ARDNŞ Azərbaycan qazı üçün çıxış yolları axtarır
Sıxılmış qazla nə etməli?
Azərbaycan tərəfi təbii qazın sıxılmış halda Qara dəniz üzərindən Rumıniyaya nəqlinə dair rəsmi Buxarestin təkliflərini dəyərləndirir. "APA-Economics"in məlumatına görə, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev bildirib.
R.Abdullayevin sözlərinə görə, ötən il Azərbaycan və Rumıniya prezidentlərinin görüşündə Azərbaycan qazının sıxılmış halda tankerlər vasitəsi ilə Gürcüstandan Rumıniyaya nəqli, buradan Rumıniya və Avropa bazarlarına nəqli məsələsi müzakirə edilib.
"Bu gün Rumıniya heyəti konkret təkliflərlə gəlib. Biz hazırda bu təkliflərə baxmağa başlamışıq və işçi qrupu yaradılıb. Artıq bu layihənin texniki iqtisadi əsaslandırılmasını həyata keçirəcəyik" - deyə ARDNŞ prezidenti vurğulayıb.
R.Abdullayev anoloji razılaşmanın Bolqarıstanla da əldə olunduğunu qeyd edib. Hazırda həmin təkliflərə də baxılır: "Orada texniki iqtisadi əsaslandırmaya baxırıq. Əgər hansı layihənin effektliliyi olarsa, baxılacaq".
ARDNŞ prezidenti vurğulayıb ki, hazırda iki variant nəzərdən keçirilir. Bunlardan biri Gürcüstan sahillərində - quruda zavodun inşası (burada qaz sıxılmış halda gəmiyə yüklənir), ikincisi isə qazın bilavasitə gəmidə sıxılmasını nəzərdə tutur.
ARDNŞ prezidenti onu da əlavə edib ki, Bolqarıstan-Türkiyə qaz kəmərilə əks istiqamətdə qaz nəqlinin Azərbaycana mənfi təsiri olmayacaq. R.Abdullayevin sözlərinə görə, Bolqarıstan Azərbaycandan 1 mlrd. kubmetr qaz almaq istəyir və hazırda Azərbaycan tərəfi qazın nəqli üçün imkanları araşdırır.