Samir Əliyev: "Burada ən pis məqam odur ki, imkanı yaxşı olan, evi olan məcburi köçkünlər yataqxanada, məktəbdə olan yerlərini əldən vermək istəmir"
.jpg)
Son illər hökumətin maliyyə imkanları yaxşılaşdıqca, qaçqın və məcburi köçkünlərin həyat və şəraitini yaxşılaşdırmaq üçün ayrılan vəsaitlərin həcmi artırılır. Sözügedən kateqoriyaya aid olan vətəndaşlarımız üçün bir sıra qəsəbələr salınıb. Eyni zamanda, bir neçə ay bundan əvvəl Binəqədi rayonunda qaçqın və məcburi köçkünlər üçün 369 mənzilli 6 bina istismara verildi.
Onu da qeyd edək ki, Ermənistandan qaçqın düşən soydaşlarımıza verilən evlər daimi onlara məxsus olacaq. Qarabağdan olan məcburi köçkünlərə verilən evlər isə müvəqqəti xarakter daşıyacaq. Torpaqlar azad olunandan sonra evlər hökumətin balansına keçəcək. Burada bir məqam da var ki, məcburi köçkünlərə verilən mənzillərdə həqiqətən də onların yaşayıb-yaşamadığı diqqətdə saxlanacaq. Belə ki, həmin evlərin hansısa formada kirayə verilməsi qəti qadağandır. Qaçqın adından istifadə edib, tikilən həmin mənzillərə yiyələnmək istəyən şəxslər də yox deyil və belə halların baş verməyəcəyini istisna etmək olmaz. Bütün hallarda qaçqınlar üçün inşa olunan mənzillərin müəyyən maxinasiya hədəfinə çevrilməsi təhlükəsi yox deyil.
"İqtisadi Təşəbbüslərə Yardım" İctimai Birliyinin eksperti Samir Əliyev sözügedən məsələyə aydınlıq gətirərək bunları bildirdi: "Ermənistandan qovulanlara qaçqın, Qarabağ və ətraf rayonlardan qovulanlara məcburi köçkün statusu verilib. O baxımdan, Ermənistan qaçqınlarına verilən evlərin daimi olması təbiidir. Qarabağdan qovulanlara müvəqqəti ev verilməsi hardasa başadüşüləndir. İnşallah, torpaqlar azad olunacaq və onlar yurdlarına qayıdacaq. Hesab edirəm ki, buna nəzarətini artırılması düzgün addımdır. Düzdür, Azərbaycanda nəzarət mexanizmi təkmil olmadığından, müəyyən problemlər yaranır. Bəzən qaçqınlar arasında elə insanlara rast gəlirik ki, hər hansı bir yataqxanada yer də tutur, digər yerdə özünə ev də tikir. Ancaq hər vasitə ilə yataqxanadakı yerini əldən vermək istəmir. Mingəçevirin bir neçə məktəbində məcburi köçkünlər məskunlaşıb. Eyni zamanda, bu dövr ərzində axara düşən məcburi köçkünlərin bir qismi özünə iş taparaq şərait qurub və vəziyyəti yaxşıdır. Buna, təbii ki, sevinmək lazımdır. Ancaq burada ən pis məqam odur ki, imkanı yaxşı olan, evi olan məcburi köçkünlər yataqxanada, məktəbdə olan yerlərini əldən vermək istəmirlər. Bunun bir səbəbi hökumətdən yardım qoparmaqdır. Tikilən yaşayış mənzillərinin qaçqın adı ilə alınıb kirayə veriləcəyi hallarını da istisna etmək olmaz. Elə qaçqın var 4 yerdə evi var. Ona görə də bu məsələlərdə hökumət son dərəcə diqqətli olmalıdır. Yaxşı olardı ki, evlər həqiqi evə ehtiyacı olanlara verilsin".