"Valideynlərin telefonuna şagirdin qiyməti əvəzinə porno görüntülər, şəkillər gələcək və sair"
.jpg)
Təhsil Nazirliyi tərəfindən orta ümumtəhsil məktəblərində "SMS gündəliyi"nin gündəmə gətirilməsi müəyyən söz-söhbətə, şayiələrin yaranmasına səbəb olub.
Məlumatlara görə, növbəti tədris ilindən etibarən orta məktəblərdə dəftər şəkilli gündəlikdən imtina ediləcək. Şagirdlərin aldığı qiymətlər isə hər gün SMS vasitəsilə valideynlərinin mobil telefonuna göndəriləcək. Yəni valideyn uşağının gündəlik hansı qiymətlər aldığını SMS vasitəsilə biləcək. Bu da nəticədə bəzi uşaqların valideyni qiymət məsələsində aldatmasının qarşısını alacaq. Deyilənə görə, "SMS gündəliyi"ndə yalnız şagirdin dərs qiymətləri deyil, həm də onun davranışına, özünü necə aparmasına dair məlumatlar qeyd ediləcək.
"SMS gündəliyi" reallaşmamış bu barədə şayiələr yayılmağa başlayıb. Redaksiyamıza daxil olan məlumata görə, "SMS gündəliyi"inin tətbiq ediləcəyilə bağlı yayılan rəsmi xəbər gündəlik istehsal edən mətbəə və nəşriyyatların ciddi narahatlığına səbəb olub. Bu səbəbdən də onlar camaat arasında müəyyən şayiələr, söz-söhbətlər yaymağa başlayıb. Qəzetimizə verilən məlumata görə, bəzi nəşriyyat və mətbəələrin nümayəndələri orada-burada söz-söhbət yayır ki, guya "SMS gündəliyi" adı altında valideynlərə müxtəlif təxribat xarakterli mesajlar, görüntülər göndəriləcək. Gündəlik nəşr edən mətbəə əməkdaşlarının iddiasına görə, mümkündür ki, şagirdlərin qiyməti əvəzinə valideynlərə pornoqrafik görüntülər, erotik şəkillər də göndərilsin. Onların sözündən belə çıxır ki, məktəblərin "SMS gündəliyi"nə keçməsi ailələrin dağılmasına, ər-arvad incikliyinə səbəb ola bilər. Tutalım, hansısa bir müəllimənin bir şagirdin atasından xoşu gəlirsə, o həmin kişiyə mesaj yazacaq, bu da onun ailəsində dramatik bir olay yaradacaq.
Bu gün "SMS gündəliyi" əleyhinə kampaniya aparanların bazarı bağlandığından, onların bu yola əl atdığı bildirilir. Bildiyimiz kimi, dərs gündəliklərinin bir ədədinin qiyməti ən aşağısı 1 manatdır. Hər tədris ilində də minlərlə gündəlik satılır. "SMS gündəliyi"nin aylıq qiyməti də mətbəələr tərəfindən qeyri-normal bir hal kimi təqdim edilir. Qəzetimizə verilən məlumata görə, bəzi mətbələr valideynləri hər ay məktəbə 5 manat verməkdən çəkindirməyə yönəlik kampaniyaya başlayacaq. Onlar hesab edirlər ki, valideyn hər ay beş manat verib "SMS gündəliyi"lə tanış olmaqdansa, əyani vəsait olan çap gündəliklərinin istifadəsinə önəm verməlidir. Yəni onlar məktəblər qarşısında məsələ qaldırıb, "SMS gündəliyi"ni istəmədiklərini deməlidir.
Məlumat üçün bildirək ki, dünyanın əksər inkişaf etmiş ölkələrində şagirdlərin gündəlik aldığı qiymətlər ya SMS vasitəsilə valideynlərin mobil telefonuna, ya da onların internet poçtuna göndərilir.
Psixoloqlara görə isə, aldığı qiymətlərin "SMS gündəliyi" və internet vasitəsilə valideynlərə göndərilməsi uşaqların çalışqanlığına, əxlaqına və normal inkişafına təkan verən amildir.