.jpg)
MM-in komitə sədri diffamasiya ilə bağlı qanunun bu il qəbulunu mümkün hesab etmir.
"Biz 2010-cu ildə "Diffamasiya Haqqında" Qanun layihəsilə bağlı müzakirələrə başlasaq da, parlamentdə qəbul olunacağını güman etmirəm". Bu barədə çərşənbə axşamı Trend News-a Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirib.
Azərbaycan Mətbuat Şurası 2010-cu ili "Diffamasiya ili" elan edib.
"Diffamasiya haqqında" qanun layihəsi 2005-ci ildə ATƏT-in Bakı ofisinin dəstəyilə hazırlanıb. Onu hazırlayan işçi qrupa millət vəkilləri Qənirə Paşayeva, Azay Quliyev, jurnalist təşkilatlarının nümayəndələri, hüquqşünaslar daxildir.
Beynəlxalq təşkilatlar hesab edir ki, təhqirə və böhtana görə cinayət məsuliyyəti nəzərdə tutulan 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri Cinayət Məcəlləsindən çıxarılmalıdır. "Diffamasiya haqqında" qanun layihəsinin qəbulu ilə bağlı 2009-cu ilin mayında 6 jurnalist təşkilatı - Azərbaycan Jurnalistlər Birliyi, Nəcəf Nəcəfov Fondu, Jurnalistika və İnkişaf Mərkəzi, "Yeni Nəsil" Jurnalistlər Birliyi, Azərbaycan Media Mərkəzi və Demokratik Jurnalistlər Liqası parlamentə müraciət etmişdi. Sonradan həmin müraciətə 400-ə yaxın KİV nümayəndəsi, jurnalist təşkilatlarının üzvləri də qoşulub. Qanun layihəsi ATƏT-in ekspertizasından keçib Cəfərovun sözlərinə görə, Milli Məclis Aparatına təqdim olunan qanun layihələri müzakirə üçün, hələ ki, komitəyə göndərilməyib. "Biz bundan sonra qanunvericilik proseduruna uyğun olaraq layihələri müzakirə etməliyik. Mənə elə gəlir ki, diffamasiya ilə bağlı müzakirələrə başlamaq olar", - millət vəkili əlavə edib. Onun fikrincə, layihələrin komitədə müzakirəsi başa çatdırılsa belə, parlamentdə qəbulu real deyil. "Çünki bu elə bir qanundur ki, geniş müzakirəyə ehtiyac var. Bəzən mətbuatla bağlı tələsik qəbul olunan qanunlar sonradan özünü doğrultmur. Bunu nəzərə alaraq, bütün məsələləri hərtərəfli müzakirə edib konkret qərara gəlmək lazımdır", - Cəfərov vurğulayıb. Komitə sədri deyib ki, diffamasiya haqqında qanunun qəbulu cəmiyyətin, xüsusən mətbuatın onun icrasına nə dərəcədə hazır olmasından da çox asılıdır.