Vahid Abdulov: "Burda respublikada analoqu olmayan Ticarət Mərkəzi açmaq fikrindəyik"
.jpg)
Bir neçə gün öncə mətbuatda paytaxtın Bakıxanov qəsəbəsindəki yarmarkanın söküləcəyinə dair məlumat yayılmışdı. Agentliklərin verdiyi məlumata görə, artıq bazardakı sahibkarların 60 faizi icarəyə götürdüyü mağaza və piştaxtaları təhvil verib.
Hazırda bazarda tək-tək sıralarda piştaxtalar fəaliyyət göstərir ki, həmin şəxslər də gətirdiyi malları sata bilmədiyi üçün bazarda qalıb. Sahibkarlar deyir ki, bazarın bağlanması xəbəri yayıldıqdan sonra ticarət mərkəzinə gələn alıcılar həddindən artıq azalıb. Sahibkarlar deyir ki, bazarın fəaliyyəti fevralın sonuna qədər dayandırılmalı və bazar köçürülməlidir. Elə buna görə də bazarın sahibkarları yeni inşa edilən ticarət mərkəzinə köçür. Artıq əksər sahibkar bazarı tərk edərək, yeni tikilən "Hövsan" Ticarət Mərkəzində müvafiq mağazalar kirayələyib. Bazarda qalan bir neçə sahibkar da artıq həmin yeni ticarət mərkəzinin rəhbərliyilə razılıq əldə edib.
Agentliyin məlumatına görə, Bakıxanov Ticarət Mərkəzi qəsəbədə əsas magistral yolda avtomobil tıxacları yaratdığı üçün köçürülür.
Ticarət mərkəzi
tıxac yaradırmı?
Yayılan məlumatları aydınlaşdırmaq üçün dünən Bakıxanov Ticarət Mərkəzində olduq. İlk olaraq qeyd edək ki, ticarət mərkəzi öz ərazisinə və satıcıların sayına görə paytaxtdakı bazarların çoxundan irəlidədir. İcarə haqqı ucuz olduğundan, əksər satıcılar bura üz tutur. İcarə haqqının ucuz olması satılan malların qiymətinədə təsir göstərir. "Bakıxanov"dakı qiymətlər digər ticarət mərkəzlərindəki qiymətlərdən xeyli ucuzdur. Bazarın tıxac yaratmasına gəlincə, bildirək ki, bura şəhərin mərkəzi deyil. Yollarda hərəkət edənlər əsasən marşrut avtobuslarıdır. Yollar isə o qədər də dar, ensiz deyil. Burada olduğumuz müddətdə hər hansı tıxaca rast gəlmədik.
Üç ildir eyni
şeyi deyirlər
Bakıxanov Ticarət Mərkəzində əsasən yüngül sənaye məhsulları, tekstil, geyim əşyaları satılır. Düzdür, burada məişət avadanlıqları da almaq mümkündür. Bazar böyük olduğundan, müxtəlif bölmələr fəaliyyət göstərir. Bir neçə il bundan qabaq bazarda müəyyən qədər səliqəsizlik var idisə, hazırda bu aradan qaldırılıb.
Yayılan məlumatların nə qədər doğru olub-olmadığını aydınlaşdırmaq üçün satıcılarla söhbətləşdik. Övladının da jurnalistikanı bitirdiyini deyən bir xanım satıcı dedi ki, bazarın köçürülməsilə bağlı neçə illərdir mətbuat yazır, amma ortada heç nə yoxdur.
Satıcı onu da bildirdi ki, bazarın sökülməsindən danışmaq hələ tezdir: "Rəhbərlik bizə deyib ki, yazılanlar həqiqətə uyğun deyil. Bazar heç yerə köçürülməyəcək. Əksinə, bazarı daha da genişləndirirlər".
Söhbətləşdiyimiz digər satıcılar da bazarın bağlanacağı və digər yerə köçürüləcəyinə dair yayılan məlumatların yalan olduğunu bildirdi.
Yalan məlumatları "Hövsan" Ticarət Mərkəzi təşkil edib?
Satıcılar deyir ki, bütün yerlərdə olduğu kimi, Bakıxanov Ticarət Mərkəzində də böhranın əlamətləri özünü göstərir. Alver zəifləyib, qiymətlər aşağı düşüb. Amma başqa əlac yoxdur. Onsuz da bütün ticarət mərkəzlərində vəziyyət eynidir.
Satıcılardan biri onu da qeyd etdi ki, Bakıxanov bazarının bağlanacağına dair məlumatlar yeni tikilən ticarət mərkəzləri rəhbərlərinin sifarişilə mətbuata ötürülüb.
"Qəsdən belə məlumatları mətbuata ötürürlər ki, bazardakı satıcılar onların ticarət mərkəzlərinə üz tutsun. Görürlər ki, heç kəs onlardan yer götürmür. Yeni ticarət mərkəzlərində icarə haqqı Bakıxanov Ticarət Mərkəzindəki icarə haqqından bir neçə dəfə bahadır. Müştəri də olmur. Belə bir vəziyyətdə hansı ağılsız yeni ticarət mərkəzinə üz tutar" deyə satıcı qeyd etdi.
Apardığımız müşahidələr də bazarın köçürüləcəyinə dair yayılan məlumatların həqiqəti əks etdirmədiyini göstərdi.
Yarmarkada alıcı az olsa da, boş piştaxta, demək olar ki, yox idi. Satıcılar rəhbərlikdən də razılıq ifadə etdilər. Qeyd etdilər ki, bazarın müdiri Hacı Fərhadın onlara münasibəti həmişə yaxşı olub. İmkansızlara əl tutub.
"Azəribiznes" şirkətinin baş direktoru Vahid Abdulov isə bizimlə söhbətində qeyd etdi ki, Bakıxanov Ticarət Mərkəzi
"Azəribiznes" şirkətinin nəzdində fəaliyyət göstərir: "Özünüzün də gördüyünüz kimi, bazarda tikinti-abadlıq işləri aparılır. Köhnə tikililər sökülür, yerində müasir standartlara uyğun ofislər, mağazalar tikilir. Yeni mağazaların tikintisində hər bir təhlükəsizlik faktoru nəzərə alınır. Mağazalar yanğından tam mühafizə olunub. Yəni biz burada yüksək səviyyəli, respublikada analoqu olmayan ticarət mərkəzi açmaq fikrindəyik. 4 hektardan artıq sahəsi olan Bakıxanov Ticarət Mərkəzində 1200-dən çox satıcı işləyir. Buradakı işçilər, əsasən qaçqın və məcburi köçkünlər, Gürcüstandan gəlmiş soydaşlarımızdır."
Böhranın "Azəribiznes" şirkətinin də fəaliyyətinə təsirsiz ötüşmədiyini etiraf edən V.Abdulov qeyd etdi ki, böhran onların da gəlirlərini azaldıb: "Böhranla əlaqədar olaraq şirkətin prezidenti Hacı Fərhad satıcılara güzəştlərin edilməsinə dair göstəriş verib. Heç bir satıcı Ticarət Mərkəzini bu günə qədər tərk etməyib. Gedin satıcıların fikirlərini də öyrənin. Mən biləni, bizdən heç kəs inciklik etməz. Şirkətin prezidenti Hacı Fərhad dindar alim, akademik adamdır. Sabunçu rayonu ərazisində nə qədər internat və uşaq evi varsa, hamısına maddi köməklik göstərir. Hacı Fərhad həm də müasir dövrümüzlə səsləşən, reallığı özündə əks etdirən dini kitablar yazır. Bu günə qədər onun bir neçə kitabı işıq üzü görüb. Moskvada rus dilində nəşr olunan yeni kitabının təqdimatı yaxın vaxtlarda keçiriləcək. Həmin təqdimata sizin qəzetinizi də dəvət edəcəyik".