.jpg)
Bakının Sabunçu rayonunun Nardaran qəsəbəsində növbəti dəfə etiraz aksiyası keçirilib. Bu barədə Lent.az-a qəsəbə sakinlərindən biri məlumat verib. Fevralın 1-də keçirilən aksiyaya səbəb isə yerli əhaliyə Xəzər dənizinin Nardaran sahillərində balıq tutmağa icazə verilməməsi olub.
Belə ki, 100-dək aksiya iştirakçısı Nardaranda "dördyol" adlanan ərazidə təkər şinləri yandıraraq yolu bağlayıb. Bu zaman yolda xeyli sayda avtomobil yığılıb. Aksiya iştirakçıları onlardan balıq tutmaq üçün hər qayığa görə aylıq 200 manat tələb olunmasına qarşı çıxıb: "Biz nə qədər qazanırıq ki, ayda 200 manat da verək?!"
Əraziyə polis əməkdaşları da gəlib. Onlar aksiya iştirakçıları ilə məsələni danışıq yolu ilə yoluna qoyub. Yalnız bundan sonra balıqçılar dağılışıb.
"Həqiqətən də Nardaran qəsəbəsində bir qisim adam toplaşıb. Lakin bizim əməkdaşlarımız buna müdaxilə etməyib". Bu barədə isə Lent.az-a Sabunçu rayon Polis İdarəsinin 14-cü Polis Bölməsindən bildirilib.
Qeyd edək ki, balıqçılıq Nardaran əhalisinin əsas məşğuliyyətlərindən biri sayılır.