.jpg)
ATƏT-in Bakı Ofisinin rəhbəri, səfir Bilge Cankorel yanvarın 28-29-da Naxçıvan Muxtar Respublikasında işgüzar səfərdə olub.
ATƏT-in Bakı Ofisindən APA-ya verilən məlumata görə, səfər zamanı keçirilən bir sıra rəsmi görüşlər nəticəsində əldə olunmuş ilkin razılaşmaya əsasən, ATƏT-in Bakı Ofisi 2010-cu il ərzində Naxçıvanda "Cəmiyyət dəstəkli polis", "İctimai toplantıların idarə olunması", "Sərhədlərin idarə olunması" mövzularında seminarlar keçirəcək, məhkəmələrin monitorinqini aparacaq. Bundan başqa, ATƏT-in maliyyə dəstəyilə Resurs Mərkəzinin yaradılması, "Səhnələşdirilmiş məhkəmə" layihəsinin həyata keçirilməsi, hüquqşünas, vəkil, hakim və prokurorlar üçün təlimlərin keçirilməsi kimi layihələr gerçəkləşdiriləcək. ATƏT-in Bakı Ofisi Muxtar Respublikada parlament seçkiləri öncəsi seçkilərlə bağlı bəzi layihələrdə həyata keçirəcək. 2010-cu il ərzində yerli media orqanları üçün də təlimlərin keçirilməsi nəzərdə tutulub.
Qeyd edək ki, səfər zamanı səfir Cankorel Culfa rayonunun Bənəniyar kəndinə də baş çəkib. ATƏT-in Bakı Ofisinin rəhbəri kənd sakinlərilə görüşərək, 2009-cu il dekabrın 28-də Aşura mərasimi zamanı baş vermiş hadisə ilə bağlı onlarla söhbət edib. Səfir, həmçinin, hadisə ilə əlaqədar aparılmış istintaqla da maraqlanıb.