.jpg)
Milli Məclisə keçiriləcək seçkilərin müddəti yaxınlaşdıqca, seçkidə iştirak etmək istəyənlərin sayı da çoxalır. Amma qarşıdan gələn seçkilərdə bəziləri blok şəklində, digərləri isə fərdi qaydada iştirak etmək niyyətindədir.
Ötən parlament seçkilərində də belə olmuşdu. 2005-ci ildə bəzi partiyalar bloklaşaraq seçkilərə qatılmışdısa, digər düşərgədə tanınmış siyasətçilər və ziyalılar fərdi şəkildə birləşərək seçkidə iştirik etmişdi. Konkret olaraq "Azadlıq" blokuna alternativ kimi müxalifət düşərgəsində qısaca "YeS" adı ilə tanınan "Yeni Siyasət" bloku çıxış edirdi. Əldə etdiyimiz məlumatlara görə, bu dəfə də belə olacağı istisna edilmir. Tanınmış fərdlərin blok şəklində seçkilərə qatılacağı gözləni. Bu barədə sualları isə onların özlərinə ünvanladıq.
Azərbaycan Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev bildirdi ki, hər hansı blokun tərkibində seçkilərdə iştirak edib-etməmək siyasi şəraitdən asılıdır: "Seçki keçirilməsi son nəticədir. Seçkiyə qədər bir çox mərhələlərdən keçilir. Namizədliyin qeydə alınması, seçicilərlə sərbəst görüş keçirilməsi, bərabər rəqabətin, televiziyalarda bərabər çıxış imkanının yaradılması və sairə. Yenə hər şey yalanlar üzərində qurulacaqsa, deyiləcəksə ki, bələdiyyələrə və icra hakimiyyətinə tapşırmışıq müdaxilə etməsin, hamıya bərabər imkan yaradılsın, sonda da bunların hamısının boş vəd olduğu ortaya çıxacaqsa, bu başqa məsələ. Hakimiyyət bilməlidir ki, Milli Məclis xalqın istədiyi adamlardan təşəkkül tapsa, dövlətə yalnız xeyir gətirə bilər. Əks təqdirdə, dirijor çubuğu ilə "oxuyan" parlament formalaşacaq".
ASDP sədri Araz Əlizadə, ötən parlament seçkilərindən fərqli olaraq, bu dəfə "YeS"sayağı bloka qatılmaq fikrində deyil: "Çünki Azərbaycan siyasətində bloklaşma, birlik mədəniyyəti yoxdur. "Yeni Siyasət" Blokunun Koordinasiya Şurasının üzvləri olaraq, bir-birimizlə indi də çox mehriban görüşürük. Amma bu blok deyildi, hərə yorğanı öz üzərinə çəkirdi. Biz bir komanda kimi işləmirdik. Ona görə də seçkilərə partiya olaraq gedəcəyik. Onu da deyim ki, majoritar sistemdə partiyaların və blokların seçkidə iştirakı çox çətindir. Fərdi qaydada gedəndə, gəlib ərizəni yazıb, imza vərəqəsini götürüb başlayırsan imza toplamağa. Amma blok şəklində iştirak edəndə, bir partiya digər partiyanın öz rəhbər orqanının iclasını keçirib sənədini təqdim etməsini gözləməli idi. İNdi isə mənim üçün daha asan olacaq".
A.Əlizadə bildirdi ki, partiyalar və bloklar haqqında qanuna görə, ayrılıqda partiya kimi seçkilərdə deputat mandatı qazana bilsələr, o halda ASDP MSK-da təmsil olunmaq hüququ əldə edəcək. Bu isə daha sərfəlidir.