Banklarda jurnalistlərə qarşı kredit ayrıseçkiliyi ciddi narahatlıq doğurmağa başlayıb
.jpg)
Son illər məişət texnikalarının kredit vasitəsilə alqı-satqısı prosesi sürətlənsə də, əhalinin heç də bütün təbəqəsi bu imkandan yararlana bilmir. Hər gün ayrı-ayrı şirkətlərin müxtəlif səpgili reklamlarına rast gəlirik.
Reklamlarda hansısa malların sərfəli kredit şərtlərilə satışı önə çəkilir. Amma müşahidələr göstərir ki, bir çox şirkətlər reklamdan, əsasən həqiqətə uyğun olmayan "informasiyalar"ını ictimaiyyətə çatdırmaq, insanları aldatmaq məqsədilə istifadə edir. Yəqin ki, telekanallarda və şəhərin müxtəlif yerlərində reklam lövhələrində "yalnız şəxsiyyət vəsiqəsi" əsasında kreditlə öz məhsullarını vətəndaşlara satan şirkətlərin adlarına hər kəs rast gəlib. Məsələn, "Maqnium" şirkəti. Bu şirkətin reklamlarında bildirilir ki, "yalnız şəxsiyyət vəsiqəsi gətir, istədiyin malı kreditlə al".
Amma şirkətə müraciət edəndə "əmma"lar çıxır. Şəxsiyyət vəsiqəsilə yanaşı, iş yerindən arayış da tələb olunur.
Bununla bağlı redaksiyamıza zəng edən oxucularımız bildirir ki, şəhərdə belə şirkətlər çoxdur.
"Bunlar reklamlarında bir, ofislərində başqa söz deyirlər" deyən oxucularımız qeyd edirlər ki, dəfələrlə şirkətlər tərəfindən aldadılıblar. "Maqnium" şirkətindən isə bildirirlər ki, onların əməllərilə reklamları eynidir. Şirkətin adını açıqlamayan nümayəndəsi bizimlə söhbətində bildirdi ki, onlar heç də bütün malları kreditlər vermirlər: "Bizdə bir çox elektrik və məişət avadanlıqları satılır. Elə mallar var ki, onları şəxsiyyət vəsiqəsi əsasında alıcılarımıza kreditlə veririk. Elə mallar da var ki, onu kreditlə almaq üçün həm də iş yerindən arayış lazımdır". Digər mühüm problem isə bankların KİV nümayəndələrinə kredit verməməsilə bağlıdır. Jurnalistlərin kredit almasında həqiqətən də ciddi problemlər var. Əksər banklar, kreditlə mal satan firmalar qəzet və telekanallarda işləyənlərlə hər hansı formada əməkdaşlıq etmir. Səbəb kimi iş yerinin, qeyri-stabil maaşların az olması göstərilir. İldən-ilə kredit şərtləri sadələşməkdənsə, daha da mürəkkəbləşdirilir. Banklara müraciət edən KİV nümayəndələrinə "biz jurnalistlərə kredit vermirik" cavabını verirlər. Belə banklardan biri də ASSESS bankdır.
Bu bank KİV nümayəndələrinə ümumiyyətlə kredit vermir. Bank pul kreditini müəllim və həkimlərə, istehlak kreditini isə qeyri-KİV nümayəndələrinə verir.
ASSESS bankın Yasamal rayon filialının işçisi Fidan xanım bizimlə söhbətində bildirdi ki, onlar KİV nümayəndələrinə istehlak krediti vermirlər. Səbəbini isə belə izah etdi:
"Mətbuat işçilərilə problemlərimiz yaşanıb. Ona görə də onlara kredit vermirik". "Bir-iki nəfər qeyri-ciddi vətəndaşa görə yüzlərlə KİV işçisinin kreditdən məhrum edilməsi nə dərəcədə ədalətlidir" sualına gəlincə, Fidan xanım bildirdi ki, mətbuat işçilərilə aralarında yaşanan problemlə əlaqədar bankın İdarə Heyəti məsələni müzakirə edib və "KİV işçilərinə kredit verilməsin" qərarı qəbul olunub.
Jurnalistlərdən birinin dediyinə görə isə, bank onun qarşısına daha bir şərt qoyub. Belə ki, kreditə kompüter götürmək istəyərkən "bankın əməkdaşı ondan redaksiya heyətinin sayını soruşub, 20-25 nəfər" cavabını eşidəndə isə "biz yalnız 50 və daha çox işçisi olan təşkilata kredit veririk" deyib. Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun rəhbəri Emin Hüseynov da bildirdi ki, həqiqətən jurnalistlərin kredit almasında ciddi problem var: "Adi telefon alanda beş mağazadan dördü jurnalistlərə kreditlə telefon satmaqdan imtina edir. Onlar müxbirliyi daimi peşə saymırlar. Jurnalistlərin orta aylıq əməkhaqqı 300-400 manat arasındadır. Əlavə gəlir mənbəyi də yoxdur. İpoteka krediti almaq üçün maaş bir neçə min manat təşkil etməlidir".
Emin Hüseynova görə, qonşu Qazaxıstanda müəllimlər də, jurnalistlər də çox asanlıqla kredit götürə bilir.
Qeyd edək ki, bir müddət öncə Azərbaycanda "KİV Nümayəndələrinin Kredit İttifaqı" yaradılıb. İttifaq may ayında dövlət qeydiyyatından keçib və oktyabrın 12-dən Mərkəzi Bankdan bank əməliyyatlarının aparılması üçün xüsusi razılıq (lisenziya) alıb. Əsasən mətbuat işçilərindən ibarət İttifaq öz üzvlərinin qarşılıqlı kreditləşməsini həyata keçirir. Açığı, bu təşkilatın kimə məxsus olduğunu və hazırda konkret nə işlə məşğul olduğunu bilmirik. Belə bir İttifaq yaradılsa da, jurnalistlər yenə də kredit almaqda ciddi çətinlik çəkir. Bu halda belə bir təşkilatın medianın adından danışması nə dərəcədə düzgündür?