Siyavuş Novruzov Musa Musayevin ictimai-siyasi fəaliyyətinə qiymət verilməsini zəruri sayır
.jpg)
Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov hesab edir ki, ötən il dekabrın 23-də keçirilən bələdiyyə seçkilərinə müdaxilədə ittiham olunan, bu il yanvarın 25-də Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Musa Musayevin ictimai-siyasi fəaliyyətinə də qiymət verilməlidir.
M.Musayev YAP Siyasi Şurasının üzvüdür. Onu bələdiyyə seçkisinə müdaxilədə günahlandıran Mərkəzi Seçki Komissiyası 96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Naftalan bələdiyyəsinə seçkinin nəticəsini də ləğv edib. Hazırda məsələni Baş Prokurorluq araşdırır. "Media forum" saytının məlumatına görə, S.Novruzov bildirib ki, M.Musayev icra başçısı kimi işinin öhdəsindən gələ bilmədiyinə, vəzifə səlahiyyətlərini aşdığına görə vəzifəsindən çıxarılıb: "Prezident İlham Əliyev onu bu səbəbdən icra başçısı vəzifəsindən azad edib. Musa Musayevin ictimai-siyasi fəaliyyətinə isə YAP qiymət verməlidir. Lakin hələlik onun ictimai-siyasi fəaliyyəti müzakirəyə çıxarılmayıb. Musa Musayevin ictimai-siyasi fəaliyyəti müzakirəyə çıxarılanda partiya buna müvafiq bütün məsələlərə baxacaq".