumat üçün qeyd edək ki, səhmdar cəmiyyət təsərrüfat cəmiyyətlərinin bir növüdür. Nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş kommersiya təşkilatı səhmdar cəmiyyət adlanır.
   Səhmdar cəmiyyətin iştirakçıları (səhmdarları) əllərində olan səhmlərin nizamnamə kapitalındakı payı nisbətində cəmiyyətin gəlirlərinin bölüşdürülməsində iştirak edir. Dünyada açıq və qapalı səhmdar cəmiyyətlər mövcuddur.
   Azərbaycanda səhmdar cəmiyyətlər, nədənsə, özlərinə geniş yer tapa bilməyib. Halbuki, müasir dünya iqtisadiyyatı məhz səhmdar kapitalın daha səmərəli olduğunu çoxdan sübut edib. Ekspertlər bunu bizdə həm şərikli malın dəbdə olmaması ilə, həm də bəzi iri səhmdarların öz fəaliyyətləri barədə məlumat vermək istəməməsilə izah edir. Məsələ ondadır ki, səhmdar cəmiyyətin üzvü olan səhmdarlar sahib olduqları səhm payına uyğun olaraq dividend əldə edə bilmir. Səhmdar nə zaman bununla bağlı müraciət edirsə, o dəqiqə müəssisə sahibi deyir ki, pul yoxdur. Müəssisə ziyanla işləyir. Ölkədə çoxlu sayda səhmdar cəmiyyət formasında fəaliyyət göstərən daş karxanaları və digər istehsalat obyektləri var ki, onların guya ziyanla işləməsi əsla inandırıcı deyil. Ölkə vətəndaşlarının bir çoxu özəlləşdirmə paylarını səhm şəkilində müəssisələrə qoysa da, bundan faydalana bilmir.
   Ümumiyyətlə, hazırda ölkədə 1600-ə qədər səhmdar cəmiyyət var. Amma son 3 ildə onların 50-yə qədəri ləğv edilib. 1997-ci ilin sentyabrından ölkəmizdə Milli Depozit Mərkəzi də fəaliyyətə başlayıb. 1999-cu ildə isə Milli Depozit Mərkəzi yenidən təsis edilib və səhmlərin tam həcmi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə keçib. Bizdə səhmdar cəmiyyətlər daxilində belə şəffaflıq hökm sürmür. Əksər cəmiyyətlərdə iri payçılarla kiçik payçılar arasında ziddiyyətlər mövcuddur. Qeyd olunduğu kimi, iri pay sahibləri müəssisənin gəlirlə işləmədiyini bəhanə edərək kiçik səhmdarları dividenddən məhrum edir.
   Yayılan məlumatlara görə, yaxın günlərdə dövlət orqanları SC-lərdə ciddi yoxlamalara start verəcək. Sözügedən cəmiyyətlərin gəlirlə işlədiyi müəyyən edilərsə, o zaman həmin qurumlara qarşı ciddi cəza tədbirləri görüləcək.
   İqtisadçı-ekspert Ramil Osmanovun fikrincə, səhmdarlara normal işgüzar mühit yaradılmadığından, SC-lər öz gəlirlərini gizlədirlər: "O üzdən ikili mühasibatdan istifadə edirlər. Nəticədə də dövlət büdcəsi böyük vəsait itkisilə üzləşir. Ümumiyyətlə, bu dividend məsələsi o qədər aktual problemdir ki, bu barədə 500 səhifəlik kitab yazsan, yenə bəs etməz. Bu baxımdan hesab edirəm ki, sözügedən məsələ öz həllini tapmalıdır. Yəni Azərbaycanın vergi qanunvericiliyində ciddi liberal dəyişikliklər baş verməlidir və bundan sonra həmin prosesə hansısa formada müdaxilə etmək olar. Əks təqdirdə, hesab etmirəm ki, bu yoxlamaların elə bir ciddi nəticəsi olsun. Digər tərəfdən, dövlət orqanlarının bu məsələyə necə yanaşmasından da çox şey asılıdır. Məsələ ondadır ki, dövlət orqanlarının bu istiqamətdəki fəaliyyəti hələlik qənaətbəxş deyil. Bundan sonra konkret bu məsələyə ictimai nəzarət olarsa və daha yuxarı instansiyalar çox ciddi formada bu məsələni nəzarətdə saxlayacaqsa, bunun nəticəsi olacaq. Əks təqdirdə bunun praktiki nəticəsi olmayacaq. İş ondadır ki, müəyyən müəssisələrin bağlılığı bəzi dövlət məmurlarına gedib çıxır. İnanmıram ki, həmin məmurlar bu məsələnin tam obyektiv araşdırılmasına şərait yaratsın".
   İqtisadçı-ekspert Qadir İbrahimli sözügedən problemin mövcudluğunu Azərbaycanda qiymətli kağızlar bazarının formalaşmaması ilə əlaqələndirdi: "İşgüzar çevrələrin mədəniyyət səviyyəsi o qədər də yüksək deyil ki, gəlirlərinin leqal həcmini göstərsin və ondan dividend versin.
   Deməyim odur ki, sözügedən problemin yaxın illərdə Azərbaycanda öz həllini tapacağını gözləmirəm. Bunun üçün uzun vaxt lazımdır.
   Ancaq bütün hallarda səhmdar cəmiyyətlərdə rəsmi səviyyədə yoxlamalara start verilərsə və bu yoxlamalar obyektiv aparılarsa, müsbətə doğru dəyişikliklər baş verə bilər".
   
Vidadi ORDAHALLI
Bakı Hərbi Təyyarəçilik Məktəbinin tələbəsi Bakıda yoxa çıxdı
Bilal Allahverdiyevdən 4 gündür xəbər yoxdur
Bakıda hərbi məktəbin müdavimi itkin düşüb. Bu barədə "OLAYLAR"a hərbi mənbələrdən məlumat verilib.
   Məlumata görə, Ali Hərbi Təyyarəçilik Məktəbinin 2-ci kurs müdavimi Bilal Allahverdiyev fevralın 8-də məktəbdən çıxıb və qəfil yoxa çıxıb. 19 yaşlı Bilal Allahverdiyev məktəbdən çıxanda evə getdiyini deyib. Lakin o, naməlum şəraitdə itkin düşüb. Faktla bağlı hüquq-mühafizə orqanlarında axtarış əməliyyat tədbirlərinə başlansa da, hələlik müdavimin harada olduğunu müəyyən etmək mümkün olmayıb.
   
Kürdəmirin Mollakənd və Türkədi kəndində 60-a yaxın ev yeraltı qrunt sularının altında qaldı
Kürdəmir rayonunun Mollakənd və Türkədi kəndlərində yeraltı qrunt sularının səviyyəsi qalxıb və yaşayış evlərinə, əkin sahələrinə ziyan dəyib.
   APA-nın yerli bürosunun xəbərinə görə, Kür çayının kənarında yerləşən həmin yaşayış məntəqələrində hündürlüyü 30-40 santimetrdək qalxan yeraltı qrunt suları 60-a yaxın həyət evinin zirzəmisini, tövlələri basıb, insanların gediş-gəlişini çətinləşdirib. Vətəndaşların müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin mülki müdafiə işçiləri tərəfindən hazırda qeyd edilən ərazilərin qrunt sularından təmizlənməsi istiqamətində müvafiq işlər görülür. Qrunt sularının çəkilərək başqa yerə axıdılması üçün 4 ədəd nasos və digər qurğulardan istifadə olunur. Məlumata görə, Kür çayında lil və çöküntülərin artması, suyun səviyyəsinin qalxması nəticəsində mütəmadi olaraq ətrafdakı kəndlərə yeraltı qrunt suları sızıb. İlk dəfədir ki, qrunt suları geniş ərazini əhatə edib və yaşayış evlərinə ziyan vurub.
   
Seçkiyə qədər Azərbaycanda bir televiziya da açılacaq
Nuşirəvan Məhərrəmli məsələnin müzakirə olunduğunu dedi
"Parlament seçkilərinə qədər Azərbaycanın bütün əsas bölgələrində televiziya kanallarının yaradılmasını təmin etmək istəyirik ki, namizədlər Bakıya axışıb gəlməsin, regionlarda öz təbliğatını qura bilsin.
   Ona görə də Şirvan şəhərində, ümumiyyətlə, Şirvan bölgəsində belə bir telekanalın açılması barədə düşünürük. Amma tək bizim istəyimiz kifayət deyil, bunun üçün zəruri şərait də yaradılmalıdır". Bu barədə APA-ya Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli bildirib. Onun sözlərinə görə, bunun üçün reklam bazarı, kadr potensialı olmalıdır: "İndi televiziya kanallarına verdiyimiz tələblər 10 il əvvəlki tələblər deyil. İndi açılan telekanallar kadr və maddi texniki baza cəhətdən müasir tələblərə cavab verməlidir. Regionda isə belə məsələlərə o qədər də maraq göstərmirlər".
   N.Məhərrəmlinin sözlərinə görə, hələlik MTRŞ yeni televiziya kanalının açılması ilə bağlı qəti qərar verməyib: "Bu müzakirə mövzusudur. Biz bu məsələni araşdırırıq. Bəzi regional kanalların vəziyyəti o qədər də yaxşı deyil. Ona görə də biz bunlardan nəticə çıxarırıq. Fikirləşirik ki, reklam bazarı ilə bağlı vəziyyət yaxşı olarsa, bu sahədə heç bir problem olmaz".
   Şura sədri deyib ki, parlament seçkilərilə bağlı təbliğat və təşviqat məsələləri Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçisi Andres Herkelin rəhbərlik etdiyi nümayəndə heyətilə görüşdə də müzakirə olunub: "Seçkiqabağı təbliğat və təşviqat məsələlərilə bağlı ciddi dəyişiklik yoxdur. Bu məsələ Seçki Məcəlləsilə tənzimlənir. Seçki Məcəlləsinə görə, hər bir namizəd öz təbliğatını reklama qoyulan tələblər çərçivəsində aparmalıdır. Buna görə də namizədlər indidən başa düşməlidir ki, seçki təbliğatını aparmaq üçün televiziyalar onlara istədikləri qədər vaxt verə bilməyəcək. Bu məsələ qanunvericiliyə uyğun tənzimlənəcək".
   
Gəncədə toyuq dönəri satanlara 100 manat cərimə təyin edildi
Toyuq ətindən dönər satanlar 100 manat cərimə ediləcək. Bu barədə məlumatı Gəncə şəhər Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma Gigiyenası bölməsinin müdiri Kərim Rəhimov verib.
   Onun sözlərinə görə, yaxın günlərdə Gəncədə fəaliyyət göstərən dönərxanalarda reydlər keçiriləcək. Məqsəd obyektlərdə sanitar-gigiyenik qaydalara nəzarət, həmçinin toyuq əti satan dönərxanaları bağlamaqdır. K.Rəhimov deyir ki, dönərdə istifadə edilən toyuq əti xarici ölkədən gətirilir. Bu isə quş qripi və digər virus xəstəliklərinin yayılması üçün əlverişli şərait yaradır. Məhz buna görə də toyuq ətindən hazırlanan dönərin satışı qadağandır. Yalnız mal ətindən dönər satıla bilər.
   Rəhimov qadağanı pozan obyekt sahiblərinin, ən azı, 100 manat cərimə olunacağını qeyd edib.
   Gəncədə, xüsusən şəhər mərkəzində 10-dan çox dönərxana fəaliyyət göstərir.
   
Nərimanov rayonunda tikintidə dəhşətli hadisə...
Üzərinə qaldırıcı qurğu düşən şəkili usta hadisə yerində ölüb
Dünən Nərimanov rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.
   Nərimanov Rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, Türkiyənin "DİA Holding" şirkətlər qrupuna məxsus tikintidə qaldırıcı qurğuda baş verən qəza tikintidə suvaq ustası işləyən 40-45 yaşlarında Şəki sakininin ölümü ilə nəticələnib. Məlumata görə, Azadlıq prospektilə İnqilab küçəsinin kəsişməsində inşa olunan "Bakı Yaşıl Vadi Qonaqları" adlı tikintidə tikinti materiallarının qaldırılması üçün istifadə olunan qurğunun trosunun qırılması nəticəsində qurğu ustanın üzərinə düşüb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsi və Prokurorluq əməkdaşları gələrək ilkin araşdırmalar aparıb.
   
   
Abdulla Gül Sarkisyanın təyyarədən yazdığı məktuba cavab göndərib
Sarkisyan Azərbaycandan neft alan ölkələri şantaj etməyə başladı
"Bilirsinizmi neftə görə verdiyiniz pullara nə alırlar?"
Bilindiyi kimi, Ermənistan və Türkiyənin imzaladığı Sürix protokolları Ankara ilə Vaşinqton arasında da ciddi ziddiyyət predmetinə çevrilib. ABŞ heç bir ilkin şərt olmadan Türkiyə tərəfini protokolları ratifikasiya etməyə çağırır. Ankara Qarabağ işğalına və Ermənistanın Türkiyəyə qarşı ərazi iddialarına son qoyulmayana kimi protokolların parlamentdə ratifikasiyasının mümkünsüz olduğunu bildirir.
   Bu vəziyyətdə isə Ankara ilə Vaşinqton arasında ziddiyyətin daha da artacağı bildirilir.
   Lakin Ermənistanda belə hesab edirlər ki, Vaşinqton protokolların ratifikasiyası üçün İrəvana da təzyiqləri artırır.
   Ermənistan Milli Konqresinin üzvü Vladimir Karapetyan Serj Sarkisyanın Londondakı çıxışına münasibət bildirərkən bununla bağlı qeyd edib: "Ermənistan parlamentində erməni-türk protokollarının ratifikasiyası müəyyən mənada ABŞ-ın təzyiqindən asılıdır". Onun sözlərinə görə, İrəvandan fərqli olaraq, Türkiyə tərəfi Vaşinqtonun təzyiqinə başqa cür reaksiya verir: "Faktiki olaraq, ABŞ dövlət katibinin birinci müavini Ceyms Steynberqin Ermənistana səfərindən sonra Serj Sarkisyan protokolların ratifikasiyasına hazır olduğunu ifadə etdi. Erməni tərəfinin hərəkəti bizi bu prosesi qarışdırmaqda günahlandıran Türkiyə tərəfilə eyni deyil. Biz özümüzü vəziyyətə uyğun aparmalıyıq". Qeyd edək ki, Serj Sarkisyan Londondakı çıxışında ratifikasiya prosesinin başlanması üçün protokolları parlamentə göndərdiyini bildirib. Bundan başqa, o, Ankaranın da bu addımı atmasından sonra sənədlərin erməni parlamentində ratifikasiyasına zəmanət verdiyini vurğulayıb. "Çatham Hauz" Siyasi Araşdırmalar Mərkəzində söylədiyi nitqində Ermənistan rəhbəri onu da vurğulayıb ki, sənəd Türkiyə tərəfindən ratifikasiya ediləndən sonra müzakirəyə çıxarılacaq və paraflanacaq. Lakin Sarkisyan deyib ki, sərhədin açılması problemi Dağlıq Qarabağla əlaqələndirilsə və bu səbəbdən Türkiyə öhdəliklərinə əməl edilməsini uzatsa, barışıq prosesini dayandırmağa hazırdır: "Türkiyə ratifikasiyanı birinci etməlidir. Belə ki, mən protokolun Ermənistan parlamenti tərəfindən paraflanacağına zəmanət verirəm".
   Xatırladaq ki, məsələ ilə bağlı Sarkisyan fevralın 8-də Türkiyə prezidenti Abdulla Gülə məktub göndərib. Artıq Türkiyə prezidenti bu günlərdə ona müraciət etmiş erməni həmkarı Serj Sarkisyana cavab verib. Türkiyənin "Zaman" qəzetinin yazdığına görə, Gül məktubunda Serj Sarkisyana "Türkiyə hava məkanından keçməsi münasibətilə göndərdiyi nəzakətli ismarışa görə" təşəkkür edib. Abdulla Gül qonşu Ermənistan xalqına salamlarını da çatdırıb.
   O, Türkiyə və Ermənistan arasında əlaqələrin normallaşdırılması ilə bağlı fikirlərini də bildirib: "Əlaqələrin normallaşdırılmasına yönəlmiş cəhdlərimizin münaqişələrlə yoğrulmuş coğrafiyamızda yeni bir sülh ümidi doğuraraq dünya miqyasında haqlı marağa səbəb olduğu fikrinə şərikəm. Qonşu xalqlarımız arasında uzun müddətdir mövcud olan stereotiplərin aradan qaldırılması ilə qarşılıqlı anlayış və etimadın yaradılması bizim əsas məqsədimiz idi. Bu məqsəd və öhdəliklərdəki eynilik qorunub saxlanırsa, bizim də bu qayələri irəli aparmaq sahəsində qərarlı olduğumuza şübhə etməyin. Məsuliyyətli idarəçiliyin verilən sözlərin arxasında durmağı və sözlərin əməllərlə üst-üstə düşməsini tələb etdiyi düşüncəsinə də qatılıram. Normallaşma prosesini ölkələrimiz arasında əldə edilən razılıq əsasında irəli aparmaq üçün fəaliyyətimizi davam etdirəcəyik. Bu tarixi prosesi sona çatdırmağın, öhdəlikləri tam şəkildə yerinə yetirməklə bərabər, yetərli siyasi cəsarət də tələb etdiyinin fərqində olmalıyıq".
   Abdulla Gülün məktubunda deyilir ki, bölgədə yaşayan bütün xalqlar üçün daimi sülh, təhlükəsizlik, rifah və əməkdaşlıqdan ibarət bir gələcək qurulması ortaq hədəfdir.
   Türkiyə Beynəlxalq Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Cəlal Cem Oğuz isə bildirir ki, Türkiyə-Ermənistan əlaqələrinin normallaşması prosesi Ermənistan - Azərbaycan münasibətlərilə bağlıdır və rəsmi Ankara bu mövqeyində israrlıdır. O bildirib ki, yalnız rəsmi İrəvan Türkiyəyə qarşı ərazi iddialarından əl çəkəcəyi və Azərbaycanın işğal altındakı torpaqlarını boşaldacağı təqdirdə Böyük Millət Məclisi "Sürix protokolları"nı ratifikasiya edə bilər.
   "Çatham Hauz" Siyasi Araşdırmalar Mərkəzində söylədiyi nitqində isə Serj Sarkisyan Dağlıq Qarabağ məsələsilə bağlı bir sıra maraqlı açıqlamalar verib: "Təhlükəsizlik haqqında nitqləri mən az qala 20 ildən də əvvəl Dağlıq Qarabağda hazırlamağa başlamışam. Məsələnin yalnız beynəlxalq hüquq, millətlərin öz müqəddərətını həll etmə, ərazi bütövlüyü və güc tətbiq etməməmək prinsipləri kontekstində həlli var".
   Daha sonra ərazi bütövlüyü məsələsində sərsəmləyən Serj Sarkisyan qeyd edib: "Özünü ərazi bütövlüyünün tərəfdarı hesab edənlərə: bəs Sovet İttifaqı dağılan zaman sərhədlər dəyişəndə harda idiniz? Harda idiniz Yuqoslaviya bölüşdürüləndə? Niyə zənn edirsiniz ki, Azərbaycan Sovet İttifaqının tərkibindən çıxa bilərdi, Dağlıq Qarabağ isə yox? Niyə zənn edirsiniz ki, böyük imperiyalar parçalanmalı, kiçiklər isə qalmalıdır? Əsası nədir? Sabitsizlik? Anlamıram, qəbul etmirəm. Çünki sabitsizliyin ən böyük əsası ədalətsiz qərarlardır".
   Serj Sarkisyan onu da bildirib ki, Cənubi Qafqazda silahlanma yarışı sürətlə davam etməkdədir: "Bu çox təhlükəlidir. Cənubi Qafqazın bütün xalqları üçün, Avropa üçün və bölgədə mənfəəti olan hökmranlar üçün, Qafqazda sərmayə qoymuş korporasiyalar üçün. Hamı üçün.
   Adi silahlar üçün bütün yol verilən ölçüləri aşan Azərbaycana bu gün heç bir ciddi qiymət verən yoxdur. Zənn etmirəm ki, neft almaq üçün külli miqdarda pul xərcləyən qabaqcıl ölkələr pullarının nəyə sərf olunduğu məsələsinə biganə olmalıdır. Həqiqət ondadır ki, sonradan məhz bu pullar artıq şahidi olduqlarımızdan daha böyük təhlükələrin mənbəyi ola bil?r".
   Ermənistan prezidenti hesb edir ki, müharibə ritorikası Qafqazda şiddətlətməkdədir.
   
Sahil QULİYEV
İran Rusiyaya neftin azı 80 dollara satılması barədə razılaşma təklif etdi
İran prezidenti Mahmud Əhmədinejad Rusiyaya İran, Venesuela, Əlcəzair və Ekvadorla razılaşdırmaqla neftin vahid qiymətinin müəyyənləşdirilməsini təklif edib.
   "APA-Economics"in məlumatına görə, bu barədə Əhmədinejad Rusiyanın "VİP-Premier" jurnalına müsahibəsində bildirib.
   İran prezidenti bəyan edib ki, səkkiz ay əvvəl neftin qiyməti minimuma enərkən Rusiya tərəfinə neftin vahid qiymətini müəyyənləşdirməyi və 80 dollardan ucuz neft satmamağı təklif edib: "Qərb ölkələri bu şərtlərlə razılaşmalı və enerjiyə qənaət məqsədilə yeni texnologiyalar tətbiq etməli olacaq".
   Əhmədinejadın fikrincə, dünyada karbohidrogen ehtiyatları tükənməyə başlasa, bundan Yaxın Şərq ölkələri, İran və Rusiya zərər görəcək, Qərb ölkələri isə qalib olacaq: "Biz bir-birimizin köməyilə enerji ehtiyatlarını nəzarətdə saxlaya bilərik".
   Qeyd edək ki, İran neft ehtiyatlarına görə dünyanın ikinci, neft hasilatına görə isə beşinci ölkəsidir. 2009-cu ildə İranın neft ehtiyatları 138 mlrd. barrel həcmində qiymətləndirilib.
ABŞ İranın 4 şirkətinə sanksiya tətbiq etdi
ABŞ prezidenti Barak Obama beynəlxalq ictimaiyyəti İrana qarşı yeni sanksiyalar tətbiq etməyə çağırıb.
   ABŞ-ın Maliyyə Nazirliyi İran İnqilab Keşikçiləri Qvardiyasının inşaat bölümünün rəhbərliyinə və bu qurumun 4 törəmə şirkətinə qarşı sanksiya tətbiq edib. Lent.az-ın "Reuters"ə istinadən məlumatına görə, nazirliyin məsələ ilə bağlı yaydığı bəyanatda bildirilir ki, qvardiyaya və onun tabeliyində olan "Xatəmül-Ənbiya" şirkətinə ABŞ şirkətləri və ya onun hüquqi nəzarətində olan bütün firma, müəssisələrlə ticari işbirliyi qadağandır. Bildirişə əsasən, "Xatəmül-Ənbiya" çeşidli tikinti layihələrini gerçəkləşdirir və onun gəliri İran İslam Respublikasının nüvə və raket proqramının həyata keçməsinə sərf edilir.
   İslam Respublikası hökumətinin sözçüsü Ramin Mehmanpərəst Tehrana qarşı gözlənilən sanksiyalara cavab olaraq bildirib ki, bu sayaq qadağalar İranın qabaqcıl texnologiyalar əldə etməsinə yardım edəcək. Onun sözlərinə görə, ABŞ təklif edir ki, İranın atom texnologiyasını tibb sahəsində dayandırsın və onkoloji xəstələr üçün Amerikadan dərmanlar alsın. Sözçünün fikrincə, İran ABŞ-dan bu cür dərmanlar almaq niyyətində deyil.
   
Azərbaycanın İranla sərhəd rayonlarında dini mağazalar qapadıla bilər
Yeni qanunun tətbiqilə bağlı problemlər yaranıb
Azərbaycanın İranla sərhəd olan cənub bölgəsində (Lerik, Astara, Lənkəran, Masallı, Yardımlı, Biləsuvar, Cəlilabad) fəaliyyət göstərən dini mağazaların fəaliyyəti məhdudlaşdırıla bilər.
   Bu barədə Trend News-a Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin cənub bölgəsi üzrə şöbə müdiri Miryəhya Bədirov məlumat verib.
   Cənub bölgəsində dini ədəbiyyat və əşya satan 16 dini mağaza və köşk fəaliyyət göstərir.
   Bədirov deyib ki, hazırda bu mağazaların fəaliyyətilə bağlı müəyyən araşdırmalar aparılır.
   "Yeni qanun qüvvəyə mindikdən sonra kifayət qədər vaxt keçməsinə baxmayaraq bölgədəki mağazalardan heç biri gələcək fəaliyyət üçün DQDK-dan razılıq almayıb" - Bədirov əlavə edib.
   Bədirov vurğulayıb ki, mağazalar razılıq almasalar, "Dini Etiqad Azadlığı Haqqında" Qanunun 22.3-cü maddəsinə (Dini təyinatlı ədəbiyyatın, əşyaların və dini məzmunlu başqa məlumat materiallarının satışı yalnız müvafiq İcra Hakimiyyəti orqanının razılığı ilə yaradılmış, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə həyata keçirilir) uyğun olaraq, onların gələcək fəaliyyətinə məhdudiyyətlər qoyula bilər.
   
"Azəriqaz"ın Göyçay rəhbərliyi "vuruldu"
Rəis və daha 4 məsul işçi vəzifədən azad edildi
"Azəriqaz" İstehsalat Birliyinin Göyçay Qaz İstismar Sahəsinin rəisi Murtuz Salahov və idarənin 4 məsul işçisi tutduğu vəzifədən azad edilib.
   APA-nın Şirvan bürosunun xəbərinə görə "Azəriqaz" İstehsalat Birliyinin istehlakçılara satılan təbii qaza nəzarət xidmətinin nümayəndələri Göyçay Qaz İstismar Sahəsində yoxlamalar keçirərkən ciddi nöqsanlar aşkar edib. "Azəriqaz"İB-in regionlar üzrə qaz istismar idarəsinin rəisi Eldar Zeynalovun 10 fevral 2010-cu il tarixli əmrilə Göyçay Qaz İstismar Sahəsinin rəisi Murtuz Salahov, idarədə 1 saylı xidmətin rəisi Atəş Behbudov, 4 saylı xidmətin rəisi Elson Sərkərov, istehlakçılara satılan təbii qaza nəzarət xidmətinin rəisi Feyruz Həsənov və çilingər Mürşüd Məlikov işində nöqsanlara yol verdiyi üçün tutduğu vəzifədən azad edilib.
   Eldar Zeynalovun əmrilə, həmçinin, Göyçay Qaz İstismar Sahəsində 2 saylı xidmətin rəisi Mahir Hüseynova və 3 saylı xidmətin rəisi Çingiz Abdullayevə xəbərdarlıq edilib və işlərində dönüş yaratmaq üçün onlara bir ay vaxt verilib.
   Hələ ki, işdən çıxarılan şəxslərin yerinə təyinat yoxdur.
   
   
Bakını şimal-qərb rayonları ilə bağlayan magistral yol dağıldı
Şamaxı-İsmayıllı şosse yolunda 3 metr dərinlikdə uçurumlar yarandı
500 metr uzunluqda dəhşətli sürüşmə davam edir
İki gün öncə radələrində Muğanlı (Şamaxı)- İsmayıllı magistral yolunun ikinci kilometrində sürüşmə baş verib.
   İsmayıllı rayon 10 saylı Yol İstismar İdarəsinin rəisi Məhəmməd Musayevin APA-nın Şirvan bürosuna verdiyi məlumata görə, hadisə nəticəsində yolun 12 metr enində 400 metrlik hissəsi tamamilə dağılıb. Hadisə nəticəsində 1-3 metr dərinlikdə yarğanlar əmələ gəldiyindən, nəqliyyatın hərəkəti tam dayandırılıb.
   "Hadisə yerinə FHN Şimal-Qərb Regional mərkəzinin xilasediciləri, Daxili İşlər Nazirliyi Dövlət Yol Polisi İdarəsinin və Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-nin əməkdaşları gəlib" - deyə idarə rəisi bildirib.
   Onun sözlərinə görə, əraziyə "Azəryolservis" ASC-nin 10 ədəd texnikası gətirilib.
   "Bu, ölkənin paytaxtını Şimal-Qərb regionu ilə birləşdirən əsas yoldur. Burada nəqliyyatın hərəkətini tezliklə bərpa etmək məqsədilə Bakıdan da texnika gətirilib. Lakin sürüşmə zonası getdikcə böyüdüyü üçün alternativ torpaq yolun çəkilişi istiqamətində işlər bu gün səhər saatlarında başlanacaq" - deyən M.Musayev onu da bildirib ki, hadisənin baş verdiyi ərazi daimi sürüşmə zonasına aiddir. "Burada sürüşmə hadisəsi ilin payız-qış aylarında, yağıntılarla əlaqədar mütəmadi olaraq baş verir. Lakin bu cür irimiqyaslı sürüşmə, ilk dəfədir ki, baş verir. Hadisə nəticəsində avtomobillərə ziyan dəyməyib, xəsarət alan yoxdur".
   Elə dünən nəqliyyatın hərəkətini təmin etmək üçün alternativ yolun açılmasına başlanıb. Bu barədə "APA-Economics"ə "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib.
   P.Mürsəliyevin sözlərinə görə, torpaq sürüşməsi magistralın 400 metrə yaxın hissəsini sıradan çıxarıb.
   Dünən Fövqəladə Hallar Nazirliyi Muğanlı-İsmayıllı avtomobil magistralında baş verən torpaq sürüşməsilə bağlı məlumat yayıb. FHN-in rəsmi internet səhifəsində yayılan məlumata görə, hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən qeyd edilən ərazidə təqribən 200 metr radiusda torpaq sürüşməsinin baş verdiyi məlum olub.
   Araşdırmalar nəticəsində sürüşmə hadisəsinin Muğanlı-İsmayıllı avtomobil yolunda təbii və texnogen amillərin təsiri nəticəsində baş verdiyi müəyyənləşib.
   Bu ərazidə sürüşmə təhlükəli sahələr avtomobil yolunun 2-ci, 5-8-ci kilometrliyində mövcuddur.
   Sürüşmə baş verən ərazi Ağsu çayının sahilində yerləşir və sürüşmə sahəsinin uzunluğu 400-500 metr, eni 30-70 metr, qırılma qaşının hündürlüyü 3-5 metr təşkil edir. Dünən gün boyu torpaq sürüşməsinin baş verdiyi Muğanlı-İsmayıllı avtomobil yolunda sürüşmə fasilələrlə davam edib və saatda 1-1,3 metrədək məsafədə torpaq axını müşahidə olunub.
   Təhlükənin qarşısının alınması məqsədilə ərazi FHN-in Şimal-Qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən nəzarətə götürülüb.
   
Xəbər xidməti
Beynəlxalq Bankın səhmdarı nədən narazıdır?
Şahin Əlizadə minə yaxın səhmdarın hüquqlarının pozulduğunu deyir
Səhmdar cəmiyyətlərdə kiçik payçıların hüquqlarının pozulması problemi aktual olaraq qalır. Dünən "RİA Novosti" İnformasiya Agentliyində mətbuat konfransı keçirən səhmdar Şahin Əlizadə minoretar səhmdarların dividend əldə edə bilməməsilə bağlı açıqlama verdi.
   Azərbaycan Beynəlxalq Bankı Açıq Tipli Səhmdar Cəmiyyətinin payçısı olan Ş.Əlizadə bildirdi ki, nizamnaməyə görə, səhmdarların ildə bir dəfə yığıncağı keçirilməlidir. Lakin bu məsələdə ciddi problemlər yaranıb. Belə ki, səhmdarların yığıncağı nadir hallarda keçirilir. Həmin toplantılara isə kiçik səhmdarlar dəvət edilmir. Bu yeganə səhmdar cəmiyyətdir ki, qanunvericiliyin normalarına əməl edib ildə bir dəfə səhmdarları ümumi yığıncağa çağırmaq üçün onlara bildirişlər göndərmir: "Bankın rəhbərliyinin əsas məqsədi yığıncaqda qəbul edilən qərarları xeyli müddət gizli saxlamaqdan ibarətdir və səhəmdarları yığıncağa dəvət etməmək bu məqsədə nail olmaq yolunda atılmış birinci addımdır. Yığıncaqda qəbul edilmiş qərarların gizli saxlanmasının səbəbi ondan ibarətdir ki, son 4-5 il ərzində Səhmdar Cəmiyyət hər il səhmlərin emissiyasını həyata keçirirdi və emissiyada buraxılan səhmləri almağa üstünlük hüququ hər bir səhmin yiyəsinə bazarda 1 manat olan nominal səhmi 20 qəpiyə almağa imkan verirdi. Yəni emissiya haqqında qərardan xəbərdar olan şəxs bankın bir səhmini 1 manata alıb, emissiya vaxtı 20 qəpik ödəyib, 1 manat dəyəri olan iki səhm əldə etmiş olar.
   Bir əməliyyat nəticəsində vaxtında bankın səhmini alan şəxs bir səhmin alışından 80 qəpik əldə edir, 10 000 səhmin alışından 8000 manat, 1000 000 səhmin alışından 8 000 000 manat qazanır.
   Lakin bu gəliri əldə etmək üçün hökmən cəmiyyətin səhmdarlarından səhmin emissiyasına dair qərarın qəbul edilməsi faktını gözlətmək lazımdır. Əks halda onlar öz səhmlərini hər hansı səbəbdən satmaq istəməyəcək, emissiyanı gözləyib, özləri 20 qəpiyə alaraq 1 manata satacaq. Mən hesab edirəm ki, məhz bu faktor bankın rəhbərliyini ümumi yığıncaqları səhmdarları ora dəvət etmədən keçirməyə vadar edirdi".
   Ş.Əlizadənin verdiyi məlumata görə, hüquqları pozulan səhmdarların sayı 1000 nəfərə yaxındır. Bu problemlə bağlı müvafiq araşdırma aparılması üçün Vergilər Nazirliyinin Qeydiyyat İdarəsinə müraciət etdiyini deyən səhmdar bildirdi ki, qarşı tərəfdən gələn cavabda Beynəlxalq Bankda qovluq itdiyi üçün sənədlərlə tanış olmağın qeyri-mümkün olduğunu bildiriblər. Eyni zamanda, Ş.Əlizadə Nəsimi Rayon Məhkəməsinə də iddia ərizəsilə müraciət edib. Hazırda iş məhkəmənin icraatındadır.
   Ş.Əlizadə onu da bildirdi ki, son vaxtlar həm qlobal maliyyə böhranının təsiri, həm də bankın apardığı monetar siyasət nəticəsində səhmlərin ümumi dəyəri 1 manatdan 30-31 qəpiyə düşüb.
   Məsələ ilə bağlı Beynəlxalq Bankın hər hansı xarakterli reaksiyasına da yer verə bilərik.
   
Müşfiq ABDULLA
Masazır gölü Yeni Bakıdakı həyətləri basdı
Bələdiyyə sədri Ziyanfər Əliyev "biz quruduruq, onlar bir ucdan tikir" deyir
Masazır qəsəbəsinin Yeni Bakı massivində yerləşən evləri su basıb. Yaxınlıqda yerləşən duzlu gölün səviyyəsi qalxıb və su həyətlərə dolub. Sakinlərin Milli.Az xəbər portalına verdiyi məlumata görə, həmin ərazidə təxminən 20-30 ev suyun içərisindədir.
   Sakinlər suyun səviyyəsinin qalxmasını yeni tikilən evlərdən, o cümlədən yaxınlıqdakı restorandan axıdılan çirkab sularının çoxalması ilə əsaslandırırlar. "Bir müddət əvvəl işlər aparıldı, suyun səviyyəsi az da olsa aşağı salındı, lakin qarın yağması ilə vəziyyət yenə də acınacaqlı hal alıb" - deyə onlar əlavə etdilər. Sakinlər, tezliklə tədbir görülməsə, evlərinin uçacağından qorxur. Belə ki, həyətlərə dolan su duzlu olduğundan, evlərin daşları eroziyaya uğrayaraq zədələnib. Masazır bələdiyyəsinin sədri Ziyanfər Əliyev Milli.Az-a faktı təsdiqləyərək bildirdi ki, hazırda suyun səviyyəsinin aşağı salınması istiqamətində işlər aparılır, ərazidə nasoslar quraşdırılıb. Suyun səviyyəsi təxminən 70 santimetrədək endirilib. Bələdiyyə sədrinin sözlərinə görə, həmin ərazidə "Qotur göl" deyilən göl yerləşir və orada mütəmadi olaraq belə problemlər yaşanır: "Əvvəllər suyun qarşısını almaq mümkün olurdu, lakin hazırda həmin ərazidə məskunlaşma artdığına görə, kanalizasiya suları da suyun səviyyəsini artırır". Z.Əliyev problemin suyun qurudulması ilə bitmədiyini vurğulayır: "Su sahələri qurudulduqca, sakinlər qanunsuz olaraq həmin əraziləri mənimsəyərək evlər tikir. Bir müddət əvvəl 4 hektar ərazinin suyu quruduldu. Sonradan bir qrup şəxs qaçqın adından istifadə edərək həmin ərazini zəbt edib evlər tikdi"- deyə Z.Əliyev əlavə edib. Bələdiyyə sədri su basmış evlərin hamısının qanunsuz tikildiyini deyib. Həmin evlərin sahiblərinə heç bir sənəd-sərəncam verilməyib.
   
"Bibiheybət"də 500-dək mənzil söküləcək
Səbail Rayon Məhkəməsi "Bibiheybət" NQÇN-nin ərazisində olan mənzillərin sökülməsinə dair məhkəmə iddiasını təmin edib.
   Bu barədə "OLAYLAR"a Neftçilərin Hüquqlarını Müdafiə Komitəsindən bildiriblər. Təşkilatdan deyiblər ki, 500-dək mənzil sökülməlidir: "Mənzillərin əksəriyyəti üçün Dövlət Reyestr Xidmətindən, bələdiyyədən sənəd alınıb. Lakin həmin sənədlər qəbul edilməyib. Sökülən mənzillər üçün kompensasiyanın ödənilməsi də təmin olunmayıb". Təşkilatdan qeyd ediblər ki, mənzillərin 60-70 faizi qaçqın və məcburi köçkünlərindir. Lakin köçkünlər belə digər ərazilərdə yaşayışla təmin olunmayacaq. Şikayətçilər isə mənzil tikintisi üçün əlaqədar orqanlara pul verdiklərini iddia edərək, problem həll edilməyəcəyi halda aksiya keçirəcəklərini deyiblər.
   
Azərbaycan ərazisində yenidən qar yağacaq
Bakı və Abşeron yarımadasında fevralın 12-də havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənir. Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti olacaq.
   Fevralın 13-də havanın arabir yağıntılı olacağı, qar yağacağı gözlənir. Gündüz tədricən kəsiləcək. Şimal-şərq küləyi əsəcək, günün ikinci yarısında cənub-şərq küləyilə əvəz olunacaq. Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 3-5 dərəcə isti olacaq. Fevralın 14-də buludlu hava şəraiti üstünlük təşkil edəcək. Səhər yarımadanın bəzi yerlərində havanın çiskinli, yağıntılı olacağı ehtimalı var. Cənub küləyi əsəcək. Havanın temperaturu gecə 0-2 dərəcə isti, gündüz 4-6 dərəcə isti olacaq.
   
   
Ali təhsil sistemində köklü islahatlar başladı
Universitetlərə qəbul qaydaları dəyişdirilir
Prezident fərman imzaladı
Azərbaycan prezidenti İlham Əliyev ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında fərman imzalayıb. APA-nın məlumatına görə, fərmana əsasən, 2010/2011-ci tədris ilindən başlayaraq Azərbaycan ərazisində fəaliyyət göstərən ali təhsil müəssisələrində dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirmə dövlət sifarişi əsasında həyata keçiriləcək.
   Dövlət sifarişinin formalaşdırılması ölkənin milli, mədəni, humanitar və tarixi dəyərləri, mövcud əmək bazarının xüsusiyyətləri və dövlətin perspektiv inkişafı amilləri nəzərə alınmaqla təmin olunacaq.
   Mülkiyyət formasından asılı olmayaraq, qanunvericiliyə uyğun fəaliyyət göstərən bütün ali təhsil müəssisələri dövlət sifarişinin yerinə yetirilməsində iştirak edə bilər.
   Müəyyən edilib ki, dövlət büdcəsinin vəsaiti hesabına dövlət sifarişilə ali təhsil müəssisələrində kadr hazırlığı adambaşına maliyyələşdirmə prinsipi əsasında həyata keçirilir, hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə dövlət sifarişi İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti sahə nazirliklərilə razılaşdırılmış təklifləri əsasında müəyyənləşdirilir, Nazirlər Kabineti, dövlət sifarişinə uyğun olaraq, aidiyyəti nazirliklərin təqdim etdiyi təkliflər əsasında hər il üçün ayrı-ayrı ixtisaslar üzrə ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrinə tələbə qəbulunun proqnozunu təsdiq edir, ali təhsil müəssisələrinə qəbul imtahanları nəticəsində müxtəlif ixtisaslar üzrə dövlət sifarişilə təhsil almaq hüququnu qazanan abituriyentlər, mülkiyyət formasından asılı olmayaraq, təhsil alacaqları ali təhsil müəssisəsinin seçimində sərbəstdir.
   Nazirlər Kabinetinə tapşırılıb ki, 2010-cu ilin martın 15-dək 2010/2011-ci tədris ili üçün dövlət sifarişilə tələbə qəbulunun proqnozunu təsdiq etsin, sonrakı illərdə isə hər il avqust ayının 1-dək növbəti və sonrakı üç tədris ili üçün dövlət sifarişilə tələbə qəbulu proqnozunun təsdiq olunmasını təmin etsin, ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə prinsipinin tətbiqilə bağlı qüvvədə olan qanunvericilik aktlarının bu fərmana uyğunlaşdırılması barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının iki ay müddətində bu fərmana uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan prezidentinə məlumat versin, bu fərmandan irəli gələn digər məsələləri həll etsin.
   Maliyyə, İqtisadi İnkişaf və Təhsil nazirliklərinə isə xarici ölkələrin müvafiq sahədə qabaqcıl təcrübəsini öyrənməklə respublikanın ali təhsil müəssisələrində adambaşına maliyyələşdirmə mexanizmini özündə əks etdirən normativ hüquqi aktların layihələrini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etmək tapşırılıb.
   Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına isə tapşırılıb ki, 2010/2011-ci tədris ilindən başlayaraq dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi ilə bağlı qəbul qaydalarında bu fərmandan irəli gələn dəyişiklikləri aparsın və digər zəruri tədbirləri həyata keçirsin, dövlət sifarişi əsasında ali təhsil müəssisələrinə qəbul olunan tələbələrin vahid elektron məlumat bazasının yaradılmasını və zənginləşdirilməsini təmin etsin.
Bələdiyyələrin fəaliyyətindəki neqativ faktlar ümumi hesabatlarda itirilir
Ekspert Bələdiyyə Mərkəzinin daha detallı hesabatlar açıqlamasını istəyir
Vüqar Tofiqli: "Bələdiyyələrin hesabatlılığı ilə bağlı müəyyən problemlər var"
Milli Məclisin Regional məsələlər komitəsinin sonuncu iclasında məruzə ilə çıxış edən Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə bəzi maraqlı məqamlara toxunub. O bildirib ki, ötən il ərzində bələdiyyələrin fəaliyyətində irəliləyişlərə nail olunub, qanunvericilik bazası təkmilləşdirilib, maarifləndirmə işləri aparılıb və müsbət təcrübə əldə olunub.
   M.Səlimzadənin sözlərinə görə, il ərzində bələdiyyələrin fəaliyyətilə bağlı yoxlamalar aparılıb. Bu yoxlamalar nəticəsində 34 bələdiyyə tərəfindən ciddi qanun pozuntularına yol verilib. 23 fakt üzrə materiallar araşdırılması üçün Respublika Prokurorluğuna göndərilib: "Eyni zamanda, qanunsuz icarəyə verilən 5071 hektar torpaq sahəsi geri qaytarılıb. 16 milyon manat vəsaitin qanunsuz xərcləndiyi aşkarlanıb". M.Səlimzadə hazırda Azərbaycanda 1518 bələdiyyənin mövcud olduğunu, onlardan 9-da təkrar bələdiyyə seçkilərinin keçiriləcəyini diqqətə çatdırıb.
   Cənab Səlimzadənin məruzəsində diqqətimizi cəlb edən əsas məqam bələdiyyələrin fəaliyyətilə bağlı detalların açıqlanmamasıdır. Yəni məruzədə daha çox ümumi vəziyyət göstərilib. Konkret hansı bələdiyyənin nə kimi neqativ hallara yol verdiyi məlum deyil. Bu baxımdan yaxşı olardı ki, məruzədə ümumi hallar deyil, konkret faktlar, detallar öz əksini tapsın.
   Bələdiyyə məsələləri üzrə ekspert Vüqar Tofiqli bizimlə söhbətində bildirdi ki, bələdiyyələrin hesabatlılığı ilə bağlı müəyyən problemlər var. Qanunla bələdiyyələr Milli Məclis qarşısında hesabat verməlidir. Bələdiyyələr öz fəaliyyətilə bağlı Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinə hesabat verir. Mərkəz isə ölkə üzrə yerləşən bələdiyyələrin hesabatlarını ümumiləşdirərək Milli Məclisə hesabat verir. Mərkəzin hesabatında detallara varmaq çox çətindir".
   Ekspertə görə, bələdiyyələrin fəaliyyəti hüquq-mühafizə orqanları tərəfindən vətəndaşların şikayətləri əsasında araşdırılır. Bələdiyyələrin fəaliyyəti Maliyyə Nazirliyi tərəfindən də yoxlana bilər.
   
Eldar XƏYAL
Prezident Gəncədədir
Azərbaycan prezidenti İlham Əliyev fevralın 11-də Gəncə şəhərinə səfər edib.
   APA-nın məlumatına görə, dövlət başçısı əvvəlcə Gəncə şəhərindəki Heydər Əliyev meydanında onun abidəsini ziyarət edib. Bunun ardınca prezident "Ramada Plaza" hotelinin açılışına qatılıb.
   Səfər davam edir.
Bir qrup vergi əməkdaşı prezidentdən mükafat aldı
Azərbaycan prezidenti İlham Əliyev Vergilər Nazirliyi əməkdaşlarına xüsusi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.
   APA-nın məlumatına görə, Bakı şəhəri vergilər departamentinin rəisi Tariyel Quliyev və Naxçıvan Muxtar Respublikasının vergilər naziri Əli Mahmudova 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri rütbəsi verilib.
   Prezidentin digər sərəncamı ilə Azərbaycanda vergi xidməti işçilərinin peşə bayramı və Vergilər Nazirliyinin yaradılmasının 10 illiyilə əlaqədar 27 şəxs "Vergi orqanlarında xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli Azərbaycan Respublikasının medalı ilə təltif edilib.
   
Yuliya Timoşenko Ukraynanın baş nazir postunu qoyub getmək istəmir
Ukrayna baş nazirinin birinci müavini Aleksandr Turçinov hökumətin istefasına əsas görmədiyini bəyan edib.
   APA-nın "İnterfaks-Ukraina" agentliyinə istinadən verdiyi məlumata görə, A.Turçinov parlamentdə Regionlar Partiyasının iştirakı ilə yeni koalisiyanın formalaşacağına şübhə etdiyini deyib: "Hökumət Konstitusiya çərçivəsində çalışır. Hökumət yalnız Ali Rada dəyişdiyi təqdirdə istefaya gedir, bu da Konstitusiya normasıdır". Əmək və sosial siyasət naziri Lüdmila Denisova isə baş nazir Yuliya Timoşenkonun ictimaiyyət qarşısında çıxışa hazırlaşdığını açıqlayıb. L.Denisova baş nazirin susması barədə jurnalistlərin sualına belə cavab verib: "O susmur. Mən onunla görüşdüm, fraksiya da görüşdü. İndi Yuliya Vladimirovna çıxışa hazırlaşır. Biz seçkinin nəticələrilə razı deyilik, çünki kütləvi saxtakarlığa yol verilib".
   
Mirmahmud Mirəlioğlu Müsavat Partiyası və "Azadlıq"dan mənfi cavab gələ biləcəyini istisna etmir
"Azadlıq" bloku və Müsavat Partiyası Demokratiya Uğrunda İttifaqın (DUİ) təkliflərinə cavab verməyib. DUİ-də təmsil olunan Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu APA-ya açıqlamasında cavab almaq üçün tərəflərə yenidən müraciət etmək fikrində olmadığını deyib:
   "Cavab gələndə gələcək, gəlməyəndə də gəlməyəcək. Dünyanın əvvəli və axırı bu cavabla həll olunmur ki... Biz sadəcə, istədik ki, 2010-cu ildə kimlərlə bir arada ola bilərik məsələsini mediasız müzakirə edək. Müzakirə üçün bir arada otura bilmirlərsə, onda düşünməli çox şey var. Amma bunu faciəyə çevirmək də lazım deyil. Sadəcə, ümidliyəm ki, cavab olacaq. Hətta mənfi olsa belə". M.Mirəlioğlu DUİ-nin Sədrlər Şurasının üzvü Pənah Hüseynin bu təşəbbüsdən geri çəkilməklə bağlı təklifinə münasibət bildirmək istəməyib: "Bu təklifə münasibətimizi qərarımızla bildirmişik. Əvvəla, birgə müzakirənin aparılması təşəbbüsü bizimdir. İkincisi, Pənah Hüseynin təklifini qəbul etməmişik".
   
Əfqanıstandakı antisovet mücahidlərinin dostu ABŞ konqresmeni 76 yaşında vəfat etdi
ABŞ-ın keçmiş konqresmeni, 1980-ci illərdə sovet qoşunlarına qarşı döyüşən əfqan mücahidlərinə maliyyə yardımı göstərilməsi ideyasını dəstəkləmiş Çarli Vilson vəfat edib.
   APA-nın İNTERFAKS-a istinadən verdiyi məlumata görə, Demokratlar Partiyasının üzvü, Texas ştatını təmsil edən Ç.Vilson 76 yaşında vəfat edib. Qeyd edək ki, bu konqresmenin Nümayəndələr Palatasının Assiqnasiyalar üzrə Komitəsində səyləri nəticəsində ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi sonradan əfqan mücahidlərinə ötürülən külli miqdarda maliyyə yardımları alıb.
   
   
   
Marşrut avtobusu Mədəniyyət Nazirliyinin sektor müdiri Leyla Axundzadəni vurdu
Həkimlər onun həyatını xilas edə bilmədi
Yasamal rayonunda sərnişin avtobusu piyadanı vurub. Bu barədə APA-ya Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.
   Hadisə Yasamal rayonu Hüseyn Cavid prospektində qeydə alınıb. Eyvaz Əliyev idarə etdiyi 70 saylı marşrut avtobusu ilə 1952-ci il təvəllüdlü Leyla Axundzadəni vurub. Piyada xəstəxanaya çatdırılsa da, aldığı xəsarət ağır olduğundan, onu xilas etmək mümkün olmayıb.
   Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi İntiqam Hümbətov APA-ya açıqlamasında hadisə zamanı dünyasını dəyişən L.Axundzadənin nazirliyin təsviri və dekorativ sənət sektorunun müdiri olduğunu bildirib.
   Prezidentin sərəncamı ilə L.Axundzadəyə 2007-ci ildə "Əməkdar incəsənət xadimi" adı verilib.
Ehsan Zahidov DİN mətbuat xidmətinə rəis müavini təyin edildi
Azərbaycan Daxili İşlər Nazirliyi mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov yeni vəzifəyə təyin olunub.
   APA-nın məlumatına görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmrilə polis polkovnik-leytenantı E.Zahidov Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini vəzifəsinə təyinat alıb.
   DİN-in mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
   E.Zahidov bundan əvvəl isə DİN-in mətbuat xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinə rəhbərlik edib.
   
Bakı-Rostov dəmiryoluna partlayıcı qurğu qoyulan anda işə düşüb
Fevralın 10-da, saat 23:30 radələrində Bakı-Rostov dəmiryolunun Mahaçqala yaxınlığından keçən hissəsində partlayış baş verib.
   Lent.az-ın Rusiya KİV-nə istinadən məlumatına görə, partlayış nəticəsində bir nəfər ölüb. Dağıstan milisinin ehtimalına görə, bomba dəmiryoluna qoyulan anda partlayıb. Ölən isə bombanı qoymaq istəyən şəxsdir.
   "RİA Novosti" xəbər verir ki, həlak olan şəxslə yanaşı, bir nəfər də yaralanıb. Agentlik bildirir ki, ölən və yaralanan şəxslərin yola bomba qoyan yaxud yaxınlıqdan keçən təsadüfi adamlar olduğu dəqiq bilinmir.
   
Dənizdən tapılan meyit Elçin Əfəndiyevin köməkçisinin kürəkəni imiş
Ekspertiza rəyi açıqlanıb
Yanvarın 19-da Qaradağ rayonunun Qrunt adasında yerləşən "Nəriman Neft" şirkətinin estakadasında balıqçılar tərəfindən tapılan naməlum kişi meyitinin kimliyi müəyyənləşib.
   Bu barədə Lent.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib. Məlumatda keçirilən ekspertiza nəticəsində mərhumun 2009-cu il sentyabrın 28-də itkin düşmüş Bakı şəhəri, Nəsimi rayon sakini, 1977-ci il təvəllüdlü Kazımov Tahir Həsən oğlu olmasının müəyyənləşdiyi bildirilib.
   Faktla bağlı araşdırma aparılır.
   Qeyd edək ki, Tahir Kazımov baş nazirin müavini Elçin Əfəndiyevin köməkçisi Vaqif Hüseynovun kürəkənidir. O, həmin vaxt Səngəçal terminalına balıq tutmağa gedibmiş və ehtiyatsızlıqdan dənizə düşüb. Hadisə baş verən günlərdə mətbuat T.Kazımovun qaçırılaraq öldürüldüyünü yazmışdı. Mərhum "Nikoyl" Bankın əməkdaşı olub, 2 azyaşlı övladı var.
   Vaqif Hüseynovla əlaqə saxlamaq cəhdlərimiz nəticəsiz qalıb.
   
Mehdi Hümbətova BŞBPİ-də yeni vəzifə verilib
Sumqayıt və Kürdəmirin sabiq polis rəisi Mehdi Hümbətov yeni vəzifəyə təyinat alıb.
   APA-nın məlumatına görə, daxili işlər naziri Ramil Usubovun müvafiq əmrilə polis polkovniki Mehdi Hümbətov Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə şöbə rəisi təyin edilib.
   Daxili İşlər Nazirliyi mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov APA-ya faktı təsdiqləyərək, daxili işlər nazirinin belə bir əmr imzaladığını bildirib.
   Qeyd edək ki, M.Hümbətov bundan əvvəl Sumqayıt və Kürdəmir rayon Polis Şöbələrinin rəisi vəzifəsində çalışıb. O, işində yol verdiyi nöqsanlara görə 2009-cu ilin noyabrında tutduğu vəzifədən uzaqlaşdırılıb.
   
Sabutay Hacıyev işə düzəltmək adı ilə 5 min "qopardı"
Nəsimi rayonunda dələduzluq hadisəsi baş verib.
   Rayon Polis Şöbəsindən Milli.Az xəbər portalına verilən məlumata görə, Bakı sakini Sabutay Hacıyev həmyerlisi Rabil Dadaşzadənin etimadını qazanaraq onu aldadıb. Belə ki, o, R.Dadaşzadəni işə düzəldəcəyi adı ilə 5.000 manat alaraq mənimsəyib. İşə düzəldilmədiyini görən zərərçəkmiş polisə müraciət edib. Hazırda faktla bağlı təhqiqat araşdırmaları aparılır.
   
   
   
   
"Azadlıq prospekti" stansiyası çökmə təhlükəsilə üzləşib
Metronun üzərindəki park çökür
Metronun "Azadlıq prospekti" stansiyasının üzərində salınmış istirahət parkı çöküb. Artıq parkın müxtəlif hissələrində plitə döşəmələr tamamilə dağılıb. Ötən ilin sentyabrında istifadəyə verilmiş parkda yenidən təmir işləri aparılır.
   Lent.az-ın əməkdaşı dünən həmin parkın təmirində iştirak edən iş icraçıları ilə görüşüb. Məlum olub ki, parkın çökməsinə səbəb tikinti zamanı torpaq örtüyündə bərkitmə işlərinin aparılmaması olub. Fəhlələrin bildirdiyinə görə, metrostansiyanın tikintisi zamanı ərazidə parkın salınması ilə "Körpübinatikinti" ASC məşğul olub. Ancaq parkdakı daş döşəmələrin altında torpaq boş olduğundan, yağış və qar suyu döşəmənin arasından süzülərək alt hissələrə dolub. Nəticədə torpaqda boşalma getdiyindən ərazi çöküb.
   Xatırladaq ki, hazırda parkda yenidənqurma işlərini də "Körpübinatikinti" ASC aparır. Biz parkda müşahidə apararkən həmin müəssisəyə məxsus betontökən "KamAZ"ın orada olması da diqqəti çəkirdi. Belə ki, təxminən 50 metrlik məsafədə dayanmış bu texnikanın uzun borusu "Azadlıq prospekti" stansiyasının girişinədək uzanırdı. Üstəlik, stansiyaya giriş hissənin ətrafına döşənmiş daş pilətələr sökülmüşdü. Fəhlələr isə həmin sökülmüş hissədə qazıntı işləri aparırdılar.
   Öyrəndik ki, onlar bu hissədə olan "lük" vasitəsilə metrostansiyanın içərisinə beton tökəcəklər. Ancaq iş icraçıları stansiyada bərkitmə işlərinin hansı səbəbdən aparıldığına dair sualımızı cavablandırmaq istəmədilər.
   "Parkın tikintisi zamanı tələskənliyə yol verilib. Ərazinin çökməsi stansiyada da təhlükəli vəziyyət yaradıb. Bizə tapşırıblar ki, stansiyanın giriş hissəsində əlavə betonlaşdırma işləri aparılmalıdır" - deyə, fəhlələrdən biri bildirib.
"Xırdalan" yarımstansiyasında daha bir qəza...
"Azərenerji" məlumat yaydı...
"Azərenerji" ASC 220 KV-luq "Xırdalan" yarımstansiyasında baş vermiş yanğınla əlaqədar rəsmi məlumat yayıb.
   Səhmdar Cəmiyyətin mətbuat xidmətinin rəis müavini Yəhya Babanlının "APA-Economics"ə verdiyi məlumata görə, yanğın dünən saat 04:20-də yarımstansiyada işdə olan transformatorlardan birinin yağ çənində baş vermiş qısaqapanma nəticəsində yaranıb. Bu hadisənin enerji sisteminin normal fəaliyyətinə heç bir təsiri olmayıb.
   Y.Babanlı bildirib ki, yarımstansiyada 3 transformator quraşdırılıb. Onlardan ikisi daim işlək vəziyyətdə, biri isə ehtiyatda olur.
   
Sabunçu dairəsində sərnişin avtobusu aşdı
Dünən saat 23.15 radələrində Bakının Sabunçu rayonu ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.
   Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Sabunçu dairəsində baş verib.
   Avtobus Qaradağ rayonunda yerləşən Sədərək Ticarət Mərkəzində işləyən fəhlələri Binə qəsəbəsinə aparırmış. Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən Almaz Ağalarova, Gülçin Məmmədova və Mərafət Miriyeva xəsarət alıb. Onlar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
   Daha bir neçə nəfər isə hadisə yerindəcə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Xəstəxanadan APA-ya verilən məlumata görə, yaralıların vəziyyəti orta-ağırdır.
   Sabunçu Rayon Polis İdarəsindən isə bildirilib ki, qəzaya, avtobus hərəkət edərkən, anidən təkərinin sıradan çıxması səbəb olub.
   
Qaradağda daş karxanasından mis naqil oğurlayanlar tutulub
Qaradağ daş karxanasından 110 metr mis naqil oğurlayanlar tutulub. Bu barədə məlumatı "OLAYLAR"a Bakı Şəhər Baş Polis İdarəsindən veriblər.
   Hadisə fevralın 7-də baş verib. Qəbələ rayon sakinləri Elxan İbrahimov və Lökbatan sakini Kamil İsayev həmin gün Qaradağ daş karxanasından 110 metr mis naqil oğurlayıb. Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxslər fevralın 10-da tutulub.
   
   
Bir gündə dəm qazından 7 nəfər zəhərlənib
Daxili İşlər Nazirliyi mətbuat xidmətinin yaydığı məlumata görə, fevralın 10-da Bakının Yasamal rayonu, Süleyman Rəhimov küçəsi ev 60-da yaşayan İbrahim Mütəllibzadə evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.
   Həmin gün Sumqayıt şəhəri, 17-ci mikrorayon, ev 22-də yaşayan Vəfa İbayeva, Sumqayıt şəhəri 8-ci mikrorayon ev 26/11-də yaşayanlar Bəsti Muradova, Kamilə Muradova, Gülnar Şirəliyeva və Elxan Şirəliyev, 4-cü mikrorayon ev 19/27-də yaşayan Bəylər Cəfərov mənzillərində dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilib.
   Bütün faktlarla bağlı araşdırma aparılır.
   
Suraxanıda Həsənov Ramil keçmiş həyat yoldaşı Güneli bıçaqladı
Bakıda keçmiş həyat yoldaşını bıçaqlayan şəxs həbs edilib. Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsindən məlumat verilib. Məlum cinayət hadisəsi fevralın 9-u saat 09:30 radələrində Suraxanı rayonu, A.Rzayev küçəsində baş verib. Bakı şəhər sakini Ramil Həsənov həmin küçədə yaşayan keçmiş həyat yoldaşı Günel Rəhimovaya çoxsaylı bıçaq xəsarətləri yetirib. G.Rəhimova aldığı xəsarətlər nəticəsində 3 saylı Xəstəxanaya yerləşdirilib. R.Həsənov isə hadisəni törətdikdən sonra qaçaraq məsuliyyətdən yayınıb.
   Suraxanı Rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində R.Həsənov tutularaq istintaqa təhvil verilib.
   
Qaynana evini də yandırarlar?
Ağstafa rayon sakini Aqil Qurbanov sərxoş vəziyyətdə...
Ağstafa rayon sakini sərxoş vəziyyətdə qayınanasının evini yandırıb. Ağstafa Rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, Ağstafa rayon sakini, 1975-ci il təvəllüdlü Qurbanov Aqil Vahid oğlu gecə saat 00:05 radələrində sərxoş vəziyyədə Ağstafa rayon Qaçaq Kərəm kəndinə gələrək, qaynanası, 1959-cu il təvəllüdlü Eyyubova Maisə Hacı qızına məxsus mənzilə benzin tökərək od vurub.
   Hadisə nəticəsində evin bir hissəsi yansa da, xəsarət alan olmayıb. Hadisədən dərhal sonra Aqil Qurbanov Ağstafa rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. Hazırda Ağstafa Rayon Polis Şöbəsində araşdırma aparılır.
   
   
 
 
 SON XƏBƏRLƏR
2010-02-12 Qaynana evini də yandırarlar?
2010-02-12 Suraxanıda Həsənov Ramil keçmiş həyat yoldaşı Güneli bıçaqladı
2010-02-12 Bir gündə dəm qazından 7 nəfər zəhərlənib
2010-02-12 Qaradağda daş karxanasından mis naqil oğurlayanlar tutulub
2010-02-12 Sabunçu dairəsində sərnişin avtobusu aşdı
2010-02-12 "Xırdalan" yarımstansiyasında daha bir qəza...
2010-02-12 Sabutay Hacıyev işə düzəltmək adı ilə 5 min "qopardı"
2010-02-12 Mehdi Hümbətova BŞBPİ-də yeni vəzifə verilib
2010-02-12 Dənizdən tapılan meyit Elçin Əfəndiyevin köməkçisinin kürəkəni imiş
2010-02-12 Bakı-Rostov dəmiryoluna partlayıcı qurğu qoyulan anda işə düşüb
2010-02-12 Ehsan Zahidov DİN mətbuat xidmətinə rəis müavini təyin edildi
2010-02-12 Marşrut avtobusu Mədəniyyət Nazirliyinin sektor müdiri Leyla Axundzadəni vurdu
2010-02-12 Əfqanıstandakı antisovet mücahidlərinin dostu ABŞ konqresmeni 76 yaşında vəfat etdi
2010-02-12 Mirmahmud Mirəlioğlu Müsavat Partiyası və "Azadlıq"dan mənfi cavab gələ biləcəyini istisna etmir
2010-02-12 Yuliya Timoşenko Ukraynanın baş nazir postunu qoyub getmək istəmir
2010-02-12 Bir qrup vergi əməkdaşı prezidentdən mükafat aldı
2010-02-12 Prezident Gəncədədir
2010-02-12 Bələdiyyələrin fəaliyyətindəki neqativ faktlar ümumi hesabatlarda itirilir
2010-02-12 Azərbaycan ərazisində yenidən qar yağacaq
2010-02-12 "Bibiheybət"də 500-dək mənzil söküləcək
2010-02-12 Beynəlxalq Bankın səhmdarı nədən narazıdır?
2010-02-12 "Azəriqaz"ın Göyçay rəhbərliyi "vuruldu"
2010-02-12 Azərbaycanın İranla sərhəd rayonlarında dini mağazalar qapadıla bilər
2010-02-12 ABŞ İranın 4 şirkətinə sanksiya tətbiq etdi
2010-02-12 İran Rusiyaya neftin azı 80 dollara satılması barədə razılaşma təklif etdi
2010-02-12 Abdulla Gül Sarkisyanın təyyarədən yazdığı məktuba cavab göndərib
2010-02-12 Nərimanov rayonunda tikintidə dəhşətli hadisə...
2010-02-12 Gəncədə toyuq dönəri satanlara 100 manat cərimə təyin edildi
2010-02-12 Seçkiyə qədər Azərbaycanda bir televiziya da açılacaq
2010-02-12 Kürdəmirin Mollakənd və Türkədi kəndində 60-a yaxın ev yeraltı qrunt sularının altında qaldı
2010-02-12 Bakı Hərbi Təyyarəçilik Məktəbinin tələbəsi Bakıda yoxa çıxdı
2010-02-12 Rüşvətxor icra nümayəndəsinə hökm oxundu
2010-02-12 Fazil Məmmədov bir sıra vergilərin xeyli endirildiyini bildirdi
2010-02-12 8-ci Polis Bölməsi Buzovnada keçmiş dustaqdan silah götürdü
2010-02-12 Fermerlərin istifadəsiz saxladığı böyük torpaq sahələri barədə sərt tədbirlər görülə bilər
2010-02-12 Əlövsət Osmanlı Təhsil Nazirliyində 5600 dollardan imtina etdiyini deyir
2010-02-12 İranın "nüvə şıltaqlığı" Rusiyanı da təbdən çıxarıb
2010-02-12 Vəhdət Sultanzadə Türkmənistana səfir getdi
2010-02-12 Bakıya Malidən, Serbiya və Kanadadan səfir gəldi
2010-02-12 Bakıda pilotsuz təyyarə zavodu reallığa yaxınlaşır
2010-02-12 İsrailin Azərbaycanla viza rejiminin aradan qaldırılması istəyinə Türkiyə mediasından sərt reaksiyalar gəldi
2010-02-12 Bakı kəndlərinə işləyən "elektriçkaların" yeri görünməyə başlayıb
2010-02-12 Sumqayıt savad dəryası imiş
2010-02-12 Enerji mənbələrinin üstündəki qanunsuz tikililərin sökülməsi tərəfdarları artır
2010-02-12 Quba sakini həbsdə ola-ola 2 ev yardı
2010-02-12 Kərbəlada azərbaycanlı zəvvarlara silahlı basqın edən "Əl-Qaidə" yaraqlıları tutuldu
2010-02-12 İqtisadiyyat Nazirliyi Bakı mağazalarında 600 kq xarab ərzaq məhsulu müsadirə etdi
2010-02-12 Bakıdakı marşrut avtobuslarında azmaq olar
2010-02-12 Professor Cəmil Əhmədli vəfat edib
2010-02-12 Mənzili olan tənha qocalar təhlükə ilə üzləşib
2010-02-12 Cənub bölgəsində azyaşlılara daha nikah kəsilmir?
2010-02-12 Müəllimlərlə şagirdlərin sayı arasında uyğunsuzluq yaranıb
2010-02-12 Hər kəs öz sənətinin orta məktəblərdə fənn kimi tədris edilməsini istəyir
2010-02-12 Rəhbərlik "Yuventus"da kütləvi təmizləmə əməliyyatına hazırlaşır
2010-02-12 Keytanın "Qalatasaray"dan getmək qərarı azarkeşləri şoka saldı
2010-02-12 "Arsenal" uğursuzluq zolağından çıxdı
2010-02-12 Mübariz Mənsimov transfer siyahısını genişləndirdi
2010-02-12 "Qalatasaray" kubokdan əlini üzdü
2010-02-12 "Yuventus" Riberini almaq üçün danışıqlara başladı
2010-02-12 "Atletiko" ilə oyunöncəsi "Barselona" 6 müdafiəçisini itirdi
2010-02-12 Fabreqas "Barselona" məsələsinə aydınlıq gətirdi
2010-02-12 Adrian Mutu Çempionlar Liqasında oynamaqdan məhrum edildi
2010-02-12 AFFA "Turan"da məşqçi qoymadı
2010-02-12 Rusiya FTX Saratovda 44 yaşlı Azərbaycan vətəndaşını həbs etdi
2010-02-12 Quldurluqla Nurlan İbrahimovun maşınını qaçıran dustaqların məhkəməsi başladı
2010-02-12 Polisin maşınından tapança oğurlamış dəstənin məhkəməsi başladı
2010-02-12 Yeni il gecəsi telefon oğurlayan Cavid Mahmudov ay yarım sonra tutuldu
2010-02-12 İki Yardımlı sakininin də qoşulduğu iranlı narkodəstənin şikayətinə baxmadılar
2010-02-12 Goranboyun Dəliməmmədli kəndindəki qətlin məhkəməsi bitdi
2010-02-12 Bakıda çinlini yaralayan Ağdam sakini tutuldu
 
 
 
Copyright (c) Bakı Xəbər 2009