.jpg)
"Biz qazımızı müxtəlif istiqamətlərdə ixrac etməkdəyik. Bu bizim üçün çox vacibdir, çünki biz qazın nəqli sahəsində maksimal şaxələndirməyə nail olmuşuq". Bu sözləri Azərbaycan prezidenti İlham Əliyev "Blombeerg" agentliyinə müsahibəsində deyib.
"Qazprom"la əməkdaşlığa gəlincə, Əliyev bildirib ki, "sazişdə ixracın yuxarı həddi nəzərdə tutulmayıb". "Biz belə razılığa gəldik ki, hansı həcmdə qaz təklif etsək, "Qazprom" bir o qədər də alacaq. "Qazprom"la münasibətlərimizə gəldikdə, burada üstünlük ondan ibarətdir ki, aramızda heç bir tranzit ölkə yoxdur. Biz sadəcə həmsərhədik, infrastrukturumuz da vardır" - deyə Azərbaycan prezidenti vurğulayıb.
"Mövcud boru kəmərləri şəbəkəsilə nə qədər qaz ixrac oluna bilər" sualına Əliyev belə cavab verib:Bu məsələdə ən mühüm amil hasilatın həcmidir. Bu gün biz bu həcmi elə bir səviyyədə saxlayırıq ki, ixrac etmək imkanımız olsun. Bizim yeni ixrac imkanlarımız və bazarlar olarsa, əlbəttə ki, hasilatın artırılmasına böyük sərmayələr qoyacağıq. Biz qazı satmaq imkanımız olmadan hasilatı artırmaq üçün on milyardlarla dollar sərmayə qoya bilmərik.
"Nabukko" layihəsinə gəlincə isə, Əliyev deyib ki, bu layihə "Cənub dəhlizi"nin əsas elementlərindən biridir. "Bu layihə qazımızı Qərb bazarlarına çıxarmaq imkanı verə bilər. Buraya "Nabukko", TGİ (Türkiyə-Yunanıstan-İtaliya) və TAP (Transadriatik boru kəməri) layihələri daxildir" - deyə Əliyev vurğulayıb.
Onun sözlərinə görə, tranzit məsələsini həll etdikdən, ədalətli qiymətə nail olduqdan sonra Azərbaycan və onun tərəfdaşları olan xarici şirkətlər yeni infrastrukturun qurulması üçün milyardlarla dollar sərmayə qoyacaq.