.jpg)
Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət APA-ya müsahibəsində "Müsavat Partiyasının başqanı İsa Qəmbərin müxalifətdə olan bəzi partiyaların İrana, Rusiyaya və hakimiyyətə işləməsi barədə ittihamlarını necə dəyərləndirirsiniz" sualına cavab olaraq deyib:
"Bu söhbətlər qeyri-ciddidir. Bu məsələ ilə əlaqədar hər hansı şəxsdə sübut və sənəd varsa, onu dərhal Milli Təhlükəsizlik Nazirliyinə təqdim etmək onun borcudur. Əks təqdirdə, bunun özü ağır dövləti cinayətdir.
Bu gün Müsavat rəhbərliyi tərəfindən bolşevik təfəkkürlü üslubdan istifadə etmək məhz Müsavatın tarixinə xəyanətdir. Mən burada xüsusilə qeyd etmək istəyirəm ki, Müsavat sıralarında çoxlu sayda alicənab, fədakar insan var.
Bu insanlar məhz bu tarixi ada görə bu partiyaya üzv olublar. Mənim onlara çox böyük hörmətim var və onların çoxu bu işlərdən narazıdır.
Yanvarın 7-də mən müxalifətin birliyi haqqında təkliflə çıxış etdim. Təklifimin məğzi ondan ibarət idi ki, müxalifət indiki çətin vaxtda geniş koalisiya yaratsın və parlament seçkilərində alternativsiz namizədlər siyahısı ilə çıxış etsin" deyən Lalə Şövkət davam edir: "Amma çox təəssüf ki, Müsavat Partiyasının sədri bunun müqabilində öz çıxışı ilə ayrıseçkilik və qarışıqlıq salaraq, bu birliyə böyük zərbə vurdu".