Sabir Rüstəmxanlıya ölüm hökmü vermiş nardaranlı həbsxanadan çıxdı
Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlını ölümlə hədələməkdə təqsirli bilinərək bir il müddətinə həbs cəzasına məhkum edilən Nardaran qəsəbə sakini Hacı Hikmət Vəliyev azadlığa buraxılıb.
Bu barədə APA-ya Nardaran sakinləri məlumat verib. Hacı hikmət Vəliyev dünən həbs müddətini başa vuraraq cəzaçəkmə müəssisəsindən evə buraxılıb.
Qeyd edək ki, onunla birgə həbs olunan Hacı Əli Hüseynov yanvar ayında həbsdən azad edilib.
Xatırladaq ki, 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Hacı Əli Hüseynov və Hacı Hikmət Vəliyev VHP sədri, Milli Məclisin üzvü Sabir Rüstəmxanlının öldürülməsilə bağlı fətva verildiyini bildirib. Mitinqdə səslənmiş hədələrlə bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 134-cü (öldürməklə və ya sağlamlığa ağır zərər vurmaqla hədələmə) maddəsilə başlanan cinayət işi üzrə məhkəmənin qərarı ilə hər iki şəxs 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.