.jpg)
Ukrayna Təhlükəsizlik Xidməti (SBU) Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) 5 zabitini ifşa edib. APA-nın "UNİAN"a istinadən verdiyi məlumata görə, bu faktı Ukrayna Təhlükəsizlik Xidmətinin sədri Valentin Nalivayçenko Kiyevdə keçirdiyi mətbuat konfransında açıqlayıb.
O bildirib ki, FSB əməkdaşlarından biri Ukrayna vətəndaşından dövlət sirri xarakteri daşıyan məlumatları alaraq ona 2 min dollar verərkən cinayət başında yaxalanıb: "FSB zabitləri ilə ukraynalı agentin görüşü dövlət sərhədindən 14 km aralıda olub. Moldovanın Dnestryanı regionundakı Rusiya qoşunlarının operativ qrupunda xidmət edən daha 3 FSB zabiti ikinci avtomobildə pərdələmə, maskalama funksiyası yerinə yetirib. Casus aksiyasına "örtük" olan və kəşfiyyatçının təhlükəsizliyini təmin edən bu şəxslərin fəaliyyətini onların rəhbəri, FSB-nin Rusiya qoşunlarının Dnestryanı regiondakı operativ qrupunun hərbi əks-kəşfiyyat bölməsinin podpolkovnik rütbəli rəisi uzaqdan izləyib. O, tabeliyindəki əməkdaşları hadisə yerində qoyaraq qaçıb. Yaxalananların üzərinə baxış keçirilərkən casus fəaliyyətində istifadə olunan avadanlıqlar - rəqəmsal diktofonlar, qələm şəklində videokamera, rəqəmsal məlumatların saxlanıldığı brelok formasında konteyner, agent üçün təlimatlar, noutbuk aşkarlanıb".
V.Nalivayçenko bildirib ki, aksiyanı FSB zabitlərinin həyata keçirdiyini sübut edən faktlardan biri onların mobil telefonunda FSB-nin agentura fəaliyyətini tənzimləyən gizli təlimatın tapılmasıdır. Ən yüksək rütbəli zabitin Moskvadan gəldiyi müəyyənləşib. Bütün saxlananlar Dnestryanı ərazidən Ukrayna ərazisinə keçib. Məlum olub ki, onlar bir neçə ay əvvəl Dnestryanı ərazidə Ukrayna vətəndaşını oğurlayaraq onu hərbi bazaya aparıblar, orada hədə-qorxu gələrək əməkdaşlığa cəlb ediblər. Yüksək rütbəli zabit haqqında Kiyevin Şevçenko rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Digərləri isə dindirildikdən sonra Ukraynadan qovulub və bu şəxslərin 5 il müddətində Ukraynaya gəlişinə qadağa qoyulub.