.jpg)
Parlament seçkilərinin yxınlaşması fonunda ölkənin siyasi həyatında müəyyən aktivliyin müşahidə olunduğu diqqətdən yayınmır. Lakin iqtidar və müxalifət düşərgəsində bu aktivlik fərqli çalarlara malikdir. Belə ki, parlament seçkiləri ərəfəsində müxalifət yenidən birlik məsələsini gündəmə gətirsə də, həmin birlik yaradılmazdan əvvəl bu düşərgədə daha çox qarşılıqlı ittihamlar səslənməkdədir.
Bu gün müxalif düşərgəyə nəzər salmaq kifayətdir ki, xeyli sayda belə qarşılıqlı ittihamlar müşahidə etmək mümkün olsun. Məsələn, Müsavat və Ümid, Müsavat əv ALP arasında yaranan mövcud münasibətlər fonunda bu partiyaların birlik yaratması indidən mümkünsüz görünür. Eləcə də DUİ, sol düşərgədə yer alan müxalif siyasi partiyaların mövqeyi iqtidar opponetlərinin bu dəfə də hər hansı ciddi birlik yarada bilməsini sual altına alır.
Demokratik İslahatlar Partiyasının (ADİP) sədri Asim Mollazadə də mediaya açıqlamasında təsdiq edir ki, müxalifətin birlik yaratması istiqamətində görülən işlər istənilən nəticəni verməyib: "İndiyə qədər Azərbaycanda yaranmış birliklər sonradan qalmaqallarla bitib. Məhz bu səbəbdən də fərqli ideoloji müstəvidə, fərqli platformada olan partiyaların ancaq birlik naminə birliklərinin yaradılmasının əleyhinəyik. Çox təəssüflə qeyd etməliyəm ki, hərdən bizim siyasi arenada olan insanların bir-birilə münaqişələri Azərbaycanda siyasət və siyasətçilərin nüfuzunu aşağı salır. Bu mənada, məncə, sonradan qalmaqallar, münaqişələr yaratmaqdansa, bu cür birliklərin olmaması daha məqsədəuyğundur".
Politoloq Zəfər Quliyev isə bildirib ki, Azərbaycan müxalifəti hər dəfə seçki ərəfəsində eyni səhvləri təkrarlayır. "Milli.Az" portalına açıqlamasında o qeyd edib ki, əvvəlki parlament seçkilərindəki təcrübə göstərib ki, müxalifət fəallaşmağa, müxtəlif birlik formalarının axtarışına başlayacaq: "Son illərdə müxalifət, demək olar ki, siyasi həyatda görünmürdü. Müxalifətin də iştirakına baxmayaraq, son bələdiyyə seçkiləri çöx sönük keçdi. Parlament seçkisi ərəfəsində isə nisbi fəallıq gözləniləndir. Amma müxalifətin ciddi nəticələr əldə etmək üçün potensialı yoxdur" .
Politoloq qeyd edib ki, müxalifət ildən-ilə eyni səhvləri təkrarlayır: "Müxalifət partiyaları hər dəfə seçki ərəfəsində öz enerjisini bütünlükdə hansısa birlik formalarının axtarışına, namizədlərin vahid siyahısına xərcləyir. Amma ayrı-ayrılıqda zəif olan partiyaların birlikdə hansısa güclü model yaratması mümkün deyil. Əksinə, bu halda onların zəifliyi daha da qabarıq görünəcək".
Z. Quliyev hesab edir ki, ayrılıqda heç bir müxalifət partiyasının bütün ölkəni əhatə edə biləcək resursları yoxdur. Bəlkə bu baxımdan onların əməkdaşlıq formalarına can atması anlaşılandır: "Amma təcrübə onu göstərir ki, bu il də müxalifət, hansı modelə üstünlük verməsindən asılı olmayaraq, ciddi uğur qazana bilməyəcək. Hətta deyərdim ki, əvvəlki illərə nisbətən daha zəif nəticə göstərəcək".
Yeni Azərbaycan Partiyası İcra katibinin müavini Siyavuş Novruzov isə hakim partiyanın saytında yerləşdirilən müsahibəsində müxalif düşərgədə baş verənləri, həmçinin müxaliflərin seçki prosesinə hazırlığını belə şərh edib: "İlk növbədə qeyd edilməlidir ki, həmin siyasi təşkilatlar seçki prosesinə hazırlıq dedikdə yalnız danışmağı nəzərdə tuturlar.
Onlar əməli fəaliyyətlərilə yadda qalmırlar. Qəzetlərə müsahibə vermək və ya hansısa müzakirə açmaq seçkiyə hazırlıq prosesi deyil. İkinci bir tərəfdən, onlar bununla öz gücsüzlüklərini pərdələmək istəyirlər. Çünki seçki olduqca ağır bir prosesdir və bunu həyata keçirmək üçün geniş fəaliyyət, potensial, seçki texnologiyası, konsepsiya lazımdır. Amma həmin partiyaların parlament seçkilərilə bağlı bu cür intensiv və dinamik fəaliyyət aparmağa nə gücü, nə də potensialı var. Seçkiyə hazırlıq konsepsiya şəklində, yuxarıda izah etdiyim şəkildə aparılmalıdır. Bu proses qrafikə uyğun şəkildə ardıcıl həyata keçirilməlidir. Yeni Azərbaycan Partiyasının uğurlarının arxasında həm də bu nizam-intizam dayanır"
YAP rəsmisi hakim partiyanın artıq seçkiyə hazırlıq prosesinə start verdyini də vurğulayıb.